Təbiət

Arı dəstəsi

Arılar bəzi cəhətləriylə olduqca mürəkkəb bir quruluşa malikdirlər. Heç bir başqa heyvan bu baxımdan onlarla müqayisə oluna bilməz. Arı yalnız koloniya üzvü olanda sağ qala bilər. Heç bir arı özbaşına uzun müddət yaşamaq imkanında deyil.

 

Arı koloniyası bir kraliçadan (ana arı), minlərlə işçi arıdan və müəyyən mövsümlərdə bir neçə yüz, hətta minlərlə erkək arıdan ibarət olur.

 

Arı koloniyasının müəyyən bir sığınacağı olmalıdır. Onların yuvası hər yerdə ola bilər: çürük tirin gövdəsindəki koğuşda, hər hansı bir qutuda, yaxud müasir pətəklərdə.

 

Ana arı yumurta qoyur, amma qalan şeylərə diqqət yetirməyə onun imkanı olmur. O, bir gündə 1500 yumurta qoyur ki, bu da mövsüm ərzində 250 000 yumurta edir. Nadir hallarda ana arı bütün ömrü ərzində milyon yumurta qoya bilir: adətən ana arıların çoxu cəmi bir-iki il yaşayır. O, mayalanmış yumurtalar qoyur ki, onlardan işçi arılar və dişi arılar əmələ gəlir; qoyduğu mayalanmamış yumurtalardan isə müftǝxor arılar çıxır.

 

Koloniyada bir neçə min işçi arı ola bilər, lakin bu koloniya böyüyəndə onun sayı 60 000-dək arta bilər! Görürsünüz ki, bəzən arı sürüsündə yaman tünlük olur. İşçi arıların sayı bu dərəcədə artanda koloniyanın bir neçə ailəyə bölünməsi zəruri olur. Hər işçi arı heç bir hazırlıq prosesi keçmədən konkret bir işi yerinə yetirir. O çox mürəkkəb vəzifələrin öhdəsindən gələ bilir və bunu elə edir, sanki neçə illər dərsini keçib. Əvvəlcə işçi arı yalnız hücrələri təmizləyir. Sonra sürfələri yedirtməklə məşğul olur - tezliklə bu sürfələrdən arı çıxacaq və onlar yuvanı tərk edəcəklər. Axırda işçi arı çöldə işləməyə başlayacaq və nektar, çiçək tozcuğu toplayacaq ki, sonradan ondan bal əmələ gəlsin.