Nağıllar, hekayələr

MÜKAFAT

Biri var idi, biri yox idi, bir ağıllı, əməksevər və gözəl bir qız var idi. Bu qızın atası, ögey anası və bir ögey bacısı var idi. Ögey bacısı çox hirsli və tənbəl idi.
 
Bir gün ögey ana işgüzar qızcığazı bulağa su gətirməyə göndərdi. Bulaq çox uzaqda idi, oradan su götürmək çox çətin idi. Qız kuzəni doldurdu və evə getdi. Heç 100 addım getməmişdi ki, onun qabağına bir qoca dilənçi qadın çıxdı.
  - Mənə bir az su ver, ay qız, mən çox yorulmuşam- qarı dedi. Qız kuzəni tez qocaya uzatdı.
  - İçin, nuş olsun, bəlkə yuyunmaq istəyirsiniz?
 
Qoca qadın qıza diqqətlə baxdı.
   - Axı sən təzədən suya getməlisən,-o dedi.
   - Bunun eybi yoxdur, siz axı, uzaq yoldan gəlib yorulmusunuz.
   - Sənin xeyirxahlığın mükafatlandırılacaq,—qoca qadın dedi və gözdən itdi.
 
Qız isə təzədən suya getdi, kuzəsini doldurub, evə qayıtdı. Qəzəbli ögey ana qızı danlamağa başladı.
    - Bu vaxtadək hardasan? Niyə gecikdin?
    - Bağışla, anacan, yubandım,-sözlərini deyən kimi onun ağzından 2 qızılgül və 2 almaz düşdü. Hirsli ögey ana və onun qızı bu işə lap məəttəl qaldılar. Paxıllıqdan birtəhər oldular və qızdan bunun səbəbini soruşdular. Qız, yolda başına gələnləri onlara danışdı. 
 
  Ertəsi gün ögey ana öz qızını suya göndərdi. O, bulaqda qoca qadını çox gözlədi, lakin o gəlmədi. Qayıdanda varlı bir qadına rast gəldi.
- Ay qız, mənə içməyə su ver, mən çox yorulmuşam- deyə qıza müraciət etdi.
 - Yox bir, qızıldan olan bu kuzəmi sizin üçün saxlamışam? Mən öz zərif əllərimi sizin üçün niyə əziyyətə salmalıyam? Gedin özünüz için.
Varlı qadın qürurla dikəldi, onun gözləri qəzəblə parıldadı:
- Sənin hirsli ürəyin və kobud dilin cəzalanacaq.
Tənbəl qız evə qayıtdı. Anası sevincək tez öz sualları ilə onun üstünə atıldı.
- Məndən əl çəkin, mən heç nə danışa bilmərəm – deyə qız dilləndi və onun ağzından 2 qurbağa və 2 hörümçək düşdü.