Bu maraqlıdır!

Opera və operettalar necə yaradılır?

Musiqi sənətinin xüsusi növü olan operada  dram tamaşası  və  musiqi vəhdət təşkil edir. Operada musiqi  köməkçi deyil,  əsas rol oynayır. Əbəs yerə demirik ki, tamaşaya baxaq, amma operanı dinləyək.

 

Musiqi bütün opera boyu səslənir,  qəhrəmanların hissləri və düşüncələri həm solo ifada, həm də  xorun ifasında musiqi ilə ifadə olunur.

 

Opera incəsənətin XVI əsrin sonlarında yaranmış nisbətən  cavan  növüdür. Böyük yazıçı və şairlərin əsərləri operaların əksəriyyətinin  ədəbi əsasını təşkil edir.  Ona görə də  operaların süjetləri  mürəkkəbdir, cox vaxt qabarıq şəkildə faciəlidir.

 

Amma bu sözləri  operanın kiçik variantı  olan operetta (tərcümədə kiçik opera deməkdir) barədə demək olmaz. Operetta  qığılcım saçan şən yumor  və həyat eşqi ilə dolu  olan xoşbəxt sonluqlu tamaşadır. Operetta operadan xeyli sonra -  XIX əsrin ortalarında yaranıb.  Operettada  rəqslərə geniş yer verilir, qəhrəmanlar səhnədə danışırlar.  Operada isə personajlar  yalnız oxuyurlar, hərçənd bəzən  reçitativdən istifadə edirlər. Peçitativ deklamasiyaya bənzəyən, lakin ciddi şəkildə musiqiyə uyğunlaşdırılan, fasilələrlə səsləndirilən qısa cümlələrdir.

 

Opera və operettalar necə yaradılır? Əvvəlcə libretto, yəni mətn yazılır, sonra bəstəkar  həmin mətnə musiqi bəstələyir və partituranı (not yazısı) opera teatrının rejissoruna verir.  Rejissor isə dirijor,  orkestrin rəhbəri ilə birlikdə operaya  və ya operettaya quruluş verir.