Nağıllar, hekayələr

“Qızılquş və gürzə”

Qızılquş gözəl bir çəməndə gəzirdi, birdən gürzə onu gördü və dedi:
-Qızılquş, gəl dost olaq.
Qızılquş dedi:
-Bizim dostluğumuz tutmaz, çünki sən həmişə əyri durursan. Bir də mənlə dost olmaqda məqsədin nədir?
Gürzə:
-Sənlə dost olub göyə çıxmaq, oradan yerə baxmaq istəyirəm.
 
Qızılquş gürzəni caynağına alıb göyə qaldırdı. Göydə gördü ki, gürzə başını onun qanadının altına uzadıb, onu çalmaq istəyir.
 
Yenə də inanmayıb soruşdu:
-Neynirsən?
Gürzə onu azdırmağa çalışdı, harda olduğunu unutmuşdu, axı mərəzi tutmuşdu.
Dedi:
-Heç, başım gicəlləndi, gözüm qaraldı. Sizlər həmişə göydəsiniz, burdan yerlərə necə ürək eyləyib baxırsınız?
 
Qızılquş onun şirin dilinə aldanmadı, caynaqlarını araladı. Gürzə yerə düşdü, qıvrılıb açıla-açıla dümdüz düzəldi, öldü.
Qızılquş onun dalınca şığıyıb dedi:
-Bax, mən xəyanətkarı belə düz görmək istəyirəm.