Təbiət

Şalğam

Şalğam tərəvəzdir, alaqotu yabanı bitkidir. Xalq arasında deyirlər ki, kələmin torpağın üstündə qalan hissəsini, şalğamın isə torpağın altında qalan köklərini yeyin. Bəs bu bitkilər arasında nə əlaqə var?


Onların ailə gerbi xaçşəkilli 4 ləçəyi olan çiçəkdir. Xaççiçəklilər adlanan bu fəsillə yaxından tanış olduqda görürsən ki, xarici görünüşcə fərqlənən bitkilər arasında oxşar cəhətlər də var. Şalğam soyuqdan qorxmur, istiyə qarşı isə davamsızdır. Buna görə də o, cənubda pis yetişir. Kələm və turpda da bu cəhətlər var. Axı onlar eyni fəsilədəndir. 


Xırda ziyanverici həşərat olan torpaq gənələri turp, kələm və şalğama hücum edir. Onlar eyni fəsildən olduqları üçün gənələr hamısının düşmənidir. Xəstəliyə tutulmuş kələmin çürümüş kökləri torpaqda yoluxucuların qalmasına səbəb olur. Nə xiyar, nə soğan, nə paxla, nə də kahı üçün o, təhlükəli deyil. Ancaq həmin torpağa şalğam əksək, o dəqiqə yoluxacaq, çünki kələmlə o, eyni fəsildəndir.
Tərəvəz yetişdirmək istəyən hər bir kəsin onun ailə gerbi haqqında məlumatı olsa, pis olmazdı.


Bəs şalğam yetişdirmək nəyə görə lazımdır? Onun nə faydası var?


Şalğamın tərkibində liflər, C vitamini, fol turşusu, maqnezium, mis vardır. Eyni zamanda bədənə lazım olan B1, B2, B3, B6, E vitaminlərini, kalium və maqneziumu təmin edir. Şalğamın yaşıl yerində B6, E,C,A vitaminləri və fol turşusu zəngindir.


Şalğam yeyən zaman orta ölçülü və üstü hamar olanlara üstünlik verin. Böyük həcmli olanlardan çəkinin.


Şalğam kələmkimilər dəstəsinə aid olduğu üçün tərkibində guatrojenik maddəsi vardır. Şalğam sidikqovucu, daşları dəf edən, mədəni gücləndirən, gözün nurunu artıran, mikrob öldürən, qan təzyiqini aşağı salan, antibiotik xasiyyətə malikdir.


Eyni zamanda şalğam öskürəyə, dəri xəstəliklərinə, astmaya, boğaz ağrısına, sinə ağrılarına müsbət təsir göstərir. Şalğam dəri qaşınmaları və allergiya üçün də faydalıdır.
Şalğam tərkibində olan fosfora görə əsəb sisteminə, hafizə qüvvəsinə müsbət təsir qoyur. Şalğam bağırsaqları pak edər, antibiotiklərinə görə isə zökəm və soyuqdəymə üçün faydalıdır.
Şalğam suyu tərkibində olan dəmirə görə əsəbləri gücləndirər və öd narahatlıqlarına şəfa verər.


Kök nə qədər çox qaynasa tərkibində olan vitaminlər bir o qədər azalar. Çiy kök də uzun müddət qqaldıqda öz vitaminlərini itirir. Yaz fəslində insanlarda vitamin çatışmazlığı olduğu üçün onlar tez xəstələnirlər. Həm də, yazda olan kök və çuğundur payızda olanlardan fərqlənir. Şalğam isə yazda olduğu kimi qalır. Bişirildikdə də tərkibində olan davamlı C vitaminini itirmir.