Dastanlar

“Həmzənin Qıratı aparması” qolu

Bolu bəyin başına gələn iş bütün paşaları, xanları, bəyləri qorxuya salmışdı. Ta elə ki, gecələr yata bilmirdilər. Qoç Koroğlunun adı gələndə qorxudan siçan deşiyi axtarırdılar ki, gizlənsinlər. Xotkar özü də qorxuya düşmüşdü. Odu ki, yenə bütün paşalara namə göndərmişdi ki, kim Koroğlunu tutsa, ya öldürsə onu dünya malından qani eyləyəcək, özünü də böyük mənsəbə çatdıracaq. Toqatlı Mahmud paşa xotkarın bu naməsini alıb oxuyandan sonra, bir məclis qurdurdu, vəzirləri, vəkilləri, bəyləri, xanları, tacirləri o məclisə çağırtdı. Adamlar cəm olanda Mahmud paşa üzünü onlara tutub dedi:
– Koroğlu getdikcə günü-gündən tuğyan eləyir. Belə getsə çox çəkməz ki, bizi də Camal paşanın gününə salıb yerimizdə turp əkəcək. Sizi buraya cəm eləməkdə məqsədim budu ki, deyin görək necə eləyək ki, bu bəlanı başımızdan dəf eləyək.
Vəzirlər, vəkillər dedilər:
– Paşa sağ olsun, Koroğlunun nə ki hünəri var, hamısı Qıratdadı. Gərək Qıratı ələ keçirək.
Paşa dedi:
– Qıratı ondan necə almaq olar?
Vəzir dedi:
– Nəmər, pul, mal versəniz bəlkə özünə umudu gələnlərdən biri gedib Koroğlunun Qıratını gətirə bilə.
Mahmud paşa dedi:
– Mənim yurduma, yuvama sahib olan, gözümün ağı, qarası bir qızım var. Hər kim gedib Çənlibeldən Koroğlunun Qıratını gətirsə, qızım Dona xatunu ona verib, özünü də dünya malından qəni edərəm. Mahmud paşa bunu deyib, bir cam şərab doldurub əlinə aldı, üzünü məclisdəkilərə tutub ucadan bir də dedi:
– Kimin özünə gümanı gəlir ayağa dursun, alsın bu şərabı içsin, getsin Koroğlunun Qıratını gətirsin.
Məclis əhli hamısı başını aşağı tikdi. Cıqqırtısını çıxardan olmadı. Mahmud paşa bir də dedi. Yenə səs çıxardan olmadı. Məclisin alt tərəfində Həmzə adlı sayılmayan, urvat olunmayan bir keçəl oturmuşdu. Ayağa qalxıb dedi:
– Paşa sağ olsun, əyər razı olub vədənizə doğru çıxsanız, mən gedərəm, Koroğlunun Qıratını gətirərəm.
Keçəl Həmzə bu sözü deyəndə məclisdəki adamlar çaxnaşıb birbirinə dəydilər. Hamı keçəldəki bu cürətə mat-məhəttəl qaldı. Mahmud paşanın qızı Dona xatun pəncərənin ağzında durub buna qulaq asırdı. Gülüb özü-özünə dedi:
– Mən ölüm, qoç Koroğlunun Qıratını gətirənə bir bax. Gedib başının keçəlinin dərdini çəkmir, gör nə qələtlər eləyir.
– Mahmud paşa sözünü bir də təkrar elədi. Yenə də keçəl Həmzədən savayı gedirəm deyən olmadı. Mahmud paşa axırda çarəsiz qalıb razı oldu. Keçəl Həmzə irəli yeridi, aldı şərabı içdi, dedi:
Mahmud paşa, mənə bir ay vədə ver. Koroğlunun Qıratını gətirə bilmədim, heç, gətirə bildim, onda sözümüz sözdü. Mahmud paşa dedi:
– Get, gətirə bilsən Dona xatun sənindi.
Keçəl Həmzə ordan çıxıb, evlərinə gəldi. Bir parça çörək götürüb bir dəsmal ilə belinə bağlayıb yola düşdü. Pay-piyada, günə bir mənzil neçə gündən sonra xəbər ala-ala gəlib Çənlibelə çıxdı. Keçəl Həmzə gəlməkdə olsun, sənə kimdən xəbər verim, Koroğludan. Koroğlu bir qayanın başında durub yola baxırdı. Gördü ki, bir adam budu üz qoyub Çənlibelə gəlir. O qədər gözlədi ki, keçəl Həmzə gəldi, yetişdi. Koroğlu qayadan enib, onu qabaqladı ki:
– Oğul, nəçisən? Haradan gəlib, haraya gelirsən?
Keçəl Həmzə dedi:
– İlxıçıyam. Paşanın atına gedirdim. Yeddi il ona at otardım, axırda haqqımı da verməyib, qapısından qovaladı. İndi Çənlibeldə səni deyib gəlmişəm. Əl mənim, ətək sənin, gərək məni dolandırasan. Koroğlu keçəl Həmzəni götürüb Çənlibelə gəldi. Dəlilər Həmzəni görüb dedilər:
– Ay Koroğlu, bunu haradan tapıb gətirdin! Keçəllər fəndgir olurlar. Bunun gözləri üçtəpə sağsağanının gözləri kimi qayır-qayır qaynayır. Heç əməlli adama  xşamır. Rədd elə, getsin. Xanımlar da dəlilərin sözlərini təsdiqlədilər. Koroğlu xanımları, dəliləri bir təhər sakit eləyib, dedi:
– Görürsünüz yazığın birisidi. Sizə nə eləyəcək. Qoyun süfrəmizin qırıq-quruğundan yeyib, qapıda, bacada dolansın. Keçəl Həmzə qırıx-quruxdan yeyib, qapı-bacanı süpürürdü. Xanımlar, dəlilər nəyə buyururdularsa gedirdi. Getdiyi işi də yaxşı yarıdırdı. Belə zirəkliyinə görə dəlilərin, xanımların yanında keçəl Həmzənin
hörməti artdı. Koroğlu keçəl Həmzənin diribaşlığını görüb, onun adını dəyişdirib Kaloğlan qoydu. Günlərin bir günü Koroğlu keçəl Həmzəni yanına çağırıb soruşdu:
– Kaloğlan, ata muğayat ola bilərsənmi?
Keçəl Həmzə dedi:
– Əlimdən gələr, yaxşı baxa bilərəm.
Töylədə bir yük yabısı var idi. O qədər yükləmişdilər ki, sümükləri çıxmışdı. Koroğlu ona baxmağı keçəl Həmzəyə tapşırdı. Keçəl Həmzə yabıya muğayat olmağa başladı. Axşam tumarlayır, səhər tumarlayır, yabıya bir can yandırırdı ki, gəl görəsən. Dəlilərin gözlərini oğurlayıb, töylədəki o biri atların otundan, arpasından götürüb yabının qabağına tökürdü. Yabı elə kökəlmişdi ki, dərisinə sığmırdı. Bir gün Koroğlu töyləyə atların yanına gəlmişdi. Yabıya baxıb mat-məhəttəl qaldı, dedi:
– Ay Kaloğlan, sən ata yaxşı muğayat olurmuşsan. İndi ki, belə ata baxmaq əlindən gəlirdi, niyə məndən gizlədirdin? Afərin sənə! Keçəl Həmzə çox hörmətə minmişdi. Hansı işə buyururdular yarıdırdı, hansı ata muğayat olmağı tapşırırdılar, beş gündə dərisinə sığmaz eləyirdi. Axırda Koroğlu Dürata bağmağı keçəl Həmzəyə tapşırdı. Bu işə xanımlar, dəlilər razı olmadılarsa da, Koroğlu onlara qulaq asmadı. Keçəl Həmzə bir neçə gün Dürata çox yaxşı baxdı. Elə ki, bir
neçə gün keçdi, atın arpasını xırpadan kəsdi. Dürat başladı arıqlamağa. Koroğlu işi belə görüb bir gün Həmzədən soruşdu:
– Ay Kaloğlan, bu at niyə belə günü-gündən dala gedir? Olmaya yaxşı baxmırsan?
Keçəl Həmzə dedi:
– Mən əlimdən gələni eləyirəm, amma at gecə-gündüz içəridə başından axura bağlı, ayaxları da buxovlu. Eşik üzü görmür, çox güman ki, ondan sınıxdır.
Qırat ilə Dürat bir töylədə bağlanırdı. Atların ikisinin də ayağında buxov var idi. Özləri də ayrı-ayrı açarlarla açılırdı. Koroğlu çıxartdı Düratın açarını keçəl Həmzəyə verdi. Xanımlar, dəlilər bunu eşidib dedilər:
– Ay Koroğlu, sən nə eləyirsən? Tanımadığın, bilmədiyin bir adama etibar eləyib Düratın buxov açarını verirsən?
Koroğlu yenə də xanımları, dəliləri sakit elədi ki, qorxmayın, heç zad olmaz. Keçəl Həmzə bir neçə gündə Düratı dərisinə sığmaz elədi. Keçəl Həmzə buraya gələni az qalmışdı ki, bir ay olsun. Onun Mahmud paşaya verdiyi vədə tamam olurdu. Keçəl Həmzə gecələrin birində ayağa qalxıb öz-özünə dedi: – Mən bir il də burada qalsam Koroğlu Qıratın nə mehtərliyini, nə də buxovunun açarını mənə verməyəcək. Toqat şəhərində nə tanıyırlar ki, Qırat hansıdı, Dürat hansıdı. Elə bunu aparım, paşanı aldadım, qızı alım, beş gün bu dünyada kef çəkim. Keçəl Həmzə bunu deyib, gecə xəlvətcə Düratı mindi. Asta qaçan namərddi, birbaş qaçdı. Sabah açıldı, mehtərlər yerlərindən qalxıb, atlara arpa-saman vermək üçün töyləyə gəldilər. Gördülər ki, nə Dürat var, nə də keçəl Həmzə. Başı lovlu Koroğlunun yanına gəlib dedilər:
– Nə Dürat var, nə də keçəl Həmzə.
Dəlilər çaxnaşıb bir-birinə dəydilər. Xanımlar da bir yandan düşdülər Koroğlunun üstünə, başladılar onu məzəmmətləməyə. Taxsırkar olduğundan Koroğlu nə dəlilərin, nə də xanımların töhmətinə dinmədi. Kiriyib qaldı. Amma dəlilər sakit olmayıb deyirdilər:
– Biz sənə demədikmi, tanımadığın adama etibar eləyib atı tapşırma. İyidin atını apardılar ya arvadını, ikisi də namusdan sayılır. Bizim qorxumuzdan quş quşluğu ilə Çardaxlı Çənlibelin həndəvərinə gələ bilmir. Qoç Koroğlunun, Çənlibelin, dəlilərin adı gələndə paşalar, bəylər tir-tir titrəyir. Bir keçəl gədənin birisi gəlib buradan at aparsın. İndi bu xəbər ətrafa yayılacaq, düşmənlər üstümüzə ayaq alacaq. Özün öz əlinlə elə iş elədin ki, aləm yığılsaydı, eləyə bilməzdi. İndi de
görüm Düratı haradan tapacaqsan, necə gətirəcəksən?
Koroğlu dedi:
– Dürat gedib, Qırat durur, minib gedib tapıb gətirərəm. Az məni məzəmmət eləyin. Koroğlunun hirsi tutanda yanına gedib onu dindirmək olmazdı.
Deyirlər ki, belə vaxtlarda bir üzü üstə, iki-üç gün yatardı, acığı soyuyardı. İndi də ki, Koroğlunun hirsindən, qəzəbindən tay danışma, gözləri qanla dolmuşdu. Acığından az qalırdı dəmir gəmirsin. Necə ki, üzü üstə düşdü düz iki gün-iki gecə ac-susuz yatdı. Üçüncü gün yuxudan ayılıb, Eyvazı səsləyib tapşırdı ki, bir ayrılıq məclisi qursun. Eyvaz məclis qurdu. Təkcə Koroğluya yeddi batman düyünün plovunu, yeddi qoyun şaqqası, yeddi tuluq şərab hazırlatdı. Yedilər, içdilər,
Koroğlu bığlarını eşdi, qulaqlarının dalında burdu. Altdan geyinib üstdən qıfıllandı, üstdən geyinib altdan qıfıllandı, axırıncı badəni bığlarının altından ötürüb ayağa qalxdı. Qıratı ifçin yəhərləyib, qabağına çəkdilər. Xanımlarla, dəlilərlə halallaşıb sıçradı Qıratın belinə mindi. Düratın üç gün getdiyi yolu Qırat bir gündə gedirdi. Koroğlunun elə bircə Qırata mindiyi göründü. At elə bil ki, quş kimi qanad açdı. Dağları, daşları düz elədi, ildırım kimi çaxıb gözdən itdi. Qıratın nallarından
qığılcım qalxırdı. Yolu başına götürmüşdü. Elə gedirdi ki, elə bil bir ox idi kamandan qurtarmışdı, süzürdü. Koroğlu getməkdə olsun, o tərəfdən keçəl Həmzə də üç gün, üç gecə idi ki, canının qorxusundan bir yerdə düşüb dincəlməyib at sürürdü. Yolun üstündə Qırx dəyirmanlar deyilən bir yer var idi. Oraya çatmağa az qalmışdı ki, Həmzə dönüb geri baxdı ki, yolda toz-dumana qarışıb, duman toza. Bir də diqqət eləyəndə gördü budu Koroğlu Qıratın üstündə elə gəlir, elə gəlir ki, ley kimi. Keçəl Həmzənin tüpürcəyi ağzında qurudu. Ha udqundu gördü yox, ağzının suyunu uda bilmir. Çünki öz işini bilirdi. Bilirdi ki, Koroğlu yetişən kimi onunkunu ona verəcək. Düratı qamçılayıb, özünü tez qırx dəyirmanların qapısına saldı. Atdan düşdü, atı dəyirmanın qapısındakı dirəyə bağlayıb tələsik çağırdı:
– Ay dəyirmançı, bir tez eşiyə çıx!
Dəyirmançı tez eşiyə çıxıb soruşdu:
– Qardaş, nə istəyirsən?
Həmzə dedi:
– Bax o yol ilə gələn qoç Koroğludu, Çənlibeldən gəlir. İlxısına qotur düşüb, dəyirmançı beyni axtarır ki, atlarını qoturdan qurtarsın. Tez başına çara tap. Yetişsə ömrünü tamam eləyəcək.
Dəyirmançı dili tutar-tutmaz dedi:
– Ay qadan alım, bəs mən nə eləyim? Onun əlindən necə qurtarım?
Həmzə dedi:
– Soyun paltarını mənə ver, mən geyim, mənim də paltarımı sən gey, get dəyirmanın donuzluğunda gizlən. Mən Koroğlunun ağzını yana sala bilsəm salmışam, yox sala bilməsəm onda qoy məni öldürsün, sən yazıqsan. Dəyirmançı tez paltarını çıxardı, ona verdi, Həmzə də paltarını dəyirmançıya verdi. Dəyirmançı qaçıb donuzluğa girdi. Həmzə dəyirmançının paltarını geyinib dəyirmanın içinə girdi. Özünü guppadan unluğun içinə salıb üzünü-gözünü o ki var una buladı, un kürəyini də əlinə alıb, unluğun qabağında dayandı. O tərəfdən Koroğlu özünü alıcı quş kimi dəyirmanın qapısına yetirib çığırıb dedi:
– Ay dəyirmançı, tez gəl bu atı tut!
Keçəl Həmzə dəiyrmançı paltarında qapıya çıxıb dedi:
– Nə buyurursan?
Koroğlu dedi:
– İndicə mənim qabağımca buraya gələn atlı necə oldu?
Keçəl Həmzə dedi:
– Odu, içəridə dəyirmanın donuzluğuna girib gizlənib.
Koroğlu tez atdan düşdü. Qıratı Həmzənin yedəyinə verib özü dəyirmana girdi. Ağzını donuzluğa tutub dedi:
– Əyə, ay keçəl, belə çıx!
Dəyirmançı daha da qorxub dedi:
– Haraya çıxım? Mənim sənin ilxının qoturuna dərman olası beynim yoxdu. Ölsəm də çıxmaram.
Koroğlu dedi:
– Əyə, ay keçəl, qotur nədi, beyin nədi, belə çıx səninlə işim çoxdu.
Koroğlu gördü ki, dəyirmançı öz xoşuna donuzluqdan çıxmaq istəmir, irəli yeridi. Dəyirmançı qorxub çəkildi. Koroğlu bir az da irəli yeridi. Dəyirmançı yenə də o tərəfə çəkildi. Birdən dəyirmançının başı dəyirmanın pərinə keçdi. Pər yazıq dəyirmançını bircə dəqiqədə öldürdü. Koroğlu irəli yeriyib gördü ki, keçəl Həmzə nə gəzir, ölən dəyirmançıdı. Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yanyörəsinə hərlənib özünə mehriban eləmişdi. Bir də Qıratın belə bir xasiyyəti var idi ki, Koroğlu onun yüyənini kimə tapşırsaydı, ona üzəngi verərdi. Odu ki, Koroğlunun başı içəridə dəyirmançıya məşğul olanda keçəl Həmzə Qıratı mindi. Koroğlu dəyirmandan çıxıb baxdı ki, keçəl Həmzə Qıratın belində, özü də dəyirmandan bir az aralı durub hərdən bir də atı qamçı ilə vurub incidir. Koroğlu indi başa düşdü ki, keçəl Həmzə onu aldadıb. Bir qəzəbləndi, Misri qılıncı çəkib hücum eləmək istədi. Ancaq baxdı ki, bundan bir fayda olmayacaq. Bilmədi ki, nə eləsin. Bir də baxdı ki, insafsız həm də Qırata elə bir qamçı vurdu ki, az qaldı od çıxsın. Keçəl Həmzəyə yalvardı ki, atı vurmasın.
Keçəl Həmzə dedi:
– Koroğlu, elə adın var imiş. Bir ay süfrənin qırıq-quruğundan yedim, indi onu da dilinə gətirdin, başıma çaldın. Özün karvanlar soyursan, mal-dövlət alırsan, indi bir at nədi ki, ondan ötəri bu qədər yalvarır, yaxarır, yanıb hayıfsılanırsan?
Koroğlu dedi:
– Mən ondan ötəri hayıfsılanmıram. Ona yanıram ki, sən Qıratı aparıb saxlayan, minən deyilsən. Gəl atı özümə sat. Bunu eləməsən əylən, onda Qıratın qiymətini deyim, allanıb ucuz satma!
Keçəl Həmzə dedi:
– Koroğlu, arxayın ol, qiymətinə sataram.
Koroğlu gördü keçəl Həmzə Qıratı verməyəcək, dedi:
– Barı qulaq as deyim, atı necə saxlamaq lazımdı. 
Keçəl Həmzə dedi:
– Koroğlu, nə zaman Qıratın dalınca Toqata gəlsəm özüm üzəngini basıb səni mindirəcəyəm. Amma indi heç üz vurma, atı verməyəcəyəm. Gərək aparıb Mahmud paşaya verib, Dona xatunu alam. Keçəl Həmzə bunu deyib, Qıratı səyirtdi, gözdən itdi. Koroğlu Düratı qaytarmağa gəlmişdi, Qıratı da əlindən verdi. Ona bu hamısından ağır gəldi, dəyirmanın qapısında yerə oturdu, aldı görək nə dedi:
Çünki oldun dəyirmançı
Çağır gəlsin dən Koroğlu!
Verdin Qırı, aldın Dürü,
Döy başına, yan Koroğlu!
Koroğlunun özü ac idi, atı da arpasız. Axşam düşdüyündən dəyirmana gələn də olmadı. Koroğlu ac-susuz yatdı. Elə ki, sabah açıldı bir də baxdı ki, budu bir kişi qabağında iki yüklü öküz gəlir. Kişi gəlib yetişdi. Bir Koroğluya baxdı, bir paltar-maltarına, şəst-bəstinə baxıb dedi:
– A qardaş, hanı dəyirmançı?
Koroğlu dedi:
– Dəyirmançı yoxdu, indi dəyirmanda mən dururam. Koroğlu özü öküzlərin üstündən çuvalları düşürdü, dəyirmana apardı, sonra kişidən soruşdu:
– Qardaş, bunların içində heç arpa varmı? Mənim atım arpasızdı, qorxuram damağ ola, bir az ona arpa verim yesin.
Kişi dedi:
– Çuvalların ikisi arpadı, ikisi buğda.
Arpa çuvalları yarımçıq idilər. Koroğlu bağlamaları bir-birinə boşaltdı, bir çuval elədi, Düratın qabağına qoydu. Kişi istədi Koroğluya mane olsun, Koroğlu gözünü elə bərəltdi ki, kişi qorxudan çıqqırını da çəkə bilmədi, çəkilib bir tərəfdə durdu. Gördü yox, bu o dəyirmançılardan deyil, bir az da o yan, bu yan eləsə çəkib cərcənəyini ayıracaq. Koroğlu özü də yaman ac idi. Dürat arpasını yeyənə qədər buğda çuvallarını töküb üyütdü. Unluğa da su buraxıb xamır qayırdı. Çəkib
dəyirmanın bir tərəfini sökdü, pərdilərdən ocaq çatdı, xamırı çörək bişirdi. Öküzün də birini kəsdi, soydu, cəmdəyinin yarısını kabab çəkdi, yarı çiy, yarı bişmiş yeyib toqqanın altını bərkitdi, sonra durub Düratı minib, üzünü Çənlibelə çevirdi. Bir də baxdılar ki, budu Koroğlu gəlir. Gəlir amma necə gəlir...
Hamı başını aşağı saldı. Nə bir salam, nə bir sabah. Heç keyfin, halın da soruşmadılar. Koroğlu atdan düşdü. Eyvaz onun qabağına çıxdı. Koroğlu neçə-neçə səfərlərə getmişdi, amma heç olmamışdı ki, qayıdanda dəlilər belə eləsinlər. Amma bu dəfə xanımlar onun üzünə baxmırdı, dəlilər salam vermirdi. Koroğlu çox qəzəbli idi. Bir tərəfdən Qırat əldən getmişdi, bir tərəfdən də Həmzə kimi keçəlin biri onu aldatmışdı. Elə ki, dəlilər dedilər biz də çıxıb gedirik, Koroğlu qəzəbinin gücündən özünü saxlaya bilməyib birdən qayıtdı ki:
– Əşi gedin də, nə eləyim gedirsiniz!
Bu söz dəliləri götürdü. Tay onların qabağını saxlamaq çətin iş idi. Hamısı vəlvələyə düşdü. Hamı getmək üçün hazırlaşmağa başladı. Nigar işdən xəbər tutub dəlilərin qabağını kəsdi, onları geri qaytardı. Nigarın dəlilər arasında o qədər hörməti var idi ki, onun bir sözünü iki eləməzdilər. Hamı qayıdıb oturdu. Nigar da onların arasında oturub üzünü də o yana çevirdi. Koroğlu baxdı ki, Nigar da ondan üz çevirdi. Bu, Koroğluya hamısından bərk yer elədi. Nigar dedi:
– Sən ki dəlilərə belə söz dedin, daha mənim də səninlə işim yoxdu. 
Deyirlər ki, Koroğlu heç bir söz deməyib düz durub getdi. Üç gün, üç gecə tamam ac, susuz ağzı aşağı düşüb yatdı. Bir də yuxusunda gördü ki, Toqatdadı. Qırat da altında. Diksinib qalxdı. Baxdı ki, Eyvaz başının üstündə oturub ağlayır. Eyvaz qalxdı, genə bir məclis qurdu. Xanımlar, dəlilər hamısı Koroğlunun başına yığışdılar. Yedilər, içdilər, kefləri kökəldi, damaqlar çağaldı, inciklik yaddan çıxdı, əvvəlki kimi şirin dost, mehriban yoldaş oldular. Koroğlu altdan geyindi, başdan qıfıllandı, başdan geyindi, ayaqdan qıfıllandı, Misri qılıncı bağladı, qalxan asdı, əmud götürdü, dava libasının üstündən, bir kürk geyindi, çiyninə də bir saz keçirdi, tək başına payıpiyada Toqata tərəf yola düşdü. Az getdi, çox dayandı, çox getdi az dayandı, gecəni gündüzə qatdı, gündüzü gecəyə qatdı, özünü Toqat şəhərinə yetirdi. Baxdı ki, hava qaranlıqlaşır. Bir qarının qapısını döyüb dedi:
– Ay qarı nənə, bu gecəliyə məni qonaq eləyərsənmi?
Qarı dedi:
– Niyə eləmirəm.
Koroğlu qarıya bir qədər pul verib dedi:
– Elə isə al, mənə yemək hazırla.
Qarı pulu çox görüb soruşdu:
– Pulun qalanını neyləyim?
Koroğlu dedi:
– Qalanı nədi, hamısına al.
Qarı soruşdu:
– Tək başına bu qədər şeyi neyniyirsən?
Koroğlu gülüb dedi:
– Qonağım var, on adamlıq xörək bişir.
Koroğlu içəri girib, oturdu. Qarı tez ayağa durub bazara üz qoydu. Yağdan, düyüdən, ətdən alıb gətirib on adamlıq xörək hazırladı. Elə ki, xörək hazır oldu, qarı gəldi ki:
– Yaxşı, xörək hazırdı, sənin də yoldaşların gəlmədi, nə eləyək?
Koroğlu dedi:
– Onlar tay gəlməyəcək. Çək, gətir buraya.
– Elə hamısını?
– Elə hamısını.
Qarı əvvəlcə inanmadı. Sonra gördü yox balam bu elə deyəsən ciddi danışır. Fikirləşdi ki, yaxşı çəkib apararam. Bu tay əjdaha-zad deyil ki, bir qarını var da, yediyini yeyər, qalanı da qalar. Bu elə mənim on beş günümə bəsdi. Qərəz, qarı ortalığa yekə bir mis məcməyi qoyub plovu çəkdi. Məcməyi təpə kimi qalandı. Yazıq qarı nə qədər hıqqandı, məcməyini yerdən götürə bilmədi. Koroğlu işi belə görüb durub gəldi, məcməyini özü götürüb evə gətirdi. Plovu ortalığa qoydu, qollarını çırmayıb əyləşdi. Qarı fikirləşdi ki, mənim oturub bununla bir yerdə yeməyim yaxşı deyil. O yeyər, doyar, onsuz da qalanı mənə qalacaq. Koroğlu qarını çağırdı ki:
– Qarı nənə, gəl.
Qarı dedi:
– Sən ye, mən ac deyiləm.
Koroğlu dedi:
– Nə yemisən ki, ac deyilsən? Gəl, sonra peşiman olarsan.
Qarı naz edib dedi:
– Yox, sən ye. Mən plovun iyisi ilə doymuşam.
Koroğlu bir də dedi:
– Qarı nənə gəl, bax sonra peşiman olarsan ha...
Koroğlu ilişdi plova, birinci tikədə plovun ürəyi üzüldü. İkinci, üçüncü, qarı gördü bu bir-iki tikə də vursa, məcməyidə bir şey qalmayacaq, düşdü qarın ağrısına ki, plovdan şişəcəyəm. Ancaq tay bir dəfə yemirəm demişdi, düşmüşdü boynuna deyin yaxınlaşa da bilmirdi. Elə bu fikirdəydi, Koroğlu bir də dedi:
– Qarı nənə, gəl... peşman olarsan.
Qarı elə bu sözə bənd idi. Tez çökdü məcməyinin başına. Qərəz yedilər, içdilər. Koroğlu bir düzəldi, pələ bığlarını eşdi, qarı ortalığı yığışdırdı, əyləşib söhbətə başladılar.
Qarı soruşdu:
– Ay qonaq, de görüm sən kimsən? Haradan gəlib, haraya gedirsən?
Koroğlu dedi:
– Qarı nənə, mən aşıqam. Çənlibeldənəm, bəs sizin şəhərdə nə var, nə yox?
Qarı soruşdu:
– Oğul, yaxşı vaxtında gəlib çıxıbsan. Keçəl Həmzə Koroğlunun Qıratını gətirəndən sonra paşa ona bəylik verib. Bu gün paşa qızını da ona verib toy eləyir. İndi toydu, aşıq axtarırlar. Sabah gedər oxuyar, bolluca nəmər yığarsan.
Koroğlu dedi:
– Ay nənə, indi Həmzənin gətirdiyi Qıratı harada saxlayırlar?
Qarı nənə:
– Mahmud paşanın töyləsində. Amma ay qonaq, bir də mənə nənə desən səndən inciyərəm. Mən qoca ha deyiləm. Dişlərimi nuzla töküb. 
Koroğlu o gecə qarının evində qaldı, sabah qalxıb keçəl Həmzənin toyuna getdi. Saz da çiynində gəlib, Mahmud paşanın imarətinə çatdı. Baxdı ki, bir toydu, bir toydu ki, gəl görəsən. Otaq paşa, bəy, xan, tacirlərlə doludu. Eşitdilər ki, aşıq gəlib, hamı sevindi... Koroğlunu çəkib məclisə apardılar. Baxdılar ki, bu aşıq heç onlar görən aşıqlardan deyil. Boyu uca, kürəkləri enli, süksünü kal süksünü kimi, boynunun əti kirdin-kirdin, bığları burulub keçirilib qulaqlarının dalına. Süründən-sifətindən zəhm tökülür. Qorxudan üzünə baxmaq olmur. Məclisdəki paşalardan biri dedi:
– Aşıq, hara aşığısan?
Koroğlu dedi:
– Çənlibel aşığıyam.
Paşa dedi:
– Qoç Koroğlunu tanıyırsanmı?
Koroğlu dedi:
– Yaxşı tanıyıram. Bir neçə il onun yanında aşıq olmuşam.
Toqatın paşası Mahmud paşa dedi:
– Bu gün dəli Koroğlunun Qıratını gətirən Həmzə bəyin toyudu. Qıratı gətirdiyinə görə bəylik alıb. Dona xatunu da ona vermişəm. İndi sən də bu toyda bir az dəli Koroğludan oxu, qulaq asaq. Koroğlu Qıratın adını eşitcək elə bil ki, ürəyinin başına od düşdü.
Mahmud paşa dedi:
– Aşıq, dəli Koroğlunu çox hünərli deyirlər. İndi de görüm Koroğlu iyiddi, ya mən?
Koroğlu dedi:
– Paşa, onun iyidliyi, mərdliyi dillərdə əzbər olub, aləmə yayılıb, hamı eşidib, mən də bilirəm. Amma səni indi görürəm. İzin ver, iyidliyin nişanını səndən xəbər alım, bilim, sonra deyim.
Mahmud paşa dedi:
– Aparın aşığı yedirib, içirin. Saqi Koroğlunu şərab olan otağa apardı. Qabağına bir qab şərab qoydu. Koroğlu qabı bir xortumda boşaldıb dedi:
– Belə şey mənim ağzımı da islatmaz. Verirsən ver əməlli-başlı içək, vermirsən gedək özümüzə gün ağlayaq. Otaqda üç tuluq yarım şərab var idi. Saqi Koroğlunu orada qoyub iri qab gətirməyə getdi. Saqi çıxcaq Koroğlu özünü verdi tuluqların yanına. Bir, iki, üç, bir hovurdu üç tuluq yarım şərabı içib, boş tuluqları bir tərəfə tullayıb, oradan keçdi aşxanaya. Aşbaz bir sini aş çəkib qoydu Koroğlunun qabağına. Gözünə dönüm Koroğlu, iki şapalaqda bir sini aşı qara bığının altından ötürüb dedi:
– Aşbaz qardaş, bu mənim bir küncümdə qaldı, aş ver oturduğuma görə doyunca yeyim. Aşbaz bir yekə sini də çəkib aşı Koroğlunun qabağına qoydu, Koroğlu onu da aşırdı. Bir də istəyəndə aşbaz dedi:
– Ay balam, haramı deyilsən ki, iki sini aşla doymadın?
Koroğlu dedi:
– Yeddi batman düyünün aşı, yeddi qoyunun yarı şaqqası, mənim bir dəfəmin xörəyidi. Belə şeylər mənim harama çatacaq?
Aşbaz istədi ki, Koroğlunu aşxanadan çıxartsın. Koroğlu bir əli ilə aşbazın boğazından tutub, belindən iki qatlayıb boş qazanlardan birinin içinə soxdu, ağzına da bir sini çevirib üstündə oturdu. Yavaşca qollarını çırmaladı, aş qazanlarını qabağına çəkib bir oturumda yeddisini aşırdı. Elə ki, qurtardı, pələ bığlarını eşdi,  ulaqlarının dalından keçirdi, girdi məclisə, məclisdəkilər dedilər:
– Aşıq, yedin doydun, indi oxu, qulaq asaq.
Paşalar Koroğlunu tanımamışdılar. Onlar elə bilirdi ki, bu doğrudan da aşıqdı. Keçəl Həmzə Çənlibeldən Qıratı gətirəndən bəri at neçə mehtəri tələf eləmişdi. Heç kəs atın yanına gedə bilmirdi. Mahmud paşa baxdı ki, bu aşıq deyəsən Qıratı yaxşı tanıyır. Ondan soruşdu:
– Aşıq, budu neçə müddətdi ki, Qıratı gətirtdirmişəm, amma vərəm dəymiş heç kəsə əl verməyir. Sən onu ipə-sapa öyrədə bilərsənmi?
Koroğlu bunu eşitcək az qaldı ruhu bədənindən uçsun. Tez dedi:
– Bəli.
Mahmud paşa əmr elədi, Koroğlunu Qıratın yanına saldılar. Qırat Koroğlunu görən kimi tanıdı. Bərkdən kişnədi. Koroğlunun könlü açıldı. Ürəyi coşub tel-tel oldu. Qırat Koroğlunun səsini eşidəndə elə kişnədi ki, yer titrədi. Koroğlu irəli yeriyib qollarını doladı Qıratın boynuna. Üzündəngözündən öpüb, yalını-yalmanını tumarladı, ifçin yəhərləyib töylədən çıxartdı. Keçəl Həmzə töylənin qapısında hazır durmuşdu. İrəli gəlib Qıratın üzəngisini basdı, dedi:
– Koroğlu, mən dəyirmandakı vədəmi yerinə yetirdim.
Koroğlu Qıratı minəndən sonra əynindəki kürkü çıxartdı, Misri qılıncının dəstəsindən yapışdı. Tay paşalardan, xanımlardan, bəylərdən soruşma. Hamı bir-birinə dəydi. Mahmud paşa hökm elədi, qoşun yerbəyerdən atlanıb Koroğlunun üstünə yeridi. Koroğlu qoşuna hücum eləyib, mərdanə qılınc vurmağa başladı. Düşmən çox idi, Koroğlu tək. Qoşun Koroğlunu aralığa almışdı. Qızğın dava idi. Koroğlu əmud vurur, cida oynadır, şeşpər atırdı. Hansı yana üz çevirirdi düşmanı  atımqatım
qatlayırdı. Baş kəsirdi, qol qırırdı, qanı su kimi axıdırdı. Qırat da işi ilə, çəçiyi ilə qoşunu didib tökürdü. Qoç Koroğlunun dəli nərəsi düşmanı qorxutmuşdu. Hamının əli davadan soyumuşdu. Koroğlu sağdan vurdu, soldan çıxdı, soldan vurdu, sağdan çıxdı, düşmanı şil-küt eləyib bir tərəfdən özünə yol açıb qoşunun arasından çıxdı. Mahmud paşa yolları tənablarla neçə yerdən kəsdirmişdi ki, bəlkə Koroğlu keçib gedə bilməsin, tutsunlar. Qırat tənabların yeddisini bir eləyib sıçrayırdı.
Koroğlu hər yerdən keçib Çənlibelə yol başladı. 
Koroğlu uzaq yolları keçib gəldi Çənlibelə yetişdi. Qırat Çənlibelə çatanda elə kişnədi ki, dağlar, dərələr dilə gəldi. Dəlilər tökülüb qabağa gəldilər. Qıratı tutdular. Koroğlunun Qıratı tapıb sağ-salamat gəlməyinə hamı sevindi. Şadlıq məclisi qurdular, yedilər, içdilər, keflər kökəldi. Koroğlunun kefi saz, damağı çağ idi. Badəni badənin dalınca qara bığlarının altından ötürürdü. Nigar xanım dəlilərə göz basıb Koroğluya dedi:
– Koroğlu, iyidliyinə sözüm yoxdu, amma belə sifətdən çox qarasan ey...
Koroğlu sazını sinəsinə basıb, aldı görək Nigar xanıma necə cavab verdi:
Mənə qara deyən gözəl,
Qaşların qara deyilmi?
Tökülübdü dal gərdənə,
Saçların qara deyilmi?
Hökm ilə oturub durma,
Hamı gülüşdü. Nigar Koroğlunun bu hazır cavabına şad oldu.
Məclis təzədən qızışdı...