Görkəmli şəxsiyyətlər

Xanımana Əlibəyli

Xanımana Sabir qızı Əlibəyli 1920-ci il aprelin 20-də Bakı şəhərinin Keşlə kəndində mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açmışdır. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar.

Bədii istedadı olan Xanımana nənə hərdən şeir də yazarmış. Şairimizin atası Sabir bəy Əlibəyov Sankt-Peterburq universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüquqşünaslarından biri kimi tanınırdı. Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi və təbii ki, valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olurdular.  Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur. Müəllimi, sonralar görkəmli yazıçı kimi tanınan Məhərrəm Əlizadə Xanımananın istedadını görmüş, onunla məşğul olmuş, ilk şeirlərinin kütləvi informasiya vasitələrinə yol açmasına, balaca şairin Azərbaycan radiosu ilə çıxış etməsinə kömək etmişdir.


16 yaşında ikən Xanımana Bakı Dövlət Tibb İnstitutuna daxil olmuşdur. 1942-ci ildə institutu bitirən gənc həkim təyinatla Masallı rayonuna gedir. Qızılavar kənd tibb məntəqəsində fəaliyyətə başlayır. Tezliklə Xanımana ikinci ali təhsil almaq üçün ADU-nun filologiya fakültəsinə qəbul imtahanları vermiş, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.


Xanımananın ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış. ADU-da  oxuduğu illərdə “Ana” şerini yazır. Sonra digər uşaq şeirləri yazır. "Balaca həkim" adlı ilk kitabı 1955-ci ildə “Uşaqgəncnəşr” tərəfindən 30.000 nüsxə ilə çap olunub. Bundan başqa onun “Çoxbilmiş çəpişlər”, “Ləpələrin nağılı”, “Sənubərin gözləri”, “Məni günəşə at” və s. kitabları da işıq üzü görüb. 
Bədii yaradıcılıq sahəsində yeni, ciddi uğurlar qazanan şair 1953-cü ildə uşaq ədəbiyyatımızın parlaq simalarından olan Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.


Xanımana Əlibəyli yüzlərlə uşaq şeirinin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir. Müəllifin “Cunquş”, “Dovşanın ad günü”, “Aycan”, “Gözəllər gözəli” pyesləri uzun müddət gənc tamaşaçılar teatrının səhnəsini bəzəyib. Əsərlərində vətənə məhəbbət, insan əməyinə və istedadına ehtiram, təbiət gözəlliklərinə vurğunluq, ataanaya, müəllimə, qardaş-bacıya, ümumiyyətlə, 6 böyüklərə hörmət və ehtiram, cəmiyyətdəki eybəcər hallara nifrət, gücün birlikdə olması kimi insani keyfiyyətləri tərənnüm edən X.Əlibəylinin bəzi əsərləri keçmiş SSRİ xalqlarının, eləcə də çex və slovak dillərinə tərcümə edilmişdir.


Xanımana ömrünün ixtiyar çağında 7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakı şəhərində dəfn edilmişdir. “Dovşanın ad günü” “ Gözəllər gözəli ” poemaları onun ən populyar poemalarındandır. Bu poemalar məktəb yaşına çatmamış uşaqlar üçün nəzərdə tutulub.