Görkəmli şəxsiyyətlər

Görkəmli dövlət xadimi, mahir siyasətçi Şirvanşah İbrahim

700 il bundan əvvəl Azərbaycan kiçik dövlətlərə – şahlıqlara bölünmüşdü. Bunlardan biri də Şirvanşahlar dövləti idi. Şirvan şahı Huşəngin vaxtında zülm ərşə çıxmışdı. İnsanlar yeməyə bir qarın çörək tapmırdılar. Axırda narazılıq o qədər artdı ki, xalq üsyan edib Huşəngi taxtdan saldı. Hökmdar edam edildi. Əyanlar yeni şah seçmək üçün məşvərətə yığışdılar. Qanuna görə, yeni hökmdar Huşəngin qohumlarından ola bilərdi. Eyni zamanda, bu adam sadə xalqın da ürəyincə olmalı idi, çünki camaatın qəzəbi hələ soyumamışdı. Axırda bu qərara gəldilər ki, keçmiş şahın uzaq qohumu, Şəkidə yaşayan İbrahimi seçsinlər. Sadə təbiətli, zəhmətkeş insan olan İbrahim Şəki kəndlərindən birində yer şumlayır, taxıl biçib dərz bağlayırdı. Bir gün o, zəmidə xeyli işlədikdən sonra bir ağacın kölgəsində uzanaraq yuxuya getdi. Birdən at kişnərtisi, adam səsləri eşitdi. Gözünü açanda heyrətdən donub qaldı: saray əyanları onun qarşısında əmrə müntəzir dayanmışdılar. Şirvanın baş qazısı tərifli sözlərlə İbrahimin şah seçildiyini elan etdi.


Beləliklə, İbrahim Şirvanşahlar taxtına əyləşdi. Bu dövr ölkə üçün çox qarışıq və təhlükəli dövr idi. İki böyük sərkərdə Azərbaycanı işğal etməyə hazırlaşırdı. Bunun biri Qızıl Orda sərkərdəsi Toxtamış, digəri isə Cığatay hökmdarı Teymurləng idi. Azərbaycandakı şahlıqlardan heç biri ayrılıqda bu ordulara qarşı davam gətirə bilməzdi. Onları birləşdirəcək bir qüvvə isə yox idi. İbrahim çox tədbirli və müdrik adam idi. O, Toxtamışla Teymurləng arasında olan düşmənçilikdən istifadə etmək qərarına gəldi. 


Bir gün İbrahim eşitdi ki, Teymurləngin qoşunu Şirvanşahlar dövlətinin sərhədini keçib və onun ərazisinə daxil olub. O, çoxlu bəxşiş götürüb Teymurləngi qarşılamağa getdi. İbrahim hər hədiyyədən 9 ədəd götürmüşdü. Bunun da səbəbi vardı: qədimdə doqquz ilahi rəqəm sayılırdı. Odur ki, kiməsə hədiyyə veriləndə mütləq həmin hədiyyədən doqquz dənə olmalı idi. İbrahim şah ancaq qullardan səkkiz nəfər aparmışdı. Teymurləng bunun səbəbini soruşduqda İbrahim belə cavab verdi: 
– Doqquzuncusu mən özüməm! Bu cavab böyük fatehin çox xoşuna gəldi. 


Teymurləngə Azərbaycanda müttəfiq lazım idi. Odur ki, Şirvanşahı öz dostu kimi qəbul etdi. Beləcə, İbrahim ağlı və müdrikliyi hesabına Şirvanı işğaldan xilas etdi. Nəhayət, bir gün Teymurləng Toxtamışla ədavətini birdəfəlik həll etməyi qərara aldı. Qoşunlarını Toxtamışın ordusu üzərinə göndərdi. Bu işdə Teymurləngə İbrahim şah da kömək edirdi, hərbi dəstəyi ilə qoşunları ordusunu darmadağın etdi. Bu hadisədən sonra böyük fatehin yanında Şirvanşahın etibarı daha da artdı. Şirvan torpaqlarında əmin-amanlıq daha da möhkəmləndi. İbrahim şah başa düşürdü ki, Teymurləngin ömrünə az qalıb. O, ölən kimi düşmənləri Şirvanşahı tək görüb üzərinə hücum edəcəklər. Ona görə də qonşu dövlətlərlə əlaqələri möhkəmləndirdi. Özünə yaxın dost və müttəfiqlər axtarmağa başladı. Hər şey Şirvanşah İbrahimin gözlədiyi kimi oldu. Teymur vəfat edən kimi onun istila etdiyi ölkələri üsyan bürüdü. Vəziyyətdən istifadə edən İbrahim Gəncəni və Qarabağın böyük hissəsini Şirvana birləşdirdi. Tezliklə o, Təbrizi də ələ keçirdi. Beləliklə, Şirvanşah Azərbaycan torpaqlarının böyük hissəsini bir bayraq altında birləşdirdi. Amma təəssüf ki, bu, çox uzun çəkmədi. Qaraqoyunlu dövlətinin hökmdarı Qara Yusif İbrahimin üstünə yürüş etdi. Şirvanşah məcbur olub Təbrizdən çıxdı və Şirvana qayıtdı.


İbrahim şah görkəmli dövlət xadimi, mahir siyasətçi idi. O, kiçik şahlıqları birləşdirib Azərbaycan dövləti yaratmaq istəyirdi. Qısa müddətə də olsa, Şirvanşah İbrahim bu istəyinə nail oldu və adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.