Nağıllar, hekayələr

Nizami Gəncəvi. Kərpickəsən qocanın hekayəti

Şam şəhərində qoca bir kişi yaşayırdı. Palçıqdan kərpic kəsib satmaqla dolanırdı. Öz işinin mahir ustası idi. Onun kəsdiyi kərpiclər çox möhkəm olurdu. Bir sözlə, qoca olsa da, çörəyini minnətsiz qazanırdı. Geyməyə bir şey tapmayanda yaşıl otlardan özünə köynək toxuyurdu.


Qızmar bir yay günündə kərpickəsən qoca tərini silə-silə palçıq qarışdırırdı. Bu zaman yoldan keçən cavan bir oğlan qocanın necə əziyyət çəkdiyini görüb dedi


– Ey qoca, sən niyə belə ağır zəhmətə qatlaşırsan? Yaşlı adamsan, özünə yazığın gəlsin. Bu qədər əziyyətin qabağında qazandığın bir qarın çörəkdir. O çörəyi kimdən istəsən, səndən əsirgəməz.


Qoca bir anlığa əl saxlayıb diqqətlə cavanı süzdü. Bir qədər acıqlı səslə dedi:


– Deyirsən, özümə yazığım gəlsin?! Mən o zaman yazıq olaram ki, gəlib sənin qarşında bir parça çörək üçün əl açım! Bu əziyyəti ona görə çəkirəm ki, alnıaçıq, üzüağ yaşayım. Qolunda az-çox gücü olan adamın başqasına əl açması şərəfsizlikdir. Şərəfsizlik isə ölümdən betərdir.


Qocanın sözləri cavana təsir etdi. O, dediklərindən peşman oldu. Şərəflə yaşayan bu qoca onun gözündə ucaldı. Hörmətli bir insana çevrildi. O, qoca kərpickəsənə ədəblə baş əydi və yoluna davam etdi.

 

Deyirlər Şam tərəfdə bir qoca kişi vardı,
Pəri kimi xalq ilə onun nə işi vardı.


Əyninin köynəyini ot - ələfdən hörərdi,
Kərpic kəsib birtəhər dolanar, gün görərdi...


Qılınclı ərlərin ki, düşərdi qalxanları,
Məzarına kərpicdən döşərdi “qalxanları”.


Kəfənsizin kəfəni, duvağıydı kərpici,
Günahkarın ağzının suvağıydı kərpici.


Bir gün yenə işiylə başını qatdı qoca,
Əldən- dildən düşərək qan- tərə batdı qoca.


Birdən – birə göründü gözə bir cavan oğlan,
Başladı məzəmmətlə sözə bir cavan oğlan:


“Bu düşkünlük, zəlillik səncə, hara yaraşar?
Palçıq- saman yoğurmaq muzdurlara yaraşar.


Torpağın qalxanını qılıncınla sökmə sən,
Bir qarın çörək üçün öz abrını tökmə sən.


Bu kərpic qəlibini yandırıb külə döndər,
Ömrün xəzan bağını əlinlə gülə döndər.


Daş kimi kəltənlərə bel vurmaqdan nə çıxar?
Bəlimli palçıqları yoğurmaqdan nə çıxar?


Qocasan, qocaların yerişini yeri sən,
Yorularsan, cavanın yerişini yerisən”.


Qoca dedi: “Nadanlıq havası var başında,
Ağsaqqala gülürsən belə cavan yaşında.


Qocalar kərpic kəsər, halallıqla yaşayar,
Kölələr, əsir qullar ağır yüklər daşıyar.


Qarşında boyun büküb əl açmayım deyə mən,
Əzəldən əl atmışam belə bir peşəyə mən.


Nə xəzinə yığanam, nə də tirmə geyənəm,
Öz halal zəhmətimin çörəyini yeyənəm.


Halalca nemətimə naşükür olma mənim,
Nemətə xor baxana nemət qənimdir, qənim.”


Qocaya tənə vuran peşmanladı sözündən,
Gözdən itən zamanda yaş axıtdı gözündən.


Dünya görmüş insandı, qoca belə qocaydı,
Namuslu zəhmətiylə el gözündə ucaydı.


Unut dünya evini sən burada, Nizami!
Məslək eşqi yetirər hər murada, Nizami!