Təbiət

İnsan ayağı dəyməyən masavari dağlar- Tepuilər

Cənubi Amerikanın Qviana yaylasında ətraf ərazilərdən kəskin fərqlənən 100-dən çox masayabənzər (stolvari) dağlara rast gəlinir. Vaxtilə burada yaşayan Tepui qəbiləsinin adı ilə "Tepuilər" adlanan bu dağlar hər tərəfdən hündürlüyü bəzən 400-500 m-dən artıq olan çox sıldırım yamaclarla əhatə olunub. 


Milyon illər ərzində aşınma və eroziya nəticəsində yaranmış bu dağlara çox zaman yol və cığırlar olmadığından belə güman edilir ki, onların çoxuna insan ayağı dəyməyib. 


Tepui sözü hindu tayfalarının dilindən tərcümədə “Allahın evi” mənasını verir. Çox qədimi sayılan və həqiqətən də vəhşi canlıları ilə seçilən (insan ayağı heç dəyməmiş) Kanayma parkı ilk dəfə 1962-ci ildə aşkar edilib. Alimlər iddia edirlər ki, dik və düz yamaclara sahib olan, qatı qum qatından yaranmış bu dağlar, dünyanın ən qədimlərindəndir. Onlar Atlantik okeanının sahillərindən Orinoko, Amazon və Rio-Negro hövzələrinin sərhədlərinə qədər uzanan böyük bir platonun məhv olması nəticəsində yaranıblar. 


200 milyon il əvvəl Afrikanın və Cənubi Amerikanın  bir olduğu dövrdə bu yaylaq nəhəng gölün ərazisində yaranıb. 


Tepuilər bir-birindən aralı yerləşməklə, uçurumlu yamaclarla əhatə olunmuş və ekstremal dağlara çevriliblər.  Dağlar endemik bitki və heyvan növləri ilə zəngindir.


Ən məşhur tepuilər Serro-Autana, Auyan-Tepui və Rorayma dağlarıdır. Parkdakı ən yüksək tepui isə Roraymadır. Bu dağın hündürlüyü təxminən 3 min metrə çatır. Dağın 34 kvadrat kilometrlik üst qatı qeyri-adi daşlar, mağaralar, bataqlıqlar, göllər və nadir ağaclar ilə örtülüb. Burada həmçinin planetin ən qeyri-adi heyvanları, xüsusilə də nadir meymunlar və quşlar yaşayır. Yerli hindilər yer üzünün göbəyini Rorayma adlandırırlar.


Venesuelanın sirli tepuiləri hər il milyonlarla turisti cəlb edir. Burada, turistlər laquna boyunca kanoedə üzüb, görməli Ukayma, Qolondrina, Sapo və Aça şəlalələrini seyr edib, çoxsaylı yürüşlər edirlər. Amma bunların hamısını qaydalara ciddi riayət edərək, təcrübəli təlimatçıların göstərişi ilə etmək lazımdır, çünki bu dünya hələ bir çox bilmədiyimiz sirrlərlə doludur.