Nağıllar, hekayələr

Akif Abbasov. İnşa

Rasim Elçinə məktəbin həyətində rast gəldi. Dərsin başlanmasına az qalırdı. Rasim:

 

- Elçin, inşanı yazmısan? - deyə xəbər aldı.

 

Elçin:

 

- Yazmışam, - dedi. - Nə üçün maraqlanırsan*?

 

- İstəyirəm köçürəm. Müəllim yoxlayacaq.

 

- Bəs bütün günü nə etmisən?

 

- Nəsimi küçəsinin uşaqları ilə futbol oynayırdıq. İşin tərsliyindən, uduzduq.

 

O, Rasimi dinlədi, sonra bildirdi ki, dəftərini ona verə bilməyəcək:

 

- İnşalarımız eyni olmamalıdır. Bunu sən özün də bilirsən.

 

Dostunun cavabı Rasimə ağır gəldi. Acıqla əlini yelləyib dedi:

 

- Dosta bax, bir dəftəri də qıymır.

 

Rasimin bərk incidiyini görən Elçin onu saxladı. ...

 

Günortaya az qalmışdı. Bərk isti idi. Uşaqlar addımlarını yeyinlətdilər. Kəndin qənşərinə çıxanda Böyükdüz göründü. Başı ağ örpəkli arvadlar kolların arasında əyilə-əyilə pambıq yığırdılar.

 

... Dərs başlananda Rasim artıq işini qurtarmışdı. Müəllim davamiyyəti yoxlayıb uşaqlardan soruşdu.

 

- Evə verilən tapşırığı kim yerinə yetirməyib?

- ...

- Çox gözəl. Deməli, hamınız yerinə yetirmisiniz. Rasim, bala, inşanı oxu görək.

 

Rasim ayağa qalxıb oxumağa başladı. Müəllim onun “Bahar fəsillər gözəlidir” sərlövhəli yazısını bəyəndi və onu təriflədi.

 

- Görürsən, Rasim, çalışsan, o birilərdən heç də geri qalmazsan, - dedi və onun adının qarşısında “yaxşı” yazdı.

 

Nəhayət, növbə Elçinə çatdı. Rasim narahat oldu. Elə bilirdi Elçin öz inşasını oxumağa başlayacaq və hər şey müəllimə aydın olacaq. Rasimin onu aldatdığını başa düşəcək. Elçin isə ayağa qalxıb:

 

- Yazmamışam, - dedi.

 

Müəllim təəccübləndi:

 

- Nə üçün, oğul, bəlkə, başa düşməmisən?

 

-Vaxtım olmayıb.

 

- Bəs bütün günü nə ilə məşğul olmusan?

 

O dinmədi. Rasimə ötəri nəzər salıb, üzünü yana çevirdi. Rasim bayaq ona dediyi sözləri xatırlayıb xəcalət çəkdi.

 

Müəllim sualını yenidən təkrar etdi. Elçin başını aşağı salıb güclə:

 

- Futbol oynamışam, - dedi.

 

- Bəs bayaq soruşanda ev tapşırığını kim yazmayıb, nə üçün dillənmədin? Heç gözləməzdim. Otur.

 

Müəllim o gün Elçinə “2” yazdı. Dərs ili ərzində aldığı ilk “iki”dən o, bərk təsirləndi. Gözlərindən süzülən yaş damlaları dəftərinin üzərinə düşüb, dünən həvəslə yazdığı inşanı ləkələdi. ...

 

Rasim öz səhvini başa düşmüş, bərk peşman olmuşdu. O, tənəffüsdə Elçinə yaxınlaşıb üzr istədi:

 

- Bağışla, Elçin, mən düzgün hərəkət etmədim.

 

Sonra isə müəllimlər otağına yollandı. Əhvalatı müəllimə danışdı və ondan da üzr istədi:

 

- Müəllim, söz verirəm ki, bundan sonra yaxşı oxuyacağam.

 

Müəllim onun başını sığallayıb gülümsündü.