Təbiət

Eynəkli nazikbədən

Nə gözündə eynək var, nə də özü o qədər incəbel deyil. Sadəcə adı belədir: eynəkli nazikbədən. Əslində isə o, meymundur. Ağacda yaşamağı sevən meymun. Demək olar ki, ağacdan yerə düşməz, 35 metr hündürlüyə qədər çıxa bilər. 

 

Malayziya, Mayami və Tailandda yaşayır. Yaşıl ağac zoğları və yarpaqlarla qidalanır. Bədəninin uzunluğu 42-61, quyruğunun uzunluğu isə 50-85 santimetr olur. Onun pəncələri insan əllərinə bənzəyir. Barmaqları yaxşı inkişaf edib. Tüksüz olan ayaqlarının altı və ovucları qara rəngdədir. Quyruğu, adətən keçəl olur və yaxud seyrək və qısa tüklə örtülür. Onlar yaşadıqları ərazini daimi nəzarət altında saxlamağı sevir. Onların nəzarət arealı bəzən 12 hektara qədər ərazini əhatə edə bilir.

 

 

Çoxkameralı mədələri ən çətin həzm olunan qidaları belə həzm edə bilir. Həzm prosesini asanlaşdıran isə onların mədəsində yaşayan bakteriyalardır. Bir bala beş aya doğulur. Narıncı rəngli kürkdə doğulan körpə yalnız altı həftədən sonra rəngini dəyişə bilir. Kürkü qaralır, gözlərinin ətrafında eynək şəklində tük örtüyü formalaşır. Nə az, nə çox, düz 33,9 il yaşayır. Vəhşi təbiətin qoynunda yaşayan eynəkli nazikbədənlər bu yaşa gəlib çata bilmir. Xəzlərinin rəngi qəhvəyidən, bozdan qaraya qədər dəyişə bilir. Qarın ətrafı, arxa ətraflar və quyruq, adətən açıq rəngdə olur. Ağızlarının ətrafı nisbətən açıq rəngdə olur və təpələrində kəkiləbənzər tük yığıntısı gözə çarpır.


Nemey nazikbədəni - Mərkəzi Laosda, Vyetnamda və Şərqi Kambocada yayılıb. Həm dağətəyi ərazidə, həm də dəniz səviyyəsindən 1600 metr hündürdə yaşaya bilirlər. Onların qida rasionuna 50 növ bitki daxildir. Gündüz həyatı sürür, vaxtlarının çoxunu rütubətli tropik meşələrin orta və yuxarı qatlarında keçirir. Bütün meymunlar kimi onlar da çox sosial və xoşrəftar biridirlər. Dişilər baş rolda olur. Miqrasiyalar zamanı dəstəyə rəhbərliyi də məhz yaşlı dişi edir, gənclər yanlarda, analar, körpələr və yaşlılar isə ortada, nisbətən təhlükəsiz yerdə gedirlər. İti, cəld və güclü caynaqları ilə istənilən səthdə asanlıqla irəliləyir. Altı metr məsafəyə tullanır, səssizcə güclü ayaqları üstə enir və yenidən tullanır. Orta ömrü 25 ilə qədər davam edir.