Bu maraqlıdır!

Dünyanın ən maraqlı parkı - Harri Potterin Orlandoda sehrli aləmi

“Harri Potterin Orlandoda sehrli aləmi” dünyanın ən maraqlı parkı hesab edilir. Sirr yalnız yüksək texnologiya nümayiş etdirən attraksionlarda deyil, həm də gənc kino və kitab-epopeya qəhrəmanının — Harri Potterin yaşadığı məkanı olduğu kimi yaratmaqdadır. Buradakı sehr dolu abı-hava sehr həvəskarı olmayanları belə öz cazibəsinə sala bilər. Harri Potter haqqında kitablar silsiləsini oxuyan hər uşaq və ya böyük Hoqvarts ovsun və sehrbazlıq məktəbinə dəvət almaq, qəribə varlıqlarla dolu sehr aləmində gözünü açmaq, sehrli çubuğa sahib olmaq, uçan süpürgədə səyahət etmək arzusunda olar. Arzular həyata keçəndə çox gözəl olur. Sehrbazlıq arzularının həyata keçdiyi məkan isə 2010-cu ildə Florida ştatının Orlando şəhərində açılıb. 


“Harri Potterin sehrli dünyası”na səyahət edən hər bir böyük və uşaq mütəxəssislər tərəfindən mahir ustalıqla yaradılmış Hoqvarts cadugərlik məktəbinə, cadu və ovsun elementlərinə baxmaq üçün məktəbin direktoru Albus Dambldorun kabinetinə baş çəkə, qadağan olunmuş meşə cığırlarında dolaşa, Cadugərlər kəndi Hoqsmiddəki “Üç süpürgə” cadugərlik akademiyasında şən bir gün keçirdə bilər. Hələ “Hoqvarts-ekspress”də əyləncəli dəmiryolu səyahətini demirəm. Qar yığınları arasında damı dağılmış və bacası qapqara hiss bağlamış evlər, cəlbedici vitrinlər, daha nələr və nələr... 


Parkın dizaynında ən məşhur memarlar, dizaynerlər və ən başlıcası Harri Potterin müəllifi Coan Roulinq özü iştirak edib. Parkın kitabla bənzərliyi ən xırda məqamlara qədər dəqiqliklə işlənib. Hoqsmid kəndi — Harri Potter dünyasındakı sevimli məkandır. Burada səs-küylü qəhvəxanalar, qəribə əşyalar satan saysız-hesabsız mağazalar var. Ən maraqlısı isə Bayquşpoçt xidmətidir. Bu xidmətdən Hoqsmid kəndinin gerbi və möhürü vurulmuş məktubların daşınmasında istifadə edilir. “Şirin krallıq” adlı mağazada isə parka gələnlərə cadugərlər dünyasının ən müxtəlif şirniyyatları təqdim edilir: şəkərli quş lələkləri, şokolad qurbağalar, partlayan turş konfetlər, ot və soxulcan ətri verən rəngbərəng karamellər, qaymaqlı içkilər və marmeladlar... Cənab Ollivanderin dükanı isə sehrli çubuqlar məkanıdır. Burada alıcı çubuğu seçmir, çubuq alıcını seçir. İnteraktiv sorğu. Və sehrli çubuq öz sahibini tapır. “Donuz başı” və “Üç süpürgə” qəhvəxanaları isə geniş çeşiddə ənənəvi ingilis mətbəxi yeməkləri təklif edir, köhnə reseptlə hazırlanmış əla balqabaq şirəsi ilə ziyarətçiləri sevindirir. Sobada bişirilmiş hindtoyuğu, kornuel pirojkiləri, təzə sıxılmış meyvə şirələri hər kəsin damaq dadına uyğun tərzdə hazırlanır. Ən böyük tikili isə Hoqvarts qəsridir. Bu qəsrin məşəllərlə işıqlandırılmış dar-dolanbac dəhlizləri hər kəsə nəfəstutan əyləncə vəd edir. Dərs otaqları, professor Dambldorun kabineti, danışan və tərpənən portretlər, Qaranlıq İncəsənətin Müdafiəsi otağı, qadağan olunmuş meşə və daha nə, nə... 


2014-cü ilin yayında bu parkda Çəp döngə də açıldı. Çox arzuolunan bu ərazi Harri Potter filmlərində təsvir olunmuş nağılvari London rayonudur. Bu ərazi Harri Potter sehrli aləmindən bir xeyli məsafədədir və ora yalnız “Hoqvarts-ekspress” qatarında yollanmaq olar. Çəp döngədəki “Harri Potter və Qrinqotts bankından qaçış” attraksionu hər kəsə Harri Potterin keçirdiyi həyəcanı bəxş edə bilər. Çəp döngədə kitabda adı çəkilən bütün dükanlar var: “Ollivanderdən sehrli çubuqlar”, “Ölümgətirənlərə” qarşı “Qara magiya”, “Cadugər heyvanlar mağazası”, “Sehrbazlar üçün geyim mağazası”, yaxşı yumor zövqü olanlar üçün məzəli “Uizli əkizləri mağazası” — “Müxtəlif təyinatlı ovsun xırdavatı” mağazası və çoxlu sayda digər alış-veriş məkanları.