Şeirlər

Ramiz Rövşən. Novruz gəlib, yaz gəlib

Novruz gəlib, yaz gəlib,
Bir əlində saz gəlib.
Bir əlində xonçası,
Açıb gülün qönçəsi.
Bülbülə avaz gəlib.
Novruz gəlib, yaz gəlib.

 

Kosa, sən də gəlsənə,
Gəlib salam versənə.
O torbanı ver görək,
Yumurtalar rəngbərəng.
Hər biri can dərmanı,
Ver dolduraq torbanı.



Novruza bax, yaza bax,
O əriyən buza bax.
Sellər axır şırhaşır,
Çöllər olub yamyaşıl.
Ot bitir,yemlik bitir,
Keçəl başa tük bitir.



Keçəl başın yağlasın,
Dəsmal verək bağlasın.
Məclis qurub oynasın,
Çırtdıq vuraq oynasın,
Əl çalaq alqışlayaq,
Bu məclisi başlayaq.