Xəbərlər

“Xəmsə” intellektual oyunu üzrə Qax rayon birinciliyində 16 komanda mübarizə aparıb

“Xəmsə” milli intellektual oyunu üzrə yeniyetmələr arasında Qax rayon birinciliyinə yekun vurulub. Qax şəhər 4 nömrəli tam orta məktəbdə 16 komandanın iştirakı ilə keçirilən birincilikdə 80 məktəbli öz intellektual biliyini nümayiş etdirib. Yekun nəticələrə əsasən, Ləkit kənd tam orta məktəbin komandası birinciliyin qalibi adını qazanıb. Qax şəhər 2 nömrəli məktəb-liseyin və İlisu kənd tam orta məktəbin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

 

Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, birincilikdə fərqlənən iştirakçılardan təşkil olunacaq yığma komanda “İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi “Azərbaycanın İntellektual Birincisi” layihəsi çərçivəsində noyabrda Şəkidə keçiriləcək zona yarışında Qax rayonunu təmsil edəcək.

 

Qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən bu yarışlar Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, gənclər arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də onların asudə vaxtlarının mənalı və səmərəli təşkilinə kömək məqsədi daşıyır.