Odlar Yurdu

Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131,0 hektar sahəsində Ordubad Milli Parkı yaradılmışdır. Milli Parka akademik Həsən Əliyevin adı verilmişdir. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları və Şahbuz Dövlət Təbiət Qoruğunun hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır.


Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir.


Zəngəzur Milli Parkının yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus  iqlimə, relyefə və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi, turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.


Zəngəzur Milli parkının ərazisinin çox hissəsi dağlıqdır. Ərazinin boz, çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqları yayılmışdır.
Zəngəzur Milli parkının ərazisində suda-quruda yaşayanların 4 növü - Suriya sarımsaqlı qurbağası, yaşıl qurbağa, kiçik ağac qurbağası, qısayaq qurbağa yayılmışdır.


Milli parkda 217 növ və yarımnöv quşa (Avropa tüvüyü, çəhrayı qutan, qıvrımlələk qutan, ərsindimdik, ağquyruq dəniz qartalı, berket, toğlugötürən, adi ilanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək və s.) rast gəlinir.

Zəngəzur Milli parkının ərazisinində 32 növ məməli (Aralıq dənizi nalburnu, cənub nalburnu, adi uzunqanadlı, oxlu kirpi, kəsəyən dağ siçancığı, bəbir, çöl pişiyi, manul pişiyi, qonur ayı, Qafqaz bezoar keçisi, muflon və s.) yayılmışdır. Yırtıcılardan canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, meşə pişiyinə rast gəlinir.          
 
Naxçıvan suları üçün 16 növ balıq (Kür altağzı, Kür qumlaqçası, Arza xramulyası, Kür şirbiti, ilişkən, çəki, qızılxallı balıq, zərdəbər, Qafqaz gümüşçəsi və s) xasdır.
 
Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi ali və nadir bitkilərə görə də zəngindir. Belə ki, Muxtar Respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın və yasaqlığın ərazisində mövcuddur. Bunlardan çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, zərif süsən, Qrossheym süsəni, Gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi, və s. Bu növlərin əksəriyyətinin adları “Qırmızı Kitab”a daxil edilmişdir.