Görkəmli şəxsiyyətlər

Xavər Zahirdən Odri Hepbörn haqqında maraqlı araşdırma

Odri Hepbörnün bioqrafiyasına nəzər salsaq, ən uyğun xarakteristika bu olar: “O, yeməyi sevmirdi”. İş onda idi ki, Odrinin anası çox kök olub. Bir dəfə qızına demişdi: “Əzizim, unutma: əsl ledinin çəkisi 46 kiloqramdan çox olmamalıdır. And iç ki, heç vaxt mənim kimi kök olmayacaqsan! Görürsən, bu nə qədər problemlərə yol açır”. Ancaq Odri bu səbəbdən özünü hər zaman tənha hiss edir və sıxıntıdan qurtulmaq üçün tez-tez şokolad yeyirdi. Anası ona təlqin edirdi ki, əgər çox yesə, heç kim onu sevməyəcək.

 

Valideynlərinin boşanmasından sonra Odri Hepbörn anası ilə Niderlandda yaşayırdı. Müharibə başlayanda Odrinin cəmi 11 yaşı vardı. Evlərində, demək olar ki, yemək tapılmırdı. Daimi aclıqdan əziyyət çəkən Odri özünü məcburən yeməyə nifrət etməyə alışdırmışdı, gəzinti adıyla evdən çıxıb, yemək payını faşistlər tərəfindən vurulan təyyarələrin pilotlarına aparırdı.

 

Belə “gəzintilərinin” birində Odri, az qala almanlar tərəfindən tutulacaqdı. O vaxt alman əsgərlər yollardan qadın və qızları qaçırıb Almaniyaya ağır iş düşərgələrinə göndərirdilər. Qız siçovullarla dolu zirzəmidə gizlənməyə imkan tapır. Burada bir küncdə məşhur holland zanbaqlarının soğanaqları ilə dolu kisə olduğunu görür: məlum olur ki, hətta çiy formada olsalar belə, yeməyə yarayır. Bu “sığınacağını” Odri düz bir aydan sonra -  Amerika əsgərləri şəhərə daxil olarkən tərk edə bilir. Lakin çox keçmir, xəstələnir - əvvəlcə sarılıq, sonra isə astmadan əziyyət çəkir. Bu hadisələrdən sonra Odrinin həzm sistemi bir daha qaydasına düşmür.

 

Müharibə bitəndən sonra, aydın olur ki, əvvəlki kimi yaşamaq mümkün olmayacaq. Atası həbsxanaya salınıb, evlərdə qulluqçu işləyən anası isə tamamilə yoxsullaşıb. Beləliklə, Odri özü işləməyə başlayır.

 

İlk olaraq Odri Hepbörn baletə həvəs göstərir. Bütün gücü ilə balətlə məşğul olsa da, artıq yorulub-tükəndiyini görən Odri bu işdən əl çəkir. Sonralar reklamlarda çəkilməyə başlayır. Qədd-qamətli duruşu, gözəl üzü ilə fotomodel kimi pul qazanır, klublarda rəqs edirdi. Belə rəqs gecələrinin birində fransız yazıçı Kallet onu kəşf edir və “Jiji” adlı Brodvey müziklında baş rolu təklif edir.

 

Gənc və cazibədar aktrisanın həyatında dönüş nöqtəsi olan, ona məşhurluq gətirən ilk filmi “Roma tətilləri” olub. Həm film, həm də müzikl ağlasığmaz dərəcədə böyük uğur qazanır. “Oskar” mükafatı alandan sonra Odri Hepbörnü “Hollivud şəhzadəsi” adlandırırlar.

 

Heyranlarının qəlbində həmişəlik yeri olan Odrinin “Əbədi” (“Always”) filmində oynadığı mələk rolu son kino işi kimi simvolik məna daşıyırdı.

 

Sonuncu filmindən sonra aktrisa Odri Hepbörn UNICEF-in səfiri seçilir. Fransız, ingilis, ispan, italyan və holland dillərində danışmağı bacardığı üçün işi xeyli yüngülləşir. Xeyriyyəçilik məqsədilə bir çox ölkələrə səfər edir. 

 

1992-ci ildə ABŞ prezidenti Corc Buş onu UNICEF çərçivəsində gördüyü işlərin müqabilində minnətdarlıq əlaməti olaraq Azadlıq medalı ilə təltif etmişdi. Amerika Kino Sənəti Akademiyası isə Odri Hepbörnə insanlığa xidməti naminə Jan Herşolt adına Humanitar mükafat vermişdi. Bu mükafat ölümündən sonra verildiyi üçün aktrisanın oğluna təqdim edilmişdi.

 

Somaliyə növbəti səfəri zamanı qəflətən halı pisləşən Odrinin qarnında şiddətli ağrılar başlasa da, bu haqda heç kimə bildirmir. Nəcib ürəkli aktrisa qorxurdu ki, birdən bu hadisəyə görə görüş təxirə salınar və ölkədə ehtiyacı olan insanlara kömək edə bilməz. Afrikadan qayıdandan sonra həkimə müraciət edir, məlum olur ki,  sağalmaz xərçəng xəstəsidir. 

 

“Cənnətdə gülüş”, “Hərb və sülh”, “Tiffanidə səhər yeməyi”, “Mənim gözəl ledim” kimi filmlərdəki əvəzsiz rolları ilə adını dünya kinosu tarixinə qızıl hərflərlə yazdıran ən cazibədar aktrisalardan biri Odri Hepbörn 63 yaşında Toloşenaz adlı İsveçrə şəhərciyində vəfat edib.