Görkəmli şəxsiyyətlər

Fransua de Laroşfuko

Dünyanın ən böyük aforizm ustası Fransız yazıçısı Laroşfuko 1613-cü ildə anadan olub. Aforizmi bədii yaradıcılığının əsas formasına çevirən, bu janrda yazdığı əsərlərlə XVII əsr fransız ədəbiyyatının Kornel, Rasin, Lafonten kimi nümayəndələri ilə bir sırada durmaq hüququ qazanan Laroşfuko klassisizmin tipik nümayəndələrindən biridir. Universallığa can atan, ümumiləşdirmələrində son həddə varan, konkret surətləri yox, ümumi ideyanı əsas götürən bu istedadlı sənətkar bədbinliyi, inamsızlığı ilə də əsrinin oğludur. Lakin o, həyata, insana, ictimai gerçəkliyə bədbin, inamsız münasibəti cəhətdən barokko cərəyanına məxsus yazıçılara daha yaxındır. 


Yazıçının həyatı “Xatirələr”ində təsvir etdiyi kimi rəngarəng macəralar içərisində keçib. Fronda hərəkatında iştirakı da bu macəraların davamı kimi meydana çıxıb. Vətəndaş müharibəsində qiyamçılar dəstəsinin başçısı kimi şücaətlə vuruşub və 1652-ci ildə üzündən yaralandıqdan sonra siyasi işlərdən əl çəkib ədəbi salonlar və onların iştirakçıları ilə dostlaşıb. 1662-ci ildə onun “Memuarlar” (“Xatirələr”) əsəri çap olunur. 1665-ci ildə “Düşüncələr, yaxud əxlaqi hikmətlər və maksimlər” adı ilə çap olunan aforizmləri acı və əsəbi bir ümidsizlik və inamsızlıq əhval-ruhiyyəsi ilə aşılanıb. Laroşfukonun “Hikmətlər”i çap olunandan iki il sonra Molyer “Mizantrop” komediyasında onun əsərində irəli sürülən müddəaları tamaşaçılar müzakirəsinə verib, əsas tendensiyasını qətiyyətlə pisləyib. Lakin Molyer öz əsəri ilə Laroşfukonun “Hikmətlər”inin ədəbi əhəmiyyətini rədd etmir, bəlkə onun humanizmini və tarixi əhəmiyyətini bir daha təsdiqləyir.
Fransız yazıçısı 1680-ci ildə vəfat edib.