Uşaq yaradıcılığı

Qonağımız Kərim Şəfizadədir

“Uşaq yaradıcılığı” rubrikası sizi bir-birindən istedadlı uşaqlarla tanış etməyə davam edir. Bugünkü qonağımız Kərim Şəfizadədir. Kərim 12 noyabr 2008-ci ildə Bakı şəhərində anadan olub.

 

Hazırda 210 nömrəli məktəbin 5-ci sinif şagirdidir. Sinif əlaçısı Kərim idmana və rəqsə böyük maraq göstərir. 3 il rəqslə məşğul olub. Daha sonra isə üstünlüyü cüdoya verib və 8 yaşından bu idman növü ilə məşğul olmağa başlayıb.  Kərim cüdo üzrə bir sıra yarışlarda iştirak edib və uğur qazanıb. 

 

O, 2018-ci ilin fevral ayında cüdo üzrə sarı kəmərlə mükafatlandırılıb. Hazırda narıncı kəmər uğrunda çalışır. “Kanokan TT” peşəkar cüdo klubunda məşğul olur, müəllimi əməkdar cüdoçu Tərlan Həsənovdur.

 

Gələcəklə bağlı arzularının ilk sıralarında hüquq mühafizə orqanlarında çalışmaq olduğunu deyən Kərim bu arzusunu reallaşdırmaq üçün indidən dərsləri ilə ciddi məşğul olur. O düşünür ki, uğura gedən yol çox çalışmaqdan keçir.

 

Bu gün həm də qonağımız Kərimin 10 yaşı tamam olur. Biz də Uşaq Bilik Portalı adından Kərimə uğurlar arzulayır, onu təbrik edir və qonağımız olduğu üçün təşəkkür edirik.