Görkəmli şəxsiyyətlər

“Bir gündəliyə ehtiyacım var, çünki heç dostum yoxdur..” ( Anne Frank. “Gənc qızın gündəliyi”)

Bu gün cəmi 16 il ömür sürmüş, iki illik əsarəti səhifələrə sığdırmış Anna Frank və onun təsirli həyat hekayəsindən bəhs edəcəyik.


Ölümün insanı anbaan təqib etdiyi illərdə uşaq olmaq nə dərəcə asan idi? 


Anna Frank 12 iyun 1929-cu ildə Niderlandda yəhudi əsilli bir ailədə anadan olub. Hələ körpə vaxtlarından rahat bir həyatı olmayıb. Bacısı Marqot Frank ilə birgə yalnız yəhudilərin olduğu məktəbdə oxumağa başlayıb. 


Anna Frankın ən böyük arzusu gələcəkdə şöhrət qazanmış yazıçı və jurnalist olmaq idi. Bu arzularını, xəyallarını ailəsi ilə, xüsusilə də çox bağlı olduğu atası Otto Frank və parta yoldaşı Nanette Koniq ilə bölüşməyi çox sevirdi. 

 

Anna atası Otto Franka hədsiz bağlı idi. Hətta özünün dünyaya səs salmış gündəliyində də atası haqda saysız xatirələrini, fikirlərini bölüşüb. 

 

“ Atam çox mehriban biridir. Məni anlayır, onunla qəhərlənmədən üzbəüz söhbət etməyi çox istərdim”.  (“Gənc qızın gündəliyi”). 

 

Öz gündəliyində ikinci dünya müharibəsi illərindəki həyatı qələmə alan, müharibənin simvoluna çevrilən Anna qorxu içində yaşayır, özü və bütün uşaqların tezliklə öləcəyini düşünürdü. 

 

1942-ci ildə Niderlandda saat səkkizdən sonra küçəyə çıxmaq qadağan edilmişdi. Lakin, Anna və dostları Annenin on üç yaşını qeyd etmək üçün məktəbdə görüşmək qərarına gəlir. Gələn saysız hədiyyələr arasında ailəsi tərəfindən göndərilmiş gündəlik ( qeyd dəftəri) də olur. 

 

Sən demə, Anna doğum günündən bir neçə gün əvvəl bu dəftəri görüb bəyənib, belə bir dəftəri olarsa, qeydlərini buraya edəcəyini deyibmiş. 


Doğum günündən bir neçə gün sonra Anna səhəri bir partlayış səsi ilə açdı.   


Hadisələrin get-gedə gərginləşdiyi bir vaxtda Anna və ailəsi bir binanın damında kitabxananın arxa tərəfində yerləşən gizli yerdə yaşamağa başladı. 


Onlar bu həyata alışmalı idi. Çünki sağ qalmaq üçün başqa çarələri yox idi. Ömrünün iki ilini bu yerdə keçirən Anna doğum günündə alınan qeyd dəftərinin ilk səhifəsini də məhz orada yazmağa başladı. Qorxu, həyəcan, bəzən ümid, bəzən ümidsizlik dolu cümlələr, fikirlər dəftərin səhifələrini bir-bir doldurmağa başladı. 


Anna qeydlərini apararkən özünə “Kiki” adlı obraz seçir və hadisələri onun adı ilə danışmağa başlayır. Gündəliyi daha mükəmməl formada işləyib, adını “Gizli artırma” qoymağa qərar verən Anna Frankın bu arzusu baş tutmadı.

 

1944 cü ildə gizlənənlərin hamısı kimliyi məlum olmayan bir şəxs tərəfindən ifşa olundu. Beləcə iki il yazılmağa davam edən qeydlər sona çatdı. Ana, ata və uşaqlar hər biri fərqli düşərgələrə göndərildi.


Sonuncu dəfə iki il əvvəl qarşılaşmış Anne və parta yoldaşı Nanette yenidən düşərgələrin birində qarşılaşır. Yaşadığı günlərdən bəhs edən Nanette Koniq iki il sonra qarşılaşdığı Anna ilə görüşünü belə xatırlayır:
“Bu gün bu halda bir-birimizi necə tanıdığımıza təəccüb edirəm. Onu görəndə çox pis oldum, tanıdığım Annadan əsər qalmamışdı..” 


Düşərgələri fərqli olduğu üçün ancaq bir iki dəfə görüşüb danışmaq imkanı olan, dostuna öz gündəliyindən bəhs edən  Anna və Nanettenin  yolu yenidən və əbədi ayrılmalı olur.


1945-ci ildə müharibənin qurtarmağına iki ay qalmış Anna xəstələnir və ölür.


Artıq müharibə qurtarmış, atası Otto Frank geri dönmüş, qarşılaşdığı tək şey isə qızı Annadan qalan xatirə dəftəri olur. Dəftəri dəfələrlə oxuyan Otto Frank illər sonra qızının uşaqlıq dostu Nanette Koniq ilə qarşılaşır və xatirə dəftərini çap etdirmək istədiyini bildirir.


1947-ci ildə dərc olunan gündəlik çox keçmir ki, diqqət çəkir və ölümündən sonra da olsa Annaya şöhrət gətirir. Gündəlik əsasında George Stevensin başçılığı ilə eyniadlı film hazırlanıb. Bu film 1959-cu “Pulitser” mükafatına layiq görülüb.

 

Xatirə dəftərindən bəzi qeydlər: 
“Hər şey daha yaxşı olana qədər çalışmağa davam edəcəyəm”.
“Bu gün kədərdən və ümidsizlikdən başqa veriləcək bir xəbər yoxdur”.
“Fikirləşdiklərim söylədiklərimdən çoxdur”.
“Bir gündəliyə ehtiyacım var, çünki heç dostum yoxdur”.