Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. VII fəsil

- Ayağa qalx! Bu nədir düzəltmisən? 
Mən gözlərimi açıb ətrafa baxdim, çalışdim ki, biləm hardayam. Günəş artıq çıxmışdı, deməli, mən çox yatmışdım. Atam başım üstündə durmuşdu; çox qaşqabaqlı idi, üzü şişmişdi. O dedi: 
- Bu nə oyundur tüfənglə çıxardırsan? 


Mən elə düşündüm ki, onun gecə nələr etdiyindən heç xəbəri yoxdur, buna görə də belə dedim: 
- Kim isə bizim evə soxulmaq istəyirdi, mən də onu pusurdum. 
- Bəs nə üçün sən məni oyatmadın? 
- Oyatmaq istədim, amma hec nə çıxmadı, siz oyanmadınız. 
- Di yaxşı... Boş-boşuna burada dayanma, bəsdir çərənçilik etdin! Get bax, gör tilovlara balıq düşüb, ya yox. Mən bir azdan gələrəm. 


O, qapını açdı, mən çaya tərəf qaçdım. Gördüm ki. çayaşağı ağac qırıntıları, hər cür zir-zibil və hətta ağac qabıqları axır; deməli, çay qalxmağa başlamışdır. Fikirləşdim ki, əgər indi şəhərdə olsaydım kef edərdim. İyun ayındakı daşqınlar vaxtı bəxtim həmişə gətirərdi, çünki daşqın başlayan kimi çoxlu odun, dəstə ilə yekə sallar, bəzən isə on iki tir birdən çayaşağı axırdı, bu vaxt işim ancaq bunları tutub odun saxlanılan anbarlara və taxta zavodlarına satmaq olurdu. 


Mən sahillə addımlayıb bir gözümlə atam gələcək tərəfə baxır, o biri gözümlə isə çayın yararlı bir şey gətirib-gətirmədiyinə nəzər salırdım. Birdən gördüm ki, çay bir qayıq gətirir, həm də necə qayıq, lap əlasından. Uzunluğu da on üç, on dörd fut olar; gözünə döndüyüm lap quzu kimi gəlirdi. Mən paltarlı-paltarlı qurbağa kimi başıaşağı suya atıldım, qayığın ardınca üzməyə başladım. Mənə elə gəlirdi ki, onun içində kim içə uzanmışdı, çünki bizim yerlərdə çox vaxt zarafat üçün belə edirlər, qayığı çəkib lap sahilə gətirdikdə onun içindən sıçrayıb çıxır, adamı o ki var gülüb ələ salırlar. Ancaq bu dəfə başqa cür oldu. Qayıq doğrudan da boş idi, mən onun içinə minib sahilə sürdüm. Fikirləşirdim ki, qoca bunu görüb sevinəcəkdir; mən qayığı çayın söyüd və cır üzüm lənəkləri bilmiş girintili yerinə çəkib saldım və burada ağlıma başqa bir fikir gəldi; fikirləşdim ki, yaxşısı budur, onu gizlədim, sonra isə meşəyə qaçmaq əvəzinə çayla əlli mil aşağıya üzüb başqa bir yerdə asudə yaşayaram, yoxsa piyada dolaşmaqla özümü niyə yorum. 


Bura daxmamızın lap yaxınlığında idi, buna görə de mənə hey elə gəlirdi ki, guya atam yaxınlaşır, ancaq bununla belə qayığı gizlətməyə macal tapdım, bundan sonra boylanıb kolların arasından baxmağa başladım; gördüm ki, atam cığırda çaya tərəf enir və tüfəng ilə hansı quşu isə nişan alır. Demək o, heç bir şey görməmişdir. 


O gəlib çatan vaxt mən tilov ipini yığaraq səylə çalışırdım. Belə eşələndiyim üçün o məni bir qədər söydü; ancaq mən ona yalandan dedim ki, guya suya yıxılıbmışam, buna görə də bu qədər çox əlləşməli olmuşam. Mən onsuz da bilirdim ki, atam mənim tamam yaş olduğumu görüb sorğu-suala başlayacaqdır. Biz tilovlardan beş dənə naqqa balığı çıxardıb evə getdik. 


Biz hər ikimiz yorulmuşduq, buna görə də səhər yeməyindən sonra uzanıb yuxuladıq, mən dul qadının və atamın məni axtarmaması üçün nə etməli olduğumu düşünməyə başladım. Onları aldatmağım, bəxtimin gətirəcəyinə arxayın olmaqdan daha düzgün bir iş olardı. Onlar məni gəlib tutuncayadək məgər çoxmu uzağa qaçacaqsan! Başına azmı iş gələ bilər! Mən uzun müddət başqa bir şey flkirləşib tapa bilmədim, sonra isə atam su içməyə durub soruşdu: 
- Əgər bir kimsə yenə də evin ətrafında dolaşsa, məni oyat, eşitdinmi! O adam buraya xeyirxahlıqdan gəlməyib. Mən onu tüfənglə vurub öldürərəm. Əgər o bir də gəlsə, məni oyat, eşidirsənmi! 


O, yenidən uzanıb yuxuya getdi; onun bu sözləri, çıxış yolunu mənə öyrətdi. Fikirləşdim, indi elə edərəm ki, məni axtarmaq heç kəsin ağlına belə gəlməz. 


Təxminən saat on ikidə biz yuxudan ayılıb sahilə getdik. Çayın suyu sürətlə qalxır, üzərində hər cür taxta və tir parçaları üzürdü. Bir az sonra bir-birinə bağlanmış doqquz tirdən ibarət bir salın üzdüyünü gördük. 


Biz qayığa minib bu tirləri sahilə çəkdik. Sonra nahar etdik. Atamın yerinə başqası olsaydı, çox şey əldə etmək üçün bütün günü burda qalardı, ancaq bu atamın adəti deyüdi. Bir dəfəyə doqquz tir ona kifayət idi; o bunları satmaq üçün tez şəhərə getmək istəyirdi. O, məni daxmaya salıb qapını kilidlədi, qayığı götürüb təxminən saat dördün yarısında salı yedəyə alaraq şəhərə çəkib apardı. Mən bu fikirdə idim ki, bu gecə o evə qayıtmayacaqdır. Öz hesablamama görə onun xeyli uzaqlaşmasını gözləyib, sonra mişarı götürərək keçəndəfəki tiri mişarlamağa başladım. Atam üzərək o biri sahilə gedib çıxmamış, mən attıq bayırda idim; qayıq ilə sal çox-çox uzaqlarda, suyun üstündə kiçik bir ləkəyə oxşayırdı. 


Mən bir kisə qarğıdalı unu götürüb öz qayığımı gizlətdiyim yerə apardım, budaqları aralayıb kisəni qayığın içinə qoydum; sonra donuz ətini, daha sonra isə viski şüşəsini də oraya apardım. Mən olan-olmayan qəndi və qəhvəni, bütün barıtı və qırmanı da oraya apardım, gilizdən ötrü tıxaclığı, vedrəni və kududan düzəldilmiş su qabını, taxta çalovunu və tənəkə birəllini, öz köhnə mişarımı, iki yorğanı, qazança və qəhvədanı da oraya apardım. Mən tilovları da, kibrit qutularını da, bütün qalan şeyləri də, lap bir sent qiyməti olan hər bir şeyi də oraya daşıyıb apardım. Hər yeri lap süpürdüm. Mənə bir balta da lazım idi, mən isə onu nə üçün orada qoymalı olduğumu yaxşı bilirdim. Mən tüfəng də götürdüm, indi hər iş tamam görülüb qurtarmışdı. 


Mən dəlikdən keçərək bu qədər şeyi daşıyarkən daxmanın içərisinə iz salmışdım. İzlərin üstünü torpaqla yaxşıca örtdüm ki, taxta kəpəyi görünməsin. Sonra mişarla kəsdiyim tir parçasını köhnə yerinə keçirtdim, altına iki daş qoydum, bir daş da yandan söykədim, çünki tirin bu yeri əyri idi, yerə tamam çatmırdı. Tirin bir parçasının mişarla kəsildiyini bilməsən, beş addımlıqdan bunu heç cürə başa düşə bilməzdin, həm də bu tir parçası arxa divarda idi, çox çətin ki, bir kimsə orada veyllənib buna baxa idi. 


Mən qayığın yanındakı otların üstü ilə getdim ki, ayaq izim qalmasın. Sahildə dayanıb çaya baxmağa başladım. Hər yan sakit idi, Bu vaxt mən tüfəngi götürüb meşənin lap içərilərinə getdim, bir quş vurmaq istəyirdim, amma bir vəhşi donuz balası gördüm. Çəmənlik sahəsi olan bir fermadan təsadüfən buraya qaçmış donuzlar bu yerlərdə tez vəhşiləşirlər. Mən həmin donuz balasını öldürüb daxmamızın yanına gətirdim.


Baltanı götürüb qapını sındırdım, həm də çalışdım ki, onu möhkəmcə dağıdım; donuz balasını sürüyüb stolun lap yanına çəkdim, balta ilə boynunu üzüb qanı axsın deyə yerə qoydum (mən "yerə deyirəm", çünki daxmada taxta döşəmə yox idi, buranın döşəməsi tapdanıb bərkimiş qura torpaq idi). Köhnə bir kisə götürüb içinə gücüm çatacaq qədər yekə daşlar yığdım və kisəni öldürülmüş donuz balasının yanından qapıya tərəf sürükləməyə başladım, sonra isə meşə ilə sürükləyib çayın sahilinə gətirdim, suya atdım; kisə suyun dibinə getdi. O saat gözə çarpırdı ki, burada yer ilə nə isə sürükləyib aparmışlar. Mən çox istərdim ki, Tom Soyyer burada olaydı, mən bilirdim ki, o belə bir işlə maraqlanar və özündən nə isə qəribə bir şey düşünüb tapa bilər. Bu cür işlərdə heç kəs Tom Soyyer qədər bacarıqlı ola bilməzdi. 


Sonra mən saçımdan bir çəngə qopartdım, baltanı qana bulaşdırdım, tükləri baltanın tiyəsinə yapışdırıb otağın bir küncüna atdım. Daha sonra donuz balasını gödəkcəmə büküb (qanı axmasın deyə) apardım, çayaşağı gedib evdən xeyli uzaqlaşdıqda onu suyun içinə atdım. Bu vaxt ağlıma başqa bir fikir də gəldi. Qayıqdaki bir kisə unu və köhnə mişarı götürub evə apardım. Kisəni köhnə yerinə qoyub aşağısından mişarla bir deşik açdım, çünki bizdə bıçaq və çəngəl yox idi, atam hər bir işdə bükmə bıçaqdan istifadə edirdi. Sonra kisəni otların, söyüd kolluqlarının arası ilə yüz addıma qədər evdən şərq tərəfə sürüyüb apardım; burada hər tərəfi qamışlıq olan beş milə qədər enində kiçik bir göl var idi, payıza yaxın burada çoxlu ördək olur. Gölün o biri tərəfındən suyu lilli olan bir kiçik çay axırdı; bu bir neçə mil uzanırdı; bilmirəm haraya axırdı, ancaq gedib çaya tökülmürdü. Un bütün yol boyu səpilib gölədək nazik bir iz əmələ gətirmişdi. Burada mən atamın bülöv daşını bir yerə saldım ki, guya, təsadüfən düşmüşdür. Un tökülməsin deyə, kisənin deşiyini iplə bağladım, kisəni mişarla birlikdə yenidən aparıb qayığın içinə qoydum. 


Hava lap qaralanda mən qayığı açıb çayla aşağı, söyüd ağaclarının əyilib çayın üstünə sallandıqları bir yerə gətirdim və durub ayın çıxmasını gözləməyə başladım. Qayığı söyüd ağacına möhkəmcə bağlayıb, bir qədər qəlyanaltı etdim, sonra uzanıb trubka çəkərək planımı düşünməyə başladım. Öz-özümə fikirləşirdim: onlar içində daş olan kisənin izi ilə sahilədək gedəcəklər, sonra mənim meyitimi çayda axtarmağa başlayacaqlar. Digər tərəfdən isə unun izi ilə gölədək və ondan axan kiçik çayla gedib məni öldürən, şeyləri oğurlayan caniləri axtaracaqlar. Çayda mənim ölü cəsədimdən başqa axtarmalı bir şeyləri olmayacaqdır. Bu, tezliklə onların zəhləsini tökəcək, onlar da daha mənim barəmdə narahat olmayacaqlar. Lap yaxşı, mən də orada, istədiyim yerdə yaşayacağam. Çekson adası mənim üçün lap yaxşıdır, mən bu adanı əməlli-başlı tanıyıram, orada heç vaxt, heç bir kəs olmayır. Gecələr isə şəhərə yollanmaq olar; orada veyllənib özümə lazım olan şeylərdən çırpışdırıram. Cekson adası mənim üçün ən əlverişli yerdir. 
Mən yaman yorulmuşdum, nə vaxt yuxuya getdiyimi heç özüm də bilmədim. Oyandıqda barada olduğumu birdən-birə anlaya bilmədim. Oturub ətrafa baxmağa başladım, hətta bir qədər qorxdum da. Sonra yadıma düşdü. Çay çox enli görünürdü, eni bir neçə mil olardı. Ay elə parlaq işıq saçırdı ki, sahildən çox-çox uzaqlarda üzən, indi qara və hərəkətsiz görünən tirlərin hamısını bir-bir saymaq olardı. Ətraf tam sükut içərisində idi, hər şeydən görünürdü ki, çox gecdir. Siz mənim nə demək istədiyimi yəqin ki, başa düşürsünüz... Bilmirəm bunu sözlə necə deyim. 


Mən yaxşıca gərnəşib əsnədim, elə qayığı yenicə açıb yola düşmək istəyirdim ki, birdən qulağıma bir səs gəldi. Mən qulaq verib bunun nə olduğunu o saat anladım; bu, sakit gecədə avarların tərpənərək çıxartdığı boğuq və ardıcıl cırıltı səsi idi. Mən söyüdün yarpaqları arasından baxdım, elədir ki var, uzaqda o biri sahilin yanında bir qayıq üzürdü. Onun içində nə qədər adam olduğunu seçə bilmədim. Qayıq get-gedə yaxınlaşırdı, nəhayət, gəlib lap mənimlə bərabərləşəndə gördüm ki, içində bir nəfər oturub. "Bəlkə adamdır" deyə düşündüm, hərçənd onun gəlməsini heç gözləmirdim. O, mənim yanımdan ötdü, sonra sakit suyun üzərilə sahilə tərəf avar çəkdi, o, elə yaxınlığımdan keçdi ki, tüfəngin lüləsi ilə ona toxuna bilərdim. Bəli, bu atam idi, həm də avarları işlətməsindən hiss etdim ki, sərxoş deyildi. 


Mən dayanıb gözləmədim. Bir dəqiqə sonra mən artıq güllə kimi çayaxarı aşağı üzürdüm; heç bir səs çıxarmırdım, sahilin saldığı kölgə ilə sürətlə gedirdim. İki mil yarıma qədər üzdükdən sonra, qayığı dörddə bir milə qədər çayın ortasına saldım, çünki tezliklə körpü görsənməli idi və oradakı adamlar məni görüb səsləyə bilərdilər. Mən, üzən tirlərin arası ilə irəliləməyə çalışırdım, bir qədər sonra qayığın içərisinə uzanıb, onu çayın axarına buraxdım. Burada özüm üçün dincəlir, trubka çəkir və göyə baxırdım, göyün üzündə bir dənə də bulud yox idi. Aylı gecədə arxası üstə uzanıb baxanda göy adama elə əngin, nəhayətsiz gorünür ki; mən əvvəllər bunu belə bilmirdim. Həm də belə gecədə suyun üzündə nə qədər uzağı eşidirsən. Mən körpüdə adamların bir-birilə danışdıqlarını eşidirdim. Hətta onların dediklərinin hamısını, bir kəlməsinədək eşidirdim. Biri dedi ki, indi günlər getdıkcə daba da uzanır, gecələr isə gödəlir. O birisi isə cavab verdi ki, bu gecə, onun fikrincə, gödək gecələrdən deyildir, onlar gülüşdülər; o öz sözlərini bir də təkrar etdi, onlar yenə də gülüşdülər; sonra üçüncü bir adamı yuxudan oyadıb hər şeyi gülə-gülə ona nağıl etdilər; ancaq o gülmədi, nə isə mırıldadı, sonra dedi ki, onu dinc buraxsınlar. Birincisi qeyd etdi ki, o bunu mütləq öz qarasına danışacaqdır, onun yəqin ki, çox xoşuna gələr, ancaq, bu onun vaxtı ilə etdiyi zarafatların yanında tam boş şeydir. Mən onlardan birinin, indi saat üçə yaxın olduğunu və inşallah, bir azdan sonra səhər açılar, dediyini eşitdim. Bundan sonra səslər getdikcə uzaqlaşmağa başladı, mən artıq sözləri başa düşə bilmirdim. yalnız aydın olmayan danışıq və arabir gülüşmə səslərin eşidirdim, özü də lap uzaqdan. 


İndi mən körpüdən xeyli aşağıda idim. Ayağa qalxdım, çayaxarı təxminən iki mil yarım aşağıda tamam meşəlik olan Cekson adası görünürdü, ada nəhəng, qara, əzəməüi olan çayın ortasında işıqsız bir paroxod kimi dayanmışdı. Adadan yuxarıda say yerdən nişanə belə yox idi, say yerlər tamam suyun altında qalıb yox olmuşdu. 


Mən əlüstü adaya çatdım, adanın yuxarı tərəfindən güllə kimi ötüb keçdim, çünki çayın axını çox sürətli idi, sonra axmaz suya daxil oldum və İllinoys sahilinə yaxın olan tərəfdən adaya yan aldım. Qayığı sahilin çoxdan tanıdığım, dərin bir döngəsinə yönəltdim; oraya düşmək (üçün söyüd ağaclarının budaqlarını aralamalı oldum; qayığı ağaclardan birinə bağladım, o, kənardan qətiyyən görünmürdü. 
Mən adaya çıxdım, onun yuxarı tərəfindən bir tirin üstündə əyləşib geniş çaya, üzən qara tirlərə və buradan təxminən üç mil məsafədə olan, hələ də üçdörd yerdə işıqları sayrışan şəhərə baxmağa başladım. Çayla nəhəng bir sal üzürdü; indi o, adadan bir mil yuxarıda olardı, salın ortasında fənər yanırdı. Mən baxıb onun necə yavaş-yavaş yaxınlaşdığını görürdüm, nəhayət, sal gəlib mənim dayandığım yerlə bərabərləşəndə, kim isə oradan qışqırdı: ';Ey, dal tərəfdəki! Sağa tərəf yönəlt!" Mən bunu elə aydın eşitdim ki, elə bil həmin adam mənimlə yanaşı durmuşdu. 


Göyün üzü yavaş-yavaş işıqlaşmağa başlayırdı, mən meşəyə gedib səhər yeməyindən qabaq yatmaq üçün uzandım.