Nağıllar, hekayələr

Hektor Malo “Ailəsiz”

Balaca oğlan Remi uzaq fransız kəndində yaşayırdı. O öz anasını çox sevirdi. Barbaren ana Remiyə qayğı göstərirdi. Çox kasıb olmalarına baxmayaraq onun bir dediyini iki etmirdi. Onu ərköyünləşdirirdi.

 

Reminin atası isə Parisdə işləyirdi. Bir gün onun işində bədbəxt hadisə baş verir, kişi şikəst qaldığından işini itirir və kəndə qayıtmağa məcbur olur. Atası evə gələndə Remi atasına tərəf atılır, o isə kobud şəkildə onu özündən aralayır və yatmağa göndərir. Remi yuxuya gedə bilmirdi, o atasının onunla belə kobud davrandığına görə çox həyacanlı idi. Birdən Remi öz valideynlərinin söhbətini eşidir. Söhbətdən anlayır ki, o, onların doğma oğlu deyilmiş. Onu küçədən tapıb və böyüdüblər. İndi isə Barbaren işini itirib və istəyir ki, oğlanı yetimlər evinə göndərsin. Remi eşitdiyindən dəhşətə gəlir və göz yaşları içində yuxuya gedir. Barbaren ana da çox ağlayır, o Remidən ayrılmaq istəmirdi, axı onu öz oğlu kimi böyütmüşdu.

 

Ertəsi gün atası Remi ilə birlikdə digər kəndə getdi və onu italiyalı avara aktyora satdı. Bu adamın adı Vitalis idi. O şəhər və kəndləri gəzir, əhalini musiqi, mahnı və rəqslərlə əyləndirirdi. Qazandığı pulla isə yaşayırdı. Onunla birgə meymun və üç it də çıxış edirdi. Remi də onun truppasının aktyoru oldu.

 

Çətin yaşayış günləri başladı. Onlar hava necə olursa olsun, piyada gəzirdilər. Belə həyat tərzi Remini möhkəmləndirdi. Vitalis ilə görüşməmişdən əvvəl Remi nə oxuya, nə də yaza bilirdi. Vitalis onu savadlandırdı. Boş vaxtlarında o, Remiyə notları və arfada çalmağı öyrətdi. Vitalis çoxlu səyahətlər etmişdi və çox şey bilirdi. O, Remiyə çoxlu maraqlı hadisələr danışırdı.

 

Əvvəllər Remi özünü çox tənha hiss edirdi, lakin vaxt keçdikcə o, Vitalisə bağlanırdı. Qoca aktyor da oğlanı sevməyə başladı, təəssüf ki, onların həyatını bədbəxtçilik pozdu. Gecə ikən canavarlar meşədə itin ikisini boğdular, meymun isə soyuqladı və öldü.

 

Vitalisə Remini harasa yerləşdirmək lazım idi ki, o qışı Parisdə qalsın. Belə olduqda o, Remini öz köhnə dostu olan Qarafoligildə saxladı. Həmin adam qəddar və xəsis idi. O uşaqları yanında saxlayır, onları işləməyə, oğurluğa və ya sədəqə yığmağa məcbur edirdi. Əgər onlar az pul gətirirdilərsə, o amansızcasına onları döyürdü və çox pis yedizdirirdi.

 

Vitalis görəndə ki, Qarafoli bir uşağı necə döyür, o Remini bu hirsli adamın yanından götürdü. Onlar təzədən öz yollarına davam etdilər. Gecə dəhşətli tufan başladı və onlar yollarını azdılar. Nəhayət, gücdən düşdükdən sonra bir divarın dibində uzandılar. Vitalis Remini bərk-bərk özünə sıxdı və itə əmr elədi ki, onu qızdırmaqdan ötrü yanında uzansın.

 

Səhər onları bağban Akena tapdı, Vitalis artıq ölmüşdü, Remi isə güclə nəfəs alırdı. Bağban onu öz evinə gətirdi. Remi sağalanadək evdə ona qulluq etdilər. Bağban Akenanın ailəsində 4 uşaq var idi. Hamısı Remiyə qarşı çox mehriban idilər, xüsusilə də balaca qızı Liza. Liza lap uşaqlıqda keçirdiyi bir xəstəlikdən sonra səsini itirmişdi. O danışa bilmirdi, ancaq hər şeyi başa düşürdü. Liza çox mehriban və mülayim qız idi, Remi arfada çalıb oxuyanda onun çox xoşuna gəlirdi.

 

Ancaq Remi bu mehriban adamlardan da ayrılmağa məcbur oldu. Bağban Akena var-yoxdan çıxdı, onu borclarına görə həbsə saldılar, uşaqları isə başqa şəhərdə olan qohumlarıgilə göndərdilər.

 

Remi yenidən yollara düşüb gəzməyə başladı. Onun həyatında cürbəcür maraqlı hadisələr baş verdi.

 

Günlərin bir günü bir cənub şəhərində… Günortanın isti çağı idi. Remi bir yaraşıqlı bağın darvazasının qabağında dayandı və oxumağa başladı. Birdən divarin o biri tərəfindən zəif qışqırıq səsi gəldi, sonra isə tanış olmayan səs onun mahnısını oxudu. Bu Liza idi. Remi ilə görüşündən aldığı sarsıntı və sevincdən onun səsi açıldı.

 

Sonda Remi öz ailəsini tapır və xoşbəxt günləri başlayır.

 

(Əgər səni Reminin məcaraları maraqlandırırsa, sən onu daha müfəssəl sürətdə «Ailəsiz» adlanan kitabdan oxuya bilərsən.)