Görkəmli şəxsiyyətlər

Luis Kerrol

İxtisasca riyaziyyatçı olan məşhur ingilis yazıçısı və şairi Luis Kerrol (1832-1898) daha çox “Alisa möcüzələr ölkəsində” əsəri ilə tanınmışdır. Luis Kerrol 1832-ci ildə Çeşir qraflığında yerləşən Darsberi kəndində doğulmuşdur. O, ailənin böyük övladı olmuş və 3 qardaşı, 7 bacısı olmuşdur. Kerrol rəsm çəkməyi çox sevirmiş.


Bir gün parkda oynayan 3 qız uşağının foto çəkmiş və onun əsl Alisa ilə tanışlığı belə başlamışdır. Bu qızlardan biri olan Alisa onun sehirli povestinin baş qəhrəmanı olmuşdur. Bu nağıl 1865-cı ildə yazılmışdır. Əsərin əsas süjeti Alisanın gördüyü qəribə yuxular əsasında qurulmuşdur. “Çayın sahilində bacısı ilə oynayan Alisa darıxırdı. Birdən onun gözünə sürətlə qaçan Ağ Dovşan sataşdı. Bura qədər hər şey normaldır. Amma Ağ Dovşanın cib saatı var idi və o harasa tələsirdi, çünki tez-tez saatına baxırdı. Hər şeylə maraqlanan Alisa onun dalınca uzun tunelə oxşar yuvaya girir və içəridə bir-birindən fərqli qapılar görür. Hər qapının arxasında isə yeni bir aləm, qəribə, fantastik canlılar, inanılmaz macəralar onu gözləyirdi. Alisa özü də bu qəribə dünyada dəyişirdi - gah böyüyür, gah da cırtdandan da kiçik olurdu...” 


1867-ci ildə Kerrol Londonda Alisa Teodora Reyts adlı başqa bir Alisa ilə tanış olmuşdur. Yazıçının ikinci "Alisa güzgü arxasında" nağıl-povestinin baş qəhrəmanı isə bu qız olmuşdur. Bu əsəri müəllif 1871-ci ildə qələmə almışdır. Kerrol "Deyingənin ovu" və "Silviya və Bruno" adlı əsərləri yazmışdır. Ömrünün axırına kimi şəkillər çəkən və gözəl əsərlər yazan Kerrol 1898-ci ildə vəfat etmişdir.


Əsər mücərrəd ədəbiyyat tərzində yazılan ilk kitab hesab olunur və buradakı obrazlar, hadisələr, təsvirlər xüsusi fantaziyanın məhsuludur. Məhz buna görə "Alisa möcüzələr aləmində" əsəri klassik ədəbiyyat nümunəsi olsa da, hər dövrün uşaqları tərəfindən maraqla oxunur, öz aktuallığını itirmir.