Dastanlar

"Durna teli" qolu

Eyvaz Çənlibelə gələndən bəri telli Nigarın ürəyi yerinə gəlmişdi.


Koroğlunun damağı ondan da çağ idi. O, həm özünə oğul gətirmişdi, həm də arxa, kömək gətirmişdi. 


Bir gün dəlilər Çənlibeldə bölük-bölük olub məşq eləyirdilər. Eyvaz da yaraqlı-yasaqlı bir dəstə ilə atlanıb dava məşqinə çıxmışdı. Eyvaz Ərəbatın üstündə dəlilərin qabağınca gəlirdi. Koroğlunun onun başına taxdığı durna teli də papağında idi.


Nigar xanım dedi:
– Koroğlu, doğrudan da durna teli Eyvazı yaxşı tutur. Durna teli dəliləri belə tutanda gör bizi necə tutar. Göndər dəliləri getsinlər bizə də durna teli gətirsinlər.


Koroğlu hələ Nigar xanıma cavab verməmişdi ki, Eyvaz dəlilərlə gəlib yetişdi. Nigarın Koroğluya dediyi sözləri eşidib, dedi:
– Durna teli nədi ki, ondan ötəri anamın qəlbini sındırırsan? İzn ver gedib Bağdatdan ona durna teli gətirim.


Koroğlu dinməmiş Dəmirçioğlu yerindən dedi:
– Ay Koroğlu, Eyvaz tək getməsin, izn ver mən də onunla gedim.


Bəlli Əhməd dedi izn ver, mən də gedim.


Koroğlu Eyvaza izn verdi. Yol uzaq olduğundan tapşırdı ki, Qıratı minsin. Eyvaz Misri qılınc bağladı, qalxan taxdı. Dəmirçioğlu ilə Bəlli Əhməd də dava libası geyindilər, atlandılar, üçü də birlikdə yola düşdülər.


Dərə keçdilər, düz getdilər, dağ aşdılar, mənzil keçdilər axırda gəlib Bağdad elinə çatdılar. Atları bağlara otlamağa ötürüb özləri durna ovlamağa başladılar.

Durnaları qırdılar, tellərini bir yerə üst-üstə yığdılar, ətlərini də ocaq qalayıb kabab çəkdilər. Qərəz yedilər, içdilər, sonra da yıxılıb yatdılar.


Bunlar burada məst-bihuş yatmaqda olsunlar, sənə kimdən deyim, Bağdad paşası Aslan paşadan.  Bu tərəfdən Bağdad paşası Aslan paşaya xəbər verdilər ki, üç nəfər atlı gəlib atlarını bağa buraxıb, özləri də bütün durnaları qırıb çatıblar. Aslan paşa hökm elədi ki, bu saat özlərini də, atlarını da tutub mənim yanıma gətirin.


Qoşuna əmr olundu, bağın dörd tərəfini gəzdilər. Qırat düşmənin yaxınlaşdığını görüb bərk kişnədi. Dəmirçioğlu ilə Bəlli Əhməd Qıratın səsinə yuxudan ayıldılar.

 

Gördülər ki, bağda otun, ağacın sanı var, qoşunun sanı yoxdu. Dəmirçioğlu istədi ki, dava başlasın, Bəlli Əhməd razı olmadı ki, Eyvaz özündə deyil, biz dava başlasaq burdan uzaqlaşarıq, Eyvaz ələ keçər. Dəmirçioğlu gördü qoşun yaxınlaşır, amma Eyvaz yuxudan oyanmır ki, oyanmır. Axırda aldı, görək nə dedi:

Qoşun gəlib dört yanımızı aldılar,
Belə nə yatmısan, ayıl, Eyvaz xan!..
Hər tərəfdən mansıraya saldılar,
Axırda olarıq zayıl, Eyvaz xan!..

 

Sazın səsinə, Dəmirçioğlunun səsinə Eyvaz yuxudan ayıldı.


Yüyürdülər ki, özlərini atlara yetirsinlər. Baxdılar ki, atlar tutulub. Halı belə görəndə hər üçü qızmış nər kimi nərə çəkib özlərini vurdular sağa vurdular, sola vurdular, nə qədər qırdılarsa nə qoşunun dalı kəsilirdi, nə də ki, bir yol tapıb bir tərəfə çıxa bilmirdilər.


Axırda qoşun onları bir-birlərindən ayrı salıb, təklədi. Aralığa salıb üçünü də tutdular, qollarını bağlayıb, atları ilə birlikdə Aslan paşanın yanına gətirdilər. Aslan paşa hökm elədi ki, özlərini zindana salıb, atlarını da bazara çəkib satsınlar. Sonralar kimin hayfı varsa gəlsin, alsın.


Aslan paşanın adamları dəliləri zindana salıb atlarını da bazara apardılar. Bunlar burada qalsınlar, sənə Koroğlunun dostu bəzirgandan xəbər verim.


Koroğlunun bir bəzirgan dostu var idi. Adı Xoca Əziz idi. O, mallarını satmaq üçün Bağdada gəlmişdi. Bir də eşitdi ki, car çəkirlər ki, üç nəfər quldur tutublar asmağa  gətirirlər. Bazar adamı axışdı ora tacir də getdi onların dalınca. Birdə baxdı nə tutulanlar Koroğlunun dəliləridi. Qaldı fikir içindəki onlara necə kömək eləsin.
Birdə baxdı ki, dustaqlardan bir az aralı üç dənə at gətirilər. Baxan kimi Qıratı tanıdı.  


Atları Aslan paşaya göstərdilər. Paşa Dəmirçioğluyla Bəlli Əhmədin mindiyi atları bəyənmədi. Amma nə qədər elədilərsə, Qırat yerindən tərpənmədi ki, tərpənmədi. Mehtərbaşı axırda hirslənib ata bir taziyanə çəkdi. Qırat qulaqlarını sallad, quyruğunu qısdı. Bir taziyanə də çəkəndə axsaya-axsaya getməyə başladı. Aslan paşa gülüb dedi:
Yəqin, bunlardan ikisi ağadı, biri nökər. O iki atı qatın ilxıya. Bu yabını da verin bağın qoruqçusuna. Yenə hər nədi ayağını yerdən götürər. 


Aslan paşanın bu sözləri qoruqçuya yaman dəymişdi. O gətirdiyi xəbərə görə ənam gözləyirdi. İndi şilxor yabının birini vermişdilər yedəyinə.


Xoca Əziz bu işi belə görəndə ürəyində Qırata afərin dedi. Sevincək özünü yetirdi qoruqçunun yanına. Pul verib Qıratı aldı, gətirdi qaldığı evin həyətinə.


Şəyirdini göndərib bazardan bir batman qır, bir top da bez aldırdı. Elə ki, qır da, bez də hazır oldu bəzirgan qabaqca o ki, var bezi qırladı. Sonra bu qırla bezi Qırata möhkəm-möhkəm sarıyıb özü də mindi. Qır bəzirganı elə tutdu ki, kəndir-qayış kimi. Elə ki, bəzirgan arxayınlaşdı ki, tay atdan yıxılmayacaq, yüyənini buraxdı.


Qırat götürüldü, nə götürüldü. Elə bil ki, Çənlibeldə bala qoyub gəlmişdi. Vallah bir gedirdi, bir gedirdi ki, ildırım deyim sənə yalandı. Bəzirgan gözlərini açıb gördü Çənlibeldədi.


Dəlilər Qıratın səsini eşidib tökülüb gəldilər. Baxdılar vallah Qırat budur ilan vurmuş kimi elə gəlir ki, az qalır dırnaqları çatlaya. Amma ki, təkdi. Eyvaz da üstündə yoxdu. At bir az da yaxınlaşanda diqqət verib gördülər at sahibsizdi. Bunlar elə bu fikirdə Qırat gəlib düz Koroğlunun qabağında dayandı, baxıb gördülər ki, Qıratın üstündə bir adam var. Baxdılar ki, bəzirgandı. Koroğlu onu görcək tanıdı, soruşdu ki:
– Bəzirgan, Eyvaz hanı, yoldaşları harada qalıb ki, sən Qıratı götürüb gəlibsən?


Bəzirgan dedi: – Koroğlu! Eyvazı, Dəmirçioğlunu, Bəlli Əhmədi Aslan paşa tutub zindana salıb. Bu günlərdə dara çəkdirəcək. Durma, tez özünü onlara yetir.


Dəlilər tələsik yaraqlandılar, atlarını yəhərlədilər. Koroğlu Misri qılıncı belinə bağladı. Qalxan asdı, əmud götürdü, üstündən də bir saz keçirib Qırata mindi. Dəlilər də başında Bağdada tərəf yola düşdü. Hər yerdən keçib gəldilər Bağdadın kənarına yetişdilər. Şəhərə girməyə az qalmışdı ki, bir qoca biçinçiyə rast gəldilər. Koroğlu ondan öyrəndi ki, Eyvazla yoldaşlarını bu gün asacaqlar. Qoca biləndə ki qabağındakı Koroğludu, sevindi, dedi:
– Bala, şəhərə belə girmə. Aslan paşa xəbər tutar, siz yetişənə qədər dəliləri azdırar, qoy başındakı dəlilər dört bir dört bir olub adamlara qarışsınlar, şəhərə elə girsinlər.


Koroğlu dəliləri dörd bir-beş bir elədi. Dedi:
– Camaata qarışın, şəhərə girin. Amma ta ki, mən əllərimi bığıma çəkməmiş, davaya başlamayın.


Koroğlu bunu deyib özü tək başına çiynində də saz şəhərə girdi.


Bu burada qalsın, sənə kimdən deyim, Aslan paşadan.


Aslan paşa dar ağacı qurdurmuşdu. Dəliləri də dar ağacının yanına gətirtmişdi. Cəllad qabaqca Eyvazı dar ağacına gətirdi. Qollarını çırmalayıb ipi hazırlamağa başladı. Koroğlu gözləri qızmış özünü meydana saldı. Aslan paşa da meydanda idi. Koroğlunun çiynində saz görüb dedi:
– Əyə, aşıqsanmı?


Koroğlu dedi: – Aşığam.
Aslan paşa dedi:
– Onda Koroğlunun dəlilərini asdırmaqdan qabaq bir oxu, kefimiz açılsın.


Acığından qan Koroğlunun beyninə vurmuşdu, gözləri qıpqırmızı qızarmışdı. Dar ayağında dayanan Eyvaza baxıb aldı görək nə dedi:
Canım paşa, gözüm paşa,
Paşa qoy, gəlsin Eyvazı!
Budu sana sözüm paşa,
Paşa, qoy gəlsin Eyvazı!


Koroğlunun başında gələn dəlilər adamların arasında idi. Dava başlamaq üçün Koroğlunun işarəsin gözləyirdilər.


Koroğlu oxumağında olsun, paşa da qulaq asmağında, sənə kimdən xəbər verim, Giziroğlu Mustafa bəydən. Bağdad tərəfindən Giziroğlu Mustafa bəy adında bir igid var idi. Giziroğlunun başında da qırx atlısı var idi. Özü də Koroğlu ilə düşmən idi. Atalar deyiblər ki, iki qoçun kəlləsi bir qazanda qaynamaz. O igid, bu igid. Giziroğlu Mustafa bəy çoxdan idi ki, başının atlılarıyla bərabər o dağ sənin, bu dərə mənim Koroğlunu axtarırdı. Onunla dava eləmək istəyirdi. Birdən xəbər çıxdı ki, bəs Aslan paşa Koroğlunun üç dəlisini tutub özlərini də bu gün asdıracaq. Bu iş Giziroğluna xoş gəlmədi. Bir hay vurub dəstəsini başına yığıb dedi:
– Aslan paşa Koroğlunun üç dəlisini tutub, bu gün dara çəkdirəcək.


Mən Koroğluynan düşmənəm. Bu öz yerində, amma Aslan paşanın bu namərdliyinə yol verə bilmənəm. Gedək onları qurtaraq.


Giziroğlu bilmirdi ki, Koroğlu özü də Bağdada gəlib. Dəstəsini götürüb şəhərə gəldi, gəlib meydandan bir az aralı dayandılar. Baxdı ki, Koroğlu aşıq paltarında məclisdədi. Dayanıb baxmağa başladı. Bu,burada qalsın sənə kimdən deyim sədrəzəmdən. Aslan paşanın sədrəzəmi Koroğludan şübhələnmişdi. Ağzını Aslan paşanın qulağına yapışdırıb dedi:
– Paşam sağ olsun, bu adam ya Koroğludu, ya da ki... elə Koroğludu ki, var.


Aslan paşa heç ona baxmayıb dedi:
– Əşi, sən də... Koroğlu burada nə qayırır. Qoymazsan oxusun.


Giziroğlu Mustafa bəy baxdı ki, gün keçir, amma Koroğlu elə məclisdə gəzib oxuyur. Fikirləşdi ki, bəlkə Koroğlunun dəliləri hələ gəlib çıxmayıb, tək dava eləməkdən qorxur. Gün yubadır. Qoy burada olmağımı ona bildirim.


Giziroğlu Mustafa bəy şeşpərini əlinə aldı, nişan edib atdı. Şeşpər gəlib məclisin yanındakı məscidin gümbəzinə dəydi. Paşa dik ayağa qalxıb çığırdı ki:
– O nədi? Onu kim atdı?


Koroğlu bir dəlilərə baxıb dedi:
Hoydu, dəlilərim hoydu,
Yeriyin meydan üstünə!
Havadakı şahin kimi,
Tökülün al qan üstünə!

Koroğlu çəkər haşını,
Bəylər elər tamaşanı,
Mən özüm Aslan paşanı,
Hərəniz bir xan üstünə.

 

Koroğlu oxuya-oxuya əlini bığına çəkdi. Dəlilər hər tərəfdən əli qılınclı töküldülər. Dava başlandı. Ara qızışmışdı, hər dəli birinin üstünə yeridi. Koroğlu Aslan paşanın üstünə hücum elədi. Dəlilər də qoşunun üstünə töküldülər. Koroğlu Misri qılıncı çəkib Aslan paşanın boynunu vurub yerə saldı. 


Davanın şirin yerində Giziroğlu Mustafa bəy öz dəstəsi ilə gəlib çatdı.İki tərəfdən Aslan paşanın qoşununu araya aldılar. Qoşundan qırılan qırıldı, qaçan qaçdı, dağıldı.

 
Düşmən basılandan sonra Giziroğlu başında dəstəsi geri qayıtdı. Bu tərəfdən Koroğlu özünü paşanın xəzinəsinə yetirdi. Bir təpik vurdu, xəzinənin qapısı taybatay açıldı. Koroğlu bir də baxdı ki, biçinçi qoca əlində bir xurcun kəsdirib xəzinənin qapısını.


Koroğlu dedi:
– Qoca, gir xəzinədən xurcununu doldur apar.


Tay qocanın halını soruşma. Özünü xəzinənin içinə salıb xurcununu xırcım-xırcım doldurub düzəldi yola.


Elə ki, dava qurtardı, hamısı birlikdə kefləri saz, damaqları çağ atlanıb Çardaxlı Çənlibelə yola düşdülər. Koroğlu bilirdi ki, Giziroğlu Mustafa bəy elə belə çıxıb getməyəcək. Hökman onun yolunu kəsəcək, onunla vuruşacaq, özü də dəlilərin yanında. Çünki bilirdi ki, Giziroğlu mərd adamdı. O ancaq Koroğlunun özü ilə haqq-hesab kəsmək istəyir. Yoxsa əslində onunla düşmənçiliyi yoxdu. Odu ki, qəsdən dəlilərindən geriyə qalmışdı. Qıratı bir çay qırağı ilə yavaşyavaş sürürdü. O tərəfdən də Giziroğlu Mustafa bəy doğrudan da Koroğlunun yolunu kəsmişdi. Koroğlu gəlib onun yanına çatmağa az qalmışdı. Qırat kişnəyib götürüldü.


Giziroğlu Mustafa bəy Alapaçanı onun dalına saldı. Qırat Alapaçanın səsini eşitcək yerindəcə dayandı. Koroğlu dönüb Giziroğlunu yanında gördü. Koroğlu həmhuş eləyib əl açana qədər Giziroğlu onun başından bir əmud elə vurdu ki, Koroğlu atdan birbaş yaxındakı çaya yıxıldı. Giziroğlu sıçrayıb yenə də onun başının üstünü aldı. Koroğlu çaydan çıxdı. Giziroğluna əl verdi. Sonra atını minib dinməz-söyləməz yoluna davam elədi. Bir az gedib dəlilərə çatdı. Amma bu işi yolda dəlilərə açmadı. Atları sürüb gəldilər Çənlibelə çatdılar. Koroğlu Qıratdan, dəlilər də öz atlarından töküldülər. Dəlilər oturub kefə başladılar. Bunlar kefdə olsunlar, sənə kimdən deyim, Giziroğlundan. Giziroğlu elə ki, öz adamlarının yanına qayıtdı, hamısı dedilər ki, Koroğludan qorxub qaçıbsan. Giziroğlu nə qədər dedi ki, qorxmamışam, vuruşduq. Ancaq nə o məni basa bildi, nə də mən onu. Dəstə inanmadı. Axırda Giziroğlu hrslənib dedi:
– İnanmayırsınız gedək Çənlibeldə bir də vuruşaq. Özünüz görün.


Hamısı birlikdə Çənlibelə gəldilər. Amma Giziroğlunun fikri bu idi ki, Koroğlu ilə vuruşanda elə eləsin heç birisi basılıb xar olmasın.


Bəli, elə ki gəlib Çənlibelə çatdılar, baxdılar ki, məclis qurulub. Dəlilər, xanımlar, Koroğlu özü hamı kefə məşğuldu, Giziroğlu öz adamlarına dedi:
– Bu kefi pozmaq namərdlikdi. Gəlin gözləyək, qurtarsınlar, sonra.


Hamı razılaşdı. Bir tərəfdə durub gözləməyə başladılar.


Nigar xanım Eyvazı sağ yanında əyləşdirmişdi. Bilmirdi ki, oğlunu ölümdən qurtardığına görə Koroğluya necə razılıq eləsin. Baxıb-baxıb dedi:
– Ay Koroğlu, sən ki, belə iyidliklər göstərirsən, görən bu dünyada sənin kimi iyid tapılarmı?


Koroğlu bir fikirləşdi, aldı, görək nə dedi:
Analar oğul doğubdu, Giziroğlu Mustafa bəy. 
Bu dünyaya tək gəlibdi, Giziroğlu Mustafa bəy.

Bir atı var Alapaça,
Aman vermir Qırat qaça,
Nizəsinin ucu haça,
Giziroğlu Mustafa bəy.

Hay geyəndə haya basar,
Huy deyəndə huya basar,
Koroğlunu çaya basar,
Giziroğlu Mustafa bəy.

 

Giziroğlu Mustafa bəy Koroğludan bu sözü eşidib başının adamları ilə onun yanına gəldi.


Dedi:
– Koroğlu, sən doğrudan da Koroğlusan. Mərd igidsən, bu gündən sonra arada olan düşmənçiliyi atdım, səninlə qardaş oldum. Başımdakı dəstəmlə sənin dəlilərinə qarışdım. Əl ver, düşməninlə düşmən, dostunla dostam.


Koroğlu ilə Giziroğlu bir-birlərinə əl verdilər. O gündən dost oldular.