Nağıllar, hekayələr

Zahid Xəlil. "Hə", yoxsa "Bəli"

Balaca vaxtı mən də başqa uşaqlar kimi adımı eşidəndə səsimi uzadıb deyirdim:

 

– Həəə…

 

Anam bir neçə dəfə mənə tapşırmışdı ki, “hə” yox, “bəli” deyim! Ancaq hər dəfə anamın məsləhəti yadımdan çıxırdı.

 

Bir dəfə babamın bağına getmişdik. Salman baba ağacları suvarırdı. Mən də eyvanda oturub güllərə tamaşa edirdim. Birdən babamın səsi gəldi. “Vüqar”, – deyə məni çağırırdı. Mən həmişəki kimi cavab verdim:

 

– Hə!

 

Babam elə bil cavabımı eşitmədi, bir də çağırdı. Mən yenə qışqırdım:

 

– Hə!

 

Salman baba üçüncü dəfə, özü də bərkdən adımı çağırdı. Mən yenə də “hə” deməyə hazırlaşırdım ki, birdən anamın sözləri yadıma düşdü. Bu dəfə:

 

– Bəli! – deyə yavaşca dilləndim.

 

– Vüqar, get bağın başındakı su kranını bağla. Havayı yerə axmasın.

 

Mən o dəqiqə babamın “ağır eşitməyinin” səbəbini başa düşdüm. O gündən “bəli” sözü dilimin əzbəri oldu.