Dastanlar

"Koroğlunun Bayazid səfəri" qolu

Əhməd adlı bir tacirbaşı vardı. Əhməd tacirbaşı həm çox dövlətli idi, həmi də igid idi. Deyirlər ki, Əhməd tacirə ata-anası uşaqlıqdan yaxşı muğayat olmuşdu. Böyüyənə kimi onu həmişə kilim üstə gəzdirmişdilər. Əhmədin ayağı heç vaxt quru yerə dəyməmişdi. Odu ki, Əhmədin gözü yeddi ağacdan-yeddi ağaca hər nə qaraltı olsa seçərdi. Əhməd tacirin başında qırx yaraxlı tacir vardı. Həmişə karvan eləyib al-qumaşdan yük bağlayıb böyük-böyük şəhərlərə, mahallara səfər eliyərdilər. Yolları da çox vaxt Çənlibelin yanından keçirdi. Amma sən onu de ki, Koroğlu, dəliləri nə qədər əlləşirdilər, Əhməd tacirbaşını tuta bilmirdilər ki, bilmirdilər. Neçə kərə dəlilər Eyvaz, Dəmirçioğlu, Halaypozan, Tüpdağıdan Əhməd tacirbaşının qabağını kəsmişdilərsə də, onu tuta bilməmişdilər. Zalımın cin gözü yeddi ağaclıqdan baxıb bunları görüb, karvanı özgə yoldan aparmışdı. Bu iş Koroğluya çox ağır gəlirdi. Bəyləri, paşaları dizə çökdürən Koroğlu bir tacirin əlində harasan qalmışdı. Deyirlər bir gün Koroğlu eşitdi ki, Əhməd tacirbaşı yenə gəlib Çənlibelin yanından keçib gedib, dəlilər onu tuta bilməyiblər. Cin vurdu başına. Çağırdı dəliləri, başladı onları məzəmmət eləməyə ki, yaxşı, bir taciri ki, biz tuta bilmirik, tay nə qoç Koroğlu – Qoç Koroğlu deyib dünyanı səs-küyə basmışıq. Deyirlər Koroğlu dəliləri məzəmmət eliyəndə dəlilər üzə durub dedilər:

 


– Ay Koroğlu, biz necə eləyək? Zalım oğlu Əhməd tacir bir qızılquşa dönüb. Bərələri gəzirik, yolları bağlayırıq, yeddi ağaclıqdan bizi görür, yenə qaçıb gedir. Tuta bilirsən özün tut da!


Deyirlər Koroğlu dəlilərin bu sözünün qabağında heç bir söz demədi, gözlədi. Öyrəndi ki, tacir Əhməd bu yaxınlarda gəlib yenə də Çənlibeldən keçəcək. Yavaşca bir hündür qayanın başına çıxıb yolları gözləməyə başladı. Bəli, o necə deyərlər, bu burada gözləməkdə olsun, sənə kimdən deyim, Əhməd tacirbaşıdan. Əhməd tacirbaşı öz yaraqlı-yasaqlı adamları ilə gəlirdi. Gəlib, gəlib elə ki, Çənlibelin yeddi ağaclığına çatdılar. Əhməd tacirbaşı çin gözlərini dolandırıb qayanın başından Koroğlunun qaraltısını gördü. O saat karvana əmr elədi ki, əylənsinlər. Karvan əyləndi. Ancaq bu dəfə, o necə deyərlər, daş qayaya rast gəlmişdi. Koroğlu da Koroğluydu. Əhmədə-zada belə işlərdə bac verən deyildi. Elə ki, gördü karvan dayandı, yapıncısını göyə atdı, bir sərnic qatığı da onun dalınca tulladı. Özü də yatdı yerə. Əhməd tacirbaşı baxdı ki, qayanın başından bir qara şey uçdu, dalısınca da bir zil düşdü. Yoldaşlarına dedi:


– Bir şey yoxdu. Yüklənin, sürün gedək. Qaraquş idi. Qayanın başına qonmuşdu, zil atdı, uçdu getdi.


Karvan təzədən hərəkətə gəldi. Koroğlu o qədər gözlədi ki, karvan qayanın yanına çatdı. Koroğlu qayanın başından enib Qıratı mindi, qızılquş kimi karvanbaşının üstünü aldı. Karvan əhli çaxnaşıb, birbirlərinə dəydilər. Tacirlər xoşluğnan mallarını vermək istəmədilər. Koroğlu bunu görüb Misri qılıncını çəkdi, tacirlərə hücum elədi. Əhməd tacirbaşı hökm elədi, tacirlər də qılınclarını çəkib Koroğluya tərəf yeridilər. Əhməd tacirbaşı qılıncını alıb Koroğlunun yolunu kəsdi. Dava başlandı, ara qarışdı. Koroğlu ilk əldə özünü Əhməd tacirbaşıya yetirdi. Ancaq onu öldürmək istəmirdi. Qorxudub diri tutmuq fikrindəydi. Elə ki, yaxınlaşdı, kəlləsindən elə bir əmud vurdu ki, Əhməd tacirbaşı bayax ha, özündən gedib yerə yıxıldı. Koroğlu ondan keçdi, Qıratı cövlana gətirdi, sola sürdü, sağa sürdü. Qırat acıqlandı. Koroğlu qızdı. Koroğlu əmudu, şeşpəri, qılıncı işə saldı. Qırat dişi ilə, dal ayaqları ilə tacirlərdə sağ yer qoymadı. Tacirlər Koroğlunun zərbəsinə davam gətirə bilməyib axırda təslim oldular. Koroğlu tacirbaşı Əhmədi bir ata çatdırdı, qalan tacirləri də dəvəli, qatırlı, al-qumaşlı qabağına qatıb, Qıratın döşündə Çardaxlı Çənlibelə çıxartdı. Nigar xanım, Eyvaz, Dəmirçioğlu, bütün dəlilər tacirlərin başına yığışdılar. Koroğlu tacirlərin mallarını bölüşdürdü, dəlilərə, xanımlara payladı. Tacirlərin biri ağlaya-ağlaya Əhməd tacirə dedi:

 
– Əhməd tacirbaşı, nə cür oldu ki, sən yeddi ağaclıqdan Koroğlunu görmədin?
Əhməd tacirbaşı dedi:
– Kor olsun mənim anam. Uşaq vaxtı bir gün məni ayaqyalın kilimin üstündə gəzdirmişdi. O olmasaydı yapıncı ilə qaraquşu seçərdim.
Koroğlu dəlilərin, xanımların arasında oturub yeməkdə, içməkdə idi. Deyirlər Koroğlu çox qonaqcıl imiş. Təslim olanlara çox hörmət eləyərmiş. Elə ki, yedi, içdi, damağı duruldu, keyfi bulutda gəzməyə başladı, ayağa durdu, dəliləri yanına alıb tacirlərin yanına gəldi. Üzünü onlara tutub dedi:
– Düşman günü düşman, dost günü dost! İndi siz mənim qonağımsınız. Buyurun, hər nə istəsəniz hazır elədim.
Əhməd tacirbaşı fikrə getdi. Öz-özünə dedi:
– İnnən sonra mənim mal-dövlətimi, al-qumaşımı Koroğlu geri qaytarmayacaq, gəl onun əvəzini çıxmaq üçün elə bir qonaqlıq istə ki, o buralarda tapılmasın, uzaq yerlərdə olsun!
Üzünə hiylə niqabı çəkib Koroğluya:
– Əyər bizə yaxşı qonaqlıq vermək istəyirsənsə, Bayazid paşası Xəlil paşanın yaxşı əl ceyranları var, onlardan gətirib bizə ceyran kababı ver.
Koroğlu dedi:
– Baş üstə. Sizə ceyran kababı vermək mənə borc olsun!
Koroğlu səfər tədarükünü görmək istəyəndə Eyvaz irəli durub dedi:
– Qoç Koroğlu, izin ver qonaqlara ceyran gətirməyə mən gedim.
Koroğlu nə qədər elədi ki, yox, sən getmə, olmadı. Eyvazın qulağına girmədi ki, girmədi. Axırda Koroğlu gördü ki, Eyvaz inciyəcək, əlacsız qalıb:
– Yaxşı, Ərəbatı min, Halaypozanı, Toxmaqvuranı da özünə yoldaş götür, get, ancaq tez qayıt.
Eyvaz yaraxlandı. Ərəbatı mindi, Halaypozanı, Toxmaqvuranı da yanına alıb getmək istəyəndə, Nigar xanım, dəlilər töküldülər hamısı yerbəyerdən dedilər:
– Bunları Bayazid kimi ağır səfərə niyə göndərirsən? Gedərlər, bir iş olar, tutularlar, dava düşər, başlarına bir iş gələr.
Koroğlu dedi:
– Koroğlu sözünnən dönməz, onlar getməsə, özüm gedəcəyəm.
Gördülər Koroğlunu sözünnən döndərmək olmayacaq, bunlar da razı oldular. Xan Eyvaz, Halaypozan, Toxmaqvuran Koroğluynan, dəlilərnən əl verib ayrıldılar. Bayazidə tərəf yola düşdülər. Atlar qanad açdılar, dağ keçdilər, dərə keçdilər, hər yerdən keçib gəldilər, bir axşam Bayazidə çatdılar. Bunlar çatmaqda olsun, sənə deyim Xəlil paşadan. Xəlil paşanın bir bağı var idi ki, quş quşluğu ilə səkə bilməzdi bu bağda. Paşa əl ceyranlarını saxladırdı. Eyvaz yoldaşları ilə bərabər atını sürüb bağa girdi. Atlardan düşdülər. Əl ceyranlarını qırıb yüklərini tutdular. Elə ki, yükləri hazır oldu, Eyvaz dedi:
– Yorulmuşuq, gəlin bir az dincələk, sonra gedərik.


Hərəsi bir yanda uzandı. Eyvazı o saat yuxu apardı, amma yoldaşları yatmayıb keşik çəkirdilər. Sabaha yaxın bağban bağı yoxlamağa gəldi. Gördü bağda bir salamat ağac qalmayıb, atlar basıb qırıb. Qaldı məhəttəl ki, bu nədi? Bu atlar kimindi? Bu tərəfə baxanda gördü əl ceyranları da leş-leşə verilib. Baxdı ki, yox, bu elə belə deyil. Deysən bağa adam girib. O tərəf, bu tərəfi gəzib bir də gördü ki, bir ağacın dibində üç nəfər Rustam Zal kimi iyid var, amma bunların ikisi oyaqdı, biri yatıb. Bağban dəliləri görən kimi dəlilər də bağbanı gördülər. Halaypozan istədi ki, bağbanı tutsun, bağban durub qaçdı. Bu zaman Halaypozan özünü Eyvaza yetirib yuxudan qaldırmağa çalışdı. Bağban işi belə görəndə yavaşca gəlib bağın qapısından çıxıb götürüldü, Halaypozan şaqqıltıya dönüb qapıya tərəf baxanda gördü bağbandı. İstədi durub tutsun, bağban bayax ha gözdən itdi. Halaypozan bir də Eyvazı səslədi ki:


– Eyvaz, Xəlil paşanın bağbanı bizi gördü, xəbərə qaçdı. İndi qoşun yeriyər, bizi tutarlar. Durun qaçaq.
Eyvaz dedi:
– Buradan davasız getsək bizim Bayazidə gəlməyimizə heç kim inanmaz. Bir də vuruşmamış qaçsaq öz adımızı, Koroğlunun adını batırarıq. Deyərlər Koroğlunun üç dəlisi gəlib Xəlil paşanın bağında ceyran oğurlayıb qaçıblar. Qoyun gözləyək, qoşun gəlsin vuruşaq. İyidlik göstərək, Koroğlunun yanına üzüağ gedək. Halaypozan, Toxmaqvuran ha elədilər ki, getsinlər, Eyvaz razı olmadı. Axırda onlar da durub qoşunun gəlməyini gözlədilər. O tərəfdən bağban, o necə deyəllər, bir əlində imanı, bir əlində tumanı, özünü Xəlil paşaya yetirib əhvalatı başdan-ayağa ona söylədi. Xəlil paşa hökm elədi, qoşun atlanıb bağın dörd tərəfini kəsdi. Eyvaz, Halaypozan, Toxmaqvuran öz atlarını mindilər, qılınclarını çəkib Xəlil paşanın qoşununa cumdular. Dava başladı, ara qarışdı. Koroğlunun dəliləri şir kimi qızdılar. Qoşunu qatım-qatım qatladılar. Ancaq nə qədər hər tərəfdən hücum etdilərsə dəlilərə bata bilmədilər. Dəlilər şir kimi dava eləməkdə olsunlar, bu tayda qoşun böyükləri qalmışdılar mat-məhəttəl. Nə qədər qoşun var idi hamısını tökmüşdülər ora. Amma gəl ki, qoşun hamısı bu üçcə dəlinin əlində aciz qalmışdı. Onları tuta bilmirdilər ki, bilmirdilər. Eyvaz bir tərəfdən, Halaypozan bir tərəfdən, Toxmaqvuran da bir tərəfdən qoşunu qırıb çıxmışdılar başa. Axırda qoşun böyükləri məsləhətləşib belə bir fikrə gəldilər ki, bunlara bir şey eləmək olmayacaq, bunların atlarını vuraq ki, piyada qalsınlar, bəlkə onda tuta bilək. Qoşun böyüklərinin əmrinə görə yay-oxları işə salıb dəlilərin atlarını vurdular. Elə ki, dəlilər piyada qaldılar, qoşun bir tərəfdən hücum eləyib onları arakəsməyə salıb təklədilər. Dəlilər yenə də davadan əl çəkmədilər. Hərəsi bir dəstəni qabağına salmışdı, qırırdı. Tay bir-birlərindən xəbərləri yox idi. Eyvaz bir ağır dəstənin arasında vuruşurdu. Qoşunu pencər kimi biçib yerə tökürdü. Çalışırdı ki, özünü yoldaşlarına yetirsin. O, şirin davaya məşğul ikən ayağı ilişib yıxıldı, qoşun onun üstünü aldı. Tutub qollarını bağladılar. Halaypozanla Toxmaqvuran elə ki, dəlilərin sərdarı Eyvazı tutulmuş gördülər, əlləri boşaldı, istər-istəməz təslim oldular. Xəlil paşa dəlilərin bazburutuna baxıb mat qalmışdı. Üzünü onlara tutub dedi:


– Deyin görüm kimsiniz? Nə cürətlə mənim ceyranlarımı qırdınız?
Xəlil paşanın cavabında Eyvaz dedi:
– Biz Koroğlunun dəlilərindənik.
Xəlil paşa onların Koroğlu dəliləri olduğunu bilcək hökm elədi, dəlilərin boyunlarını vursunlar. Vəzir, vəkil torpağa düşüb dedilər:
– Paşa sağ olsun, bunların boyunlarını vurmaq asandı, amma Koroğlunun cavabını vermək çətindi. Ona şahlara, xotkarlara qan udduran, bəylərə, paşalara tük saldıran, tacirləri soyan, yolları kəsən, bərələr pusan qoç Koroğlu deyərlər. Heç kəsdə qisasını qoymaz. Bizim bunları öldürməyimizi bilsə, dəliləri töküb, hamımızı qırar. Sən bizim sözümüzü eşit, bunları hələlik zindana saldır. Dəlilərin tutulmasını Koroğlu bilsə dallarınca gələcək. Bacarırsan onda Koroğlunun özünü tutdur, öldür. Canımız qurtarsın. Xotkar da sənə böyük ənamlar versin. Sonra bunları qırdırmaq asandır. Xəlil paşa, vəzir, vəkilin tədbirinə razı olub hökm elədi, dəliləri zindana salsınlar. Eyvazın da, yoldaşlarının da ayaqlarına kündə, boyunlarına zəncir vurub zindana saldılar. Ağzına qıfıl vurdular, yüz yaraqlı adam da onlara keşikçi qoydular. 
Bunlar burada qalsın, görək Koroğlu nə elədi. Eyvazın verdiyi vədədən çox keçmişdi. Onların Bayazitdə tutulması barədə Çənlibeldə söz gəzirdi. Dəlilər, xanımlar, bir-birlərinə dəymişdilər. Nigar xanım Koroğlunu od qoyub odlayırdı. Koroğlunun dərisinə isti keçmirdi. Nigar xanımı sakit eləyib, deyirdi:


– Ay Nigar xanım, uzaq səfərin işini bilmək olmaz. Bir az da gözləyək, gəlib çıxarlar. Amma Nigarı sakit eləmək mümkün olmurdu. Səsi balasını itirmiş maral kimi Çənlibeli başına götürmüşdü. Deyirlər ki, yenə də bir gecə Nigar xanım Eyvazın fikrilə yatmışdı. Yuxuda gördü ki, Eyvaz qan dəryasında üzür. Dik qalxdı. Ox dəymiş ceyran kimi yatağından sıçrayıb özünü Koroğlunun üstünə saldı. Nigarın ala gözlərindən axan yaş Koroğlunu coşdurdu. Koroğlu hökm elədi yeddi min yeddi yüz yetmiş yeddi dəli atlandı. Özü də Qıratın belinə qalxdı. Çənlibelə göz gəzdirdi. Mehtərləri qəmgin gördü. Nigarı boynu çiynində, gözü yaşlı duran gördü. Əhməd tacirbaşını, yoldaşı tacirləri elədiklərindən peşiman gördü. Koroğlu özü də çox məyus oldu. Buna baxıb dəlilər də bikef oldular. Nigar xanım ömründə birinci dəfə idi ki, Koroğlunu, səfərə çıxanda belə qəmgin görürdü. Koroğlunun yanına gəldi, onu sakit elədi, dəlilərə ürək verdi. Özü Koroğluya, dəlilərə şərab payladı. Hamı içdi, keflər duruldu. Koroğlu durub lazımınca geyindi, üstdən aşıq paltarı geyib, çiyninə də saz keçirtdi. Elə ki, hamı hazır oldu, Koroğlu üzün dəlilərə tutub dedi:


– Mən qabaqca gedim, siz dalca gəlin. Şəhərdə sizi gözləyəcəyəm. Şəhərə çatanda atları bir qıraxda saxlayın, piyada şəhərə dolun, özünüzü tanıtmayın, özü də mən xəbər eləməmiş dava başlamayın.
Dəlilər Koroğlunu elə bircə bunu deyən gördülər. Koroğlu Qıratın üstündə bir boğanaq oldu, gözdən itdi. Bilmədilər hayana getdi. Dəlilər onun dalınca atlarını sürüb yola düşdülər. Koroğlu hər yerdən keçib bir sabah ertəsi özünü Bayazidə yetirdi. Qıratı bir yanda bağlayıb özü aşıq libasında şəhərə getdi. Bu tərəfdən dəlilər də gəlib çatdılar, atlarını bir yanda qoyub, şəhərə doldular. Koroğlu gəzə-gəzə gəlib bir yerə çıxdı. Gördü yüzə qədər yaraqlı adam bir damın qapısında keşik çəkir. Keşikçilər onu görcək aşıq bilib soruşdular.
– A kişi, aşıqsanmı?
Koroğlu dedi:
– Aşığam, bir məclis axtarıram ki, bir az oxuyam, xərclik yığam.
Keşikçilərdən biri dedi:
– Yaxşı gəlibsən. Bu gün Xəlil paşanın bacısı Nərgiz xanımın toyudu, get oxu, yaxşı xeyrin olar.
Koroğlu dedi:
– Bəs siz burada nə eliyirsiniz?
Keşikçi dedi:
– Koroğlunun üç dəlisi burda dustaqdı, onlara keşik çəkirik.
Koroğlu bir istədi əl qılınca atıb keşikçiləri qırsın, dəliləri azad eləsin, sonra bu fikrindən daşındı. Keçib Xəlil paşanın bacısının toyuna gəldi.
Xəlil paşa Koroğlunu görüb dedi:
– Ay aşıq, dəli Koroğludan nə bilirsən bir az oxu qulaq asaq.
Paşanın cavabında aldı Koroğlu, görək nə dedi:

 
– Eyvaz deyib Çənlibeldən gəlmişəm,
İndi burda məhşər quraram, paşa!
Dəlilərim tutduğunu bilmişəm,
Gedər zindanını qıraram, paşa!

 
Xəlil paşa dedi:
– Bu necə aşıqdı? Ağzından qan iyi gəlir. Ölləm-öldürrəm deyir.
Vəzirə əmr elədi ki:
– Qovun bunu getsin!
Vəzir dedi:
– Paşa sağ olsun, aşığı qovmaq olmaz, gedər bizi özgə yerlərdə pisləyər, biyabır eləyər. Sən dedin Koroğludan oxu, o da Koroğludan oxudu. Koroğlunun sözləri asmaqdan, kəsməkdəndi də!
Xəlil paşa dedi:
– Yaxşı, oxusun.
Koroğlunun dalınca dəlilər də məclisdə adamların arasına doluşdular. Koroğlu qızmışdı, gözü ayağının altını görmürdü. Bir də göz gəzdirdi, dəliləri məclisdə gördü. Aldı görək nə dedi:

 
Bilmirəm baharam, yoxsa ki, qışam,
Qorx o zamandan ki, qaynayam, coşam,
Qırılmaz qayayam, tərpənməz daşam,
Fərhad külüyünü çala qoymaram!
Aladı gözləri, qaşları yağı,
Nigar olub xan Eyvazın dustağı,
Çənlibeldi Koroğlunun oylağı,
Şah da gələ Çənlibelə qoymaram!

 
Dəlilər Koroğlunun nərəsini eşidib, qılınclarını çəkdilər, paşaya, vəzirə, vəkilə, qoşun böyüklərinə hücum elədilər. Qoşun xəbər tutub yeridi. Koroğlu halı belə görüb aşıq paltarını atdı, Misri qılıncı çəkib özünü Xəlil paşaya yetirdi. Xəlil paşa əl qılıncda, Koroğluya hücum elədi. Koroğlu bir həmlədə Xəlil paşanın qılıncını əlindən alıb, kənara atdı. Boğazından tutub ayağının altına saldı. Başını kəsmək istəyəndə Xəlil paşanın bacısı Nərgiz xanım özünü yetirdi, yalvarıb dedi: 


– Koroğlu, qardaşımı mənə bağışla!

 
Koroğlu Xəlil paşanı bacısına bağışladı. Xəlil paşa qoşunu ilə Koroğluya təslim oldu. Koroğlu davadan əl çəkib, özünü zindana yetirdi. Bir güc verib zindanın qapısını qırdı. İçəri girib dəliləri zəncirlərdən azad elədi. Xəlil paşa qorxudan Koroğluya yeddi ilin bac-xəracını verdi. Koroğlu əlavə Xəlil paşadan üç yəhərli, yüyənli at alıb Eyvaza, Halaypozana, Toxmaqvurana verdi. Hökm elədi dəlilər atlandılar. Çardaqlı Çənlibelə yola düşdülər. Hər yerdən keçdilər, gəldilər sağ-salamat Çənlibelə çatdılar. Atlardan düşdülər. Yenə keyf məclisi qurdular. Qoyun kəsib kabab çəkdilər. Yedilər, içdilər, damağları duruldu, keyflər çağaldı.