Mədəni irsimiz

2500 yaşlı xalça

Keçən əsrin ortalarında Altayda yerli türklərin Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandan hamını heyrətə salan əşyalar aşkar edib. 


Saqa (skit) boylarına məxsus bu sənət əsərləri içərisində salamat qalmış və rəngini itirməmiş bir xalı da olub. "Pazırıq xalısı" (bəzi mənbələrdə Bərdə xalısı) adı ilə bugün Ermitajda saxlanan bu xalının yaşı e.ə. V əsrə aid edilir. Alimlərin fikrincə, bu xalının tapıldığı kurqanda aşkar olunan digər əşyalar və onların kimyəvi analizi, onların 2500 il əvvəl bu məzara (basırığa) qoyulduğunu əks etdirir.


Qeyd edək ki, bu qədim xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və xalının buzun içində qalması olub. 180 x 200 sm ölçüdə olan dünya şöhrətli bu xalının üzərindəki naxışların, at və maralların, ortadakı çərçivədə 24 xananın anlamı bir çox alimin tədqiqat mövzusuna çevrilib.

 


Məlumat üçün bildirək ki, əksər tədqiqatçılar burada verilən simvolların saqa (skit) sənət əsərlərindəki "heyvan üslübü" ilə üst-üstə düşən və ayrılan cəhətlərinə də toxunmuşlar. 1960-cı illərdən şüşə arxasında saxlanan bu xalının toxunma üsulu haqqında da müxtəlif fikirlər vardır: bəziləri onu ilmikli, bəziləri də buklə (dolama, sarma, lülə) üsulu ilə toxunduğunu qeyd etmişlər.