Təbiət

Uzun-burun Proboskis meymunu

Proboskis (Proboschis) və ya latın dilində Nasalis larvatus meymunu, Cənub-Şərqi Asiyada Borneo adasında, ağacda yaşayan bir meymun növüdür. Bu növ Qədim Dünya meymunlarından (Old World Monkey) Colobinae ailəsinə aiddir.


Ən xarakterik fiziki xüsusiyyətləri şübhəsiz ki, uzun burunlardır. İndoneziyalılar bu meymunu bekantan, Hollandiya meymunu və ya Hollandiyalı kişi adlandırırlar. Belə adlandırmaqlarının səbəbi, hollandiyalı müstəmləkəçilərdə eynilə meymunlarda olduğu kimi, böyük qarın və burun quruluşunun olmasıdır. 


Uzun-burun meymun, Tibet Makakı və Boz Lanqurla birlikdə Asiya qitəsinin ən böyük meymunudur. Erkək uzunburun meymunlar 66 - 72 sm uzuluğunda 16-22.5 kq ağırlığında, dişilər isə 53.3-62 sm, 7-12 kq, ən çox isə 15kq ağırlığında olur. Erkəklərin burnu 10.2 sm uzunluğunda olduğu halda, dişilərdə daha balacadır.

Amma bununla belə digər primatlarla müqayisədə dişilərində burnu böyük hesab edilir. Bu meymunların qalın, sarı, qırmızı, sarımtıl xəzləri var. Körpə uzunburunlar mavi rəngli üzlə doğulur, 2.5 aydan sonra isə rəngi boz olmağa başlayır. 

Bu meymunların uzun burunları xəbərdaredici xüsusiyyət daşıyır. Təhlükə anında burunları qanla dolar və normalda çıxardıqlarından daha boğuq səs çıxarmağa başlayarlar. Əsasən qrup halında yaşayır və səyahət edirlər. 

 

Borneo adasına məxsus olan bu növə İndoneziya və Malayziyada da rast gəlirlər. Əsasən nohur və su kənarlarında yaşayırlar. Suya çox ehtiyacı olan bir heyvandır. Həmçinin çox yaxşı üzgüçüdürlər. Su altında 20 m-ə dərinliyə qədər üzə bilirlər. Su altında səssiz üzdüklərinə və ayaqlarında pərdə olduğuna görə timsahlardan rahatlıqla qaça bilirlər.
Bu növün digər maraqlı cəhəti yanvar-may aylarında meyvə, iyun-dekabrda isə yarpaq yemələridir. Su atında üzmələrinə baxmayaraq balıq və ət yemirlər. Kiçik böcəklərlə qidalanırlar. Bu meymunlar çox və sürətlə yeyirlər. Həmçinin mədələri çox böyükdür. Həzm sistemi bölmələrə ayrılır. Bu bölmələrdə olan bakteriyalar selülozu həzm edir və yarpaqlardakı toksinləri neytrallaşdırır. Uzunburunlarda mədə bütün bədənin ¼ hissəsini təşkil edir. Bu unikal həzm sisteminin əks təsiri isə yetişmiş meyvələri həzm edə bilməməsidir. Ona görə də onların əsas qida rasionu toxumlar, yarpaqlar və yetişməmiş meyvələrdir.