Bu maraqlıdır!

IELTS - Beynəlxalq İngilis Dili Test Sistemi

IELTS nədir?


IELTS, Beynəlxalq İngilis Dili Test Sistemi, ingilis dilinin ünsiyyət dili olduğu yerlərdə oxumaq və ya işləmək istəyən namizədlərin dil qabiliyyətini qiymətləndirmək üçün nəzərdə tutulub.


IELTS, Cambridge ESOL imtahanları Universiteti (Cambridge ESOL), Britaniya Şurası və IDP: IELTS Avstraliya tərəfindən birgə idarə olunur. IELTS ən yüksək beynəlxalq standartlara cavab verən dil qiymətləndirməsi sistemidir.


IELTS Avstraliya, Kanada, Yeni Zelandiya, İngiltərə və ABŞ da daxil olmaqla bir çox ölkələrin universitet və müəssisələri tərəfindən tanınır. IELTS, həmçinin özəl təşkilatlar, immiqrasiya orqanları və dövlət qurumları tərəfindən də qəbul edilir.


Dünyadakı 1100-dən çox test mərkəzi IELTS-in idarəçiliyindədir. Test mərkəzlərinin çoxu Britaniya Şurası, IELTS Avstraliya və ya universitetlər və dil kursları tərəfindən idarə olunur. Bəzi test mərkəzləri IELTS ilə əvvəlcədən razılaşma yolu ilə böyük qruplar üçün onlayn test sistemi təklif edir. 


IELTS-də dörd mərhələ var: oxuma, yazma, dinləmə və danışıq. Tələbələr bütün mərhələlərdə iştirak etməlidirlər. Bütün tələbələr eyni dinləmə və danışıq testi mərhələsindən keçsə də, seçdikləri moduldan (Akademik test və ya Ümumi test) asılı olaraq fərqli oxu və yazı testi verirlər.


İmtahan müddəti 2 saat 45 dəqiqədir. Bəzi mərkəzlərdə danışıq testi birinci imtahandan bir və ya iki gün sonra keçirilir.


IELTS dinləmə testinin müddəti 30 dəqiqədir. Çətinlik dərəcəsindən asılı olaraq dinləmə kasetləri 4 bölmədən ibarətdir. Hər bölməyə dialoq və ya monoloq daxildir. Tələbələrə cavablarını yoxlamaq üçün əlavə vaxt verilsə də, hər bölmənin kaseti yalnız bir dəfə dinlənilməli və suallar dinləmə ərzində cavablandırılmalıdır.


IELTS oxuma testinin müddəti 60 dəqiqədir. Bu testdə tələbələrə “Akademik oxuma” testi və “Ümumi oxuma” test üsulları təqdim olunur. Hər iki test üç bölmədən ibarətdir və hər bir mərhələdə testin çətinlik dərəcəsi artır. 


IELTS yazma testinin müddəti də 60 dəqiqədir. Tələbələr yenidən “Akademik” və ya “Ümumi” moduldan birini seçirlər. Bu testdə tələbələr müxtəlif yazı üslublarına aid iki yazı işi təqdim etməlidirlər. Burada tələbələrin sual seçmə imkanı yoxdur. 


IELTS danışıq testi xüsusi hazırlıqlı təlimçi tərəfindən müsahibə şəklində həyata keçirilir. Səsyazma formasında yaddaşa qeyd olunan müsahibə üç mərhələdən ibarətdir:


1) Özünü təqdimetmə və müsahibə  2) Tələbənin müəyyən bir mövzuda 2-3 dəqiqəlik ətraflı danışığı və 3) Qarşılıqlı diskussiya. Bu müsahibə təxminən 11-14 dəqiqə davam edir. 


IELTS imtahanını Azərbaycanda da vermək olar. Bu imtahan Azərbaycanda yeganə olaraq Britaniya Şurası (British Council)  tərəfindən təşkil edilir. İmtahan ayda bir dəfə (bəzən iki dəfə) keçirilir. İmtahan nəticələrinin qüvvədə qalma müddəti iki ildir. İki il ərzində əldə edilən nəticə etibarlı hesab olunur.