Xəbərlər

Nəsimi rayon məktəbliləri növbəti dəfə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edəcəklər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2018-ci il 14-17 noyabr tarixlərində “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiya təşkil olunacaq.

 

AZƏRTAC xəbər verir ki, bu tur aksiya çərçivəsində Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl rayonlarına səfər edəcəklər.

 

Tur–aksiyada iştirak edəcək Nəsimi rayon məktəbliləri ilə rayon icra hakimiyyətində məktəb direktorlarının, valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

 

Görüşdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat verib, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, şəhər məktəblilərinin respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan regionların, şəhər və rayonlarımızın yeniləşən siması ilə yaxından tanış olması onlarda xüsusi təəssüratlar yaradacaq. “Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi və Azərbaycanın üçüncü peyki olan “Azərspace-2” peykinin orbitə buraxılması xalqımızın şanlı tarixinə yazılmış əlamətdar hadisələrdir. Həmçinin bu gün Azərbaycanın üçrəngli bayrağının Lələ Təpədə, Cocuq Mərcanlıda dalğalanması və Silahlı Qüvvələrin hərbi paradının keçirilməsi Azərbaycan xalqının, xüsusilə gənclərin qürur mənbəyidir”, - deyə icra başçısı vurğulayıb.

 

Azərbaycanın artan iqtisadi qüdrətindən danışan Asif Əsgərov “Əsrin müqaviləsi” adını almış neft kontraktının vaxtının uzadılmasından, TAP və TANAP layihələrinin uğurla icra olunmasından, istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətindən danışıb. O, ölkəmizdə təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafı, ekologiyanın qorunması istiqamətində görülən işlərdən də ətraflı bəhs edib.

 

Bildirilib ki, tur-aksiya zamanı məktəblilərin Gəncə şəhərində Qədim Qala divarlarına, Nizami Gəncəvinin məqbərəsinə, Nizami Gəncəvi Mərkəzinə, Cavad xan məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Xan bağına, amfiteatra, Gəncə Dövlət Filarmoniyasına, Gəncə bulvarına, Gəncə avtomobil zavoduna, Göygöl rayonunda Hacıkənd qəsəbəsi və Göygöl milli parkına, Şəmkir rayonunda Abidələr, İstiqlal parklarına, “Nəfis” çörək zavoduna, Şəmkir Aqroparkına ekskursiyaları təşkil olunacaq. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Bayraq Meydanına, Tarix Diyarşünaslıq muzeylərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacaqdır.

 

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak üçün rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 şagird seçilib. Rayon icra hakimiyyətində yaradılmış qərargah tərəfindən qrupa rəhbər təyin olunub, şagirdləri müşayiət edəcək müəllim və həkim heyəti seçilib. Şagirdlər xüsusi geyimlər və tələb olunan ləvazimatlar ilə təmin olunublar.

 

Görüşdə valideynlər və şagirdlər çıxış edərək doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışmış, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

 

Tədbirin sonunda təşkil olunmuş konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb.