Təbiət

Su altında 4 ayaqla gəzən yeganə balıq növü

Təbiətdə bir çox qəribə canlıya rast gəlinirki, onlardan biri də Qırmızı Dodaqlı Yarasa balığıdır. Qırmızı dodaqlı yarasa balığı və ya Qalapaqos yarasa balığı (Red-lipped batfish or Galapagos batfish) Qalapaqos adaları və Kosta-Rikanın Sakit okeanı sahillərindəki Kokos adası yaxınlıqlarında tapılıb. Digər adları ilə Ogcocephalus darwini, Ogcocephalidae, Lophiiformes, Actinopterygii adlanır. 

 

Bu balıq iri, qırmızı, ətli dodaqları ilə sanki, dodağına boya çəkmiş qadını xatırladır. Balığın qəribə burnu və yerimək üçün dörd üzgəci vardır. Qırmızı dodaqlı yarasa balığı su altında dörd ayaqla yeriyən yeganə balıq növüdür. Bir balıq növündən gözlənilənin əksinə olaraq, çox yaxşı üzgüçü deyillər. Sinə üzgəclərdən istifadə edərək, okean səthinin 3-76 m dərinliklərində rahatlıqla ayaqda durur və üzgəc ucları vasitəsilə gəzə bilir.

 

Yetkinlik yaşına çatdıqda isə bel üzgəci tək onurğaya çevrilərək, şikarını cəlb etmək üçün başının üstündə illicium adlanan bir vasitəyə dönüşür. İllisiumun üstündə isə eska adlanan orqan yerləşirki, bu orqan dərin qaranlıq sularda özündən işıq yayar, parıldayaraq şikarını özünə doğru yönəldər. 

 

Bundan başqa, burunlarının altında, digər balıqları aldatmaq üçün balaca qarmaq kimi istifadə etdikləri kiçik dəri parçaları var. Bu balıqlar ət yeyəndir və balıq, krivetka kimi kiçik xərçəngkimilərlə qidalanır. Balığın qarın nahiyəsi ağ, bədəni isə açıq-qəhvəyi və bozun çalarlarına bənzəyir. Burnu və buynuzu da qəhvəyi kimi bir rəngdədir. Başından başlayaraq quyruğunun sonuna kimi tünd qəhvəyi zolaqlar vardır. 20.3 sm uzunluğundadır həmçinin, 19-20-ə yaxın onurğası vardır. Qəribə görünüşləri olmasına baxmayaraq, insanlar üçün təhlükəsizdir.