Görkəmli şəxsiyyətlər

Karlo Qoldoni

Böyük dramaturq Karlo Qoldoni 1707-ci il fevralın 25-də Venesiyada anadan olub. O, Peruciyada yəhudi məktəbində oxuyub, sonra hüquq və fəlsəfə təhsilini Venesiyada qurtarıb və atasının istəyi ilə hüquq karyerasına başlayıb. 
 
Yazıçı Kodjada kriminal məhkəməsində kançlerin katibi işləyib, 1729-cu ildən etibarən isə Feltrada fəaliyyət göstərib. K.Qoldoni hüquq elmindən başqa teatrla da məşğul olub, çox həvəslə Plavta, Terençiya, Aristofan, Menandranı oxuyub, tez-tez teatra baş çəkib, əsas vaxtını aktyor və aktrisalarla keçirib. Tələbəlik vaxtlarında yazıçı dramatik satirası “Kolos”u yazıb. Feltrada olarkən o, Pyetro Metastazionun tamaşasında aktyor kimi çıxış edib. Sonra isə dramaturqun “İki yaxşı ata”, “Müğənni” pyesləri səhnəyə qoyulub və böyük uğur qazanıb. 1731-ci ildə Qoldoni Venesiyada vəkillik karyerasına başlayıb, bununla bərabər o, teatr tamaşalarının mətnlərini hazırlayıb və Domenino Lallinin asistenti işləyib. Bu dövrdə onun ilk böyük pyesləri işıq üzü görüb: “Velizariy”, “Rozamunda” və komediya janrında yazdığı “Venesiyalı qayıqçı”. Amma Qoldoninin bu pyesləri elə də böyük uğur qazanmayıb və o, 1743-cü ildə Toskanaya getməyə məcbur olub. Yalnız 1748-ci ildə dramaturq birdəfəlik hüquq sahəsini tərk edib, həmişəlik Venesiyada qalaraq ədəbiyyatla məşğul olmaq qərarına gəlib. Onun ən uğurlu komediyaları “Yalançı” (1750), “Qəhvə” (1750), “Traktorçu” (1753) olub. Qoldoninin fransızca yazdığı komediya “Xeyriyyəçi” (1771) ona dünya şöhrəti gətirib. O, yaradıcılığında 267 pyes yazıb. 1784-1787-ci illərdə “Karlo Qoldoninin xatirələri” adlı kitabı çap olunub. 
 
Venesiyalı dramaturq 1793-cü il fevralın 6-da Versalda vəfat edib. Onun ölümündən bir gün əvvəl kral XVI Lüdovik yazıçıya 1200 frank məbləğində ömürlük təqaüd təyin edib. Bu pulları Qoldoni öləndən sonra həyat yoldaşı alıb.