Xəbərlər

AZƏRTAC-ın Uşaq Bilik Portalının əməkdaşları Sumqayıt məktəbinin qonağı olub

AZƏRTAC-ın Uşaq Bilik Portalının əməkdaşları fevralın 27-də Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə olub. Həmin gün məktəbdə həm də “Ana dili milli varlığımızdır” mövzusunda tədbir keçirilib.
 
Məktəbin direktoru Şəhla Bağırova Uşaq Bilik Portalının əhəmiyyətindən danışıb, bu təqdimatın şagirdlərdə maraq oyadacağına ümidvar olduğunu bildirib. Qeyd edib ki, bütün sahələrə dair məlumatların toplandığı portal uşaqlar üçün zəngin bilik mənbəyidir.
 
Təqdimatdan əvvəl məktəblilərin elektron resurslara olan marağı öyrənilib, hüdudsuz internet məkanında bu və ya digər suala dəqiq cavab tapmağın yolları, bu baxımdan Uşaq Bilik Portalının  üstünlüyü diqqətə çatdırılıb. Slayd-şou əsasında məlumat verilib ki, 2013-cü ildən fəaliyyətə başlayan və daim yenilənən portalda tarix, mədəniyyət, elm və digər sahələr, görkəmli şəxsiyyətlər barədə materiallar yerləşdirilir. Əsas məqsəd gənc nəslin intellektual səviyyəsini və biliklərini artırmaq, onlarda vətənpərvərlik hissləri, milli və ümumbəşəri dəyərlər aşılamaq, estetik zövq formalaşdırmaqdır. Portalda, həmçinin cizgi filmləri, uşaq mahnıları, laylalar, nağıllar, tapmacalar, şeir və hekayələr də toplanır. Eyni zamanda, uşaq təfəkkürünün məhsulu olan rəsmlərə, şeirlərə və inşa yazılara yer ayrılır. “Ensiklopediya” bölməsi isə bütün sahələrə dair məlumatları əhatə edir. Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalını “Facebook” səhifəsində də izləmək mümkündür.
Məktəblilər və müəllimlər portalla bağlı arzu və fikirlərini səsləndiriblər. Onlara AZƏRTAC-ın Uşaq Bilik Portalına dair bukletlər paylanılıb.
 
Səhnəyə çıxan məktəblilər “Ana dilimizi sevək, sevilək” mahnısını ifa ediblər. Bununla da “Ana dili milli varlığımızdır” mövzusunda tədbir başlanıb. Şagirdlərin söylədikləri şeirlər, aforizmlər, C.Məmmədquluzadənin “Anamın kitabı” pyesindən təqdim etdikləri səhnəcik, ana dilimizin əcnəbi söz və ifadələrdən təmizlənməsi məqsədilə hazırlanmış slayd-şou maraqla qarşılanıb.
 
Tədbirdə Beynəlxalq Ana Dili Günü haqqında məlumat verilib, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusilə vurğulanıb. Qeyd olunub ki, Ulu Öndərin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verir.
 
Direktor Şəhla Bağırova tədbirə bu sözlərlə yekun vurub: “Analarımız bizə laylanı Azərbaycan dilində oxuyublar. Azərbaycan dilində bir-birindən gözəl əsərlər yaradılıb. Bu gün Azərbaycan dili dünyanın ən mötəbər beynəlxalq təşkilatlarında səslənir, bayrağımız dünyanın ən nüfuzlu dövlətlərinin bayrağı ilə bir sırada dalğalanır. Əlbəttə ki, biz əcnəbi dilləri öyrənir, biliklərimizi dərinləşdiririk. Lakin əsas vəzifəmiz ana dilimizi dərindən öyrənmək, onun saflığı keşiyində dayanmaqdır”.