Bu maraqlıdır!

Top və toxmaqla oynanan komanda idman oyunu: Kriket

Kriket – top və toxmaqla oynanan komanda idman oyunudur. Kriketin vətəni İngiltərədir. Amma onu Asiya, Avstraliya, yeni Zelandiyada da oynayırlar.

Bu oyun komanda oyunudur və onu tək oynamaq olmaz. 


İngiltərədə bu oyun orta əsrlərdən dəbdədir. 18-ci əsrdən etibarən isə rəsmi kriket yarışları keçirilir. Oyunlar yaşıl otla örtülmüş idman meydançasında oynanılır. Kriket meydançası oval şəkildədir. Meydançanın ölçüləri 80x60 metr nisbətində olur. Meydançanın tən ortasında bir-birindən 20 metr məsafədə iki qapı quraşdırılır. Kriket topu 170,5 qram ağırlığında, toxmağı isə 95 santimetr uzunluğundadır. Oyunun məqsədi rəqib komandanın qapısını toplarla dağıtmaqdır. Oyunçular toxmaqla qapını topdan qoruyurlar. Hər komandada 11 nəfər olur.

 

Oyunun müddəti isə komandaların qarşılıqlı razılaşması əsasında müəyyənləşdirilir. Qapıçı qoruyucu zirehli geyimdə olmalıdır. Digər oyunçular isə adi idman geyimlərində olur. Kriket yay oyunudur. Açıq havada, adətən günorta, saat 1-dən axşam saat 6-ya qədər oynanılır. Bu səbəbdən oyunçulara qoruyucu günəş kremlərindən və baş geyimlərindən istifadə etmək və çoxlu su içmək tövsiyə edilir.