Bu maraqlıdır!

Holon Uşaq Muzeyi

Holon Uşaq Muzeyi bir başqa muzeydir. Bu muzeydə bütün eksponatlar sənin ixtiyarındadır. Nəyə istəyirsən əl vur, nəyin üstünə istəyirsən çıx, hoppan, qaç, gəz, buludun üstündə uç, qurbağalara dirijorluq et, qar yığını arasında yumalan. Bir sözlə, nə istəyirsən et. 


Bu muzey İsraildə Tel-Əvivdən 10 kilometrlik məsafədə yerləşir. Uşaqların əylənməsi üçün müxtəlif pavilyonlar var.

 

“Qaranlıqla dialoq” – bu gəzinti üçün muzeydə xüsusi pavilyon var. Hər 15 dəqiqədən bir gözdən əlil bələdçi uşaqları qaranlıqlar qoynuna səyahətə aparır. Saatlar və mobil telefonlar alınır. Yalnız əl ağacı ilə qeyri-müəyyən istiqamətdə gedirsən. Gözünü açıb baxa bilərsən. Onsuz da qaranlıqda heç nə görməyəcəksən. Yol içində meşəbəyi daxması olan meşədən keçir, bitkiləri və əşyaları ancaq əl təması ilə təyin edə bilirsən. Sonra qeyri-adi şəhərin dar-dolanbac küçələri, kiçik qayıqda gəzinti. Üstünə ələnən su damcıları. Hər mərhələdə də hansısa bir tapşırığı yerinə yetirir, nəyi isə yalnız toxunmaqla aşkar edirsən. Bir sözlə, 75 dəqiqə boyunca kor insanın qaranlıq dünyasını səyahətə çıxır, onun yaşadıqlarını bütün qəlbinlə anlaya bilirsən.

 

“Sakitliyə dəvət” – qaranlıqdan işığa, yalnız səssiz və lal işığa doğru aparır səni bu mərhələ. Bələdçiləri kar və zəif eşidənlərdir. Elə buradaca anlayırsan ki, nə qədər alternativ əlaqə növləri var. “Gözlərinlə eşidirsən”, “əllərinlə danışırsan”, müxtəlif situasiyalarda sözsüz ünsiyyət qurmağın nə olduğunu anlayırsan. ... Və qəfildən ən azı 70-75 il qocalırsan. Dönüb 81 yaşlı qoca olursan. Qoca obrazına girmək üçün müxtəlif əşyalardan istifadə edirsən. Burada çox ağır ayaqqabılar, hansılarda ki, ayağını qoca insanlar kimi güclə atırsan, əlcəklər, geyimlər və s. var. Bu ekskursiyanın bələdçiləri yaşlı insanlar olur.

 

Beləcə, bir muzey səni bütöv bir həyatın qoynuna atır. Bu həyatda qaranlıqlar içində yaşayanlar, səssizlikdən boğulanlar və əli-ayağı güclə yer tutanlar var. Və sən anlayırsan ki, Yaradanın sənə bəxş etdikləri ilə nə qədər şanslısan və sənə verilənlər yalnız sənin üçün deyil. Ondan dünyası qaranlıqlar və səssizlik içində olanlara, ömrünün xəzan dövrünü yaşayanlara da “Qayğı” adlı bir pay ayırmalısan.