Görkəmli şəxsiyyətlər

Rus şairi Sergey Yesenin Bakı xatirələri

“Əlvida, Bakı! Daha çətin bir də görüşək...”
Əlvida Bakı! Daha çətin bir də görüşək...
İgid könlümə dolan qorxudur, qəm-qüssədir.
İndi əlimin altda daha bərk sancır ürək,
İndi daha dərindən duyuram ki, dost nədir.

Əlvida Bakı! Ey Şərq üfüqləri, əlvida!
İnan, qanım soyusa, taqətdən düşsəm də mən.
Aparram, gedəcək mənimlə ta qəbrəcən
Balaxanı mayı da, Xəzər dalgaları da.

 Əlvida! Salamat qal nəgməli könül kimi!
Qoy mən son dəfə öpüm barı dostu, yoldaşı...
Bənövşəyi tüstüdə əyilsin qoy gül kimi
Dostun ugur diləyən, “yaxşı yol!” deyən başı.

May, 1925  Sergey Yesenin 


(Tanınmış rus şairi Sergey Yeseninin Bakıya həsr etdiyi üç bəndlik şeir müxtəlif illərdə ayrı-ayrı Azərbaycan şairləri tərəfindən 9 dəfə dilimizə tərcümə edilib.)


Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər.


Lirik rus şeirinin ən görkəmli simalarından olan, istedadı ilə tanınan XX əsrin əvvəllərində yazıb-yaratmış tanınmiş rus şairi Sergey Yesenin Bakı xatirələrini bir neçə dəfə qələmə almışdır. Bakı şairin həyatı və ruhu üzərində xüsusi bir iz buraxmışdı.


Yesenin Bakıda bir neçə dəfə olub. İlk dəfə 1920-ci ildəki qısa səfəri Yeseninə Bakını tanıdıb. Daha sonra  bir neçə dəfə də bu şəhərə yolu düşüb. Sonuncu dəfə 1925-ci ilin martında Bakıya gələn şair  2 aydan çox burada qalıb, Mərdəkanda yaşayıb. 


Burada qısa müddət ərzində yaşamasına baxmayaraq şair burada rahatlıq tapmış, onun yaradıcılığına qiymət verən çoxlu dost qazanmışdır. Yeseninin Bakıda keçirdiyi təxminən 4 aylıq dövrü onun yaradıcılığının ən məhsuldar dövrü hesab etmək olar. Bu dövr onun yaradıcılığının “qızıl dövrü” adlandırır və həmin dövrü Puşkin yaradıcılığının “Boldino payızı” ilə müqayisə edirlər. Onu da qeyd edək ki, 1924-1925-ci illərdə Yesenin Bakıda olduğu dövrdə Bakı mətbuatında onun 39 əsəri (37 şeir və 2 poema) dərc edilmiş, o cümlədən sevgi poeziyasında xüsusi yeri olan, Yeseninin sevgi himni sayıla biləcək “İran nəğmələri” silsiləsindən bir sıra şeirlər burada – Bakıda yazılmışdır. Ümumilikdə, 1924-1926-cı illərdə Yeseninin Bakı mətbuatında 51 əsəri (48 seir və 3 poema) dərc edilmişdir. Onlardan 50-si (47 şeir və 3 poema) “Bakinski raboçi” qəzetində işıq üzü görmüşdür. Bu əsərlərin 45-i (43 şeirvə 2 poema) Yeseninin sağlığında, 5-i isə (4 şeir və 1 poema) ölümündən sonra çap olunmuşdur.
Sergey Yesenin 1895-ci ildə Rusiyanın Ryazan vilayətində doğulub. Ryazanın kənd mühiti onun uşaqlıq yaddaşında dərin izlər buraxıb. Adı  dövrünün ən böyük şairləri – Blok, Mayakovski, Bryusovla bir sırada çəkilən Yesenin çox qısa ömür yaşasa da, sağlığında 30-a qədər şeir kitabının çapdan çıxmasına nail olub. 


Şairin Bakıya gəlişinin tarixçəsi də maraqlıdır. Ömər Xəyyam, Sədi Şirazi, Firdovsi və başqa söz ustadlarının əsərlərini oxuyub Şərq dünyasına aşiq olan Yeseninin İrana getmək və bu sənət dünyası ilə yaxından tanış olmaq istəyir. Yesenin dostu, Azərbaycanda MK-nın ikinci katibi işləyən P. İ. Çaqin şairi Bakıya dəvət edir. Bakıdan onu Mərdəkana aparırlar. Buradakı Şərq ab-havasını, çadralanmış qadınları görən şair İranda olduğuna əmin olur. Hazırda Mərdəkan dendrarisi kimi tanınan ərazi o zamanlarda da öz təmiz havası, əsrarəngiz gözəlliyi ilə göz oxşayırdı. Təbii ki, bu yerlərə qədəm qoyan şair qəlbi bu gözəlliklərdən sərxoş olmaya bilməzdi. Yesenin üçün məxsusi yaradılmış Şərq üslublu bağ şairi özünə valeh edir. Lakin sonralar İranda yox, Bakının kiçik bir kəndində olduğunu bilən şair aldadıldığı üçün bir qədər təəssüf hissi keçirsə də, öz xatirələrində Bakını doğma şəhəri kimi qeyd edir. “Şərq liriklərini duyğulandıran nədir?” sualına isə “Məni duyğulandıran bu torpaq oldu” deyə özü cavab verir.
Yesenin Bakıda olduğu müddətdə ədəbi məclislərdə də iştirak edir. Belə məclislərin birində o şair Əliağa Vahid ilə tanış olur.


Şair 1925-ci ilin mayında Bakıdan getməli olsa da, Bakını və bakılıları heç zaman unuda bilmir. Sanki qabaqcadan öləcəyini bilirmiş kimi son şeirlərini Moskvadan P. İ. Çaqinə göndərir və xahiş edir ki, onları ölümündən sonra “Bakinski raboçi” qəzetində çap etdirsin. Çaqin dostunun vəsiyyətinə əməl edərək, həmin şeirləri işıq üzünə çıxarır. Şeirləri qəzetdə verərkən P. İ. Çaqin belə bir qeyd edir: 


“Bu şeirləri Yesenin Leninqrada getməzdən əvvəl klinikada yazıb. Son illər xeyli müddət Bakıda olan Sergey Yesenin bu şeirləri “Bakinski raboçi” qəzetində çap etməyi xahiş etmişdi”.


Yeseninin Bakıdan gedərkən yazdığı “Əlvida Bakı” şeiri yaradıcılığının zirvə nöqtələrindən birinə çevrilir. 


1925-ci il dekabrın 28-nə keçən gecə Yesenin Leninqraddakı “Anqleter” otelində özünü asaraq intihar edir. Deyilənə görə, şair həmin dövrdə depressiyada olduğu üçün özünə qəsd edir.