Bu maraqlıdır!

Dəfnə gözəl nimfa Dafnadır

Qədim Yunanıstanda dəfnəni müqəddəs ağac sayır, qaliblərin başını dəfnə yarpaqlarından hörülmüş çələnglərlə bəzəyirdilər. 
 
Nəcib dəfnə ağacının vətəni Aralıq dənizi ölkələridir.  Azərbaycanda bu bitki  subtropik rayonlarda yetişir. Qədim Yunan mifologiyasında dəfnə əfsanəvi qəhrəmandır.  
 
Əfsanəyə görə, Yunanıstanın ən qədim allahlarından biri, incəsənətin, poeziyanın və musiqinin himayədarı Apollon əjdaha Pifonu məğlub etdikdən sonra əlində kifara (Qədim Yunanıstanda liraya bənzər simli alət), çiynində gümüş kaman lacivərd səmada uçarkən qızıl yayını çəkməyə hazırlaşan gənc məhəbbət allahı Erosa rast gəlir.
 
Məğrur  Apollon Erosa deyir: “Balaca, belə qorxunc silah nəyinə lazımdır? Bu öldürücü qızıl oxları atmağı mənə həvalə elə.   Mən indicə oxlarımla  Pifonu öldürdüm. Şan-şöhrətdə özünü  mənim kimi oxatana taymı  tutursan? 
 
Eros incik halda Apollona cavab verir: “Apollon, sənin oxların  heç vaxt hədəfdən yayınmır, hamını məğlub edir, amma mənim oxum səni məhv edəcək”.  Eros qızıl qanadlarını çalıb, bir göz qırpımında  məhəbbət oxu ilə Apollonu vurur. Məhəbbəti öldürən digər oxu isə  çay allahı Peneyin  qızı, gözəl nimfa  Dəfnənin ürəyinə vurur.  
 
Bir gün Apollon  gözəl Dəfnə ilə qarşılaşır və ona vurulur. Apollon  Dəfnənin dalınca çox qaçır, onu təqib edir, amma nimfa dayanmır, daha sürətlə qaçmağa başlayır. Apollonun onu haqlayacağını görən Dəfnə allahlardan kömək istəyir. Dəfnənin yalvarışını eşidən allahlar onu ağaca döndərirlər. Nimfanın  zərif vücudu qabıqla örtülməyə başlayır, saçları  yarpaqlara, qolları isə budaqlara çevrilir. Uzun müddət çarəsiz halda  dəfnə ağacının qarşısında dayanan Apollon  sonunda dilə gələrək deyir:
 
“Qoy mənim başımı yalnız  sənin yarpaqlarından hörülmüş  tac bəzəsin, qoy bundan sonra kifaramı da, ox qabımı da sənin yarpaqların bəzəsin. Qoy sənin yarpaqların həmişəyaşıl olsun, Dəfnə. Əbədiyyən yaşıl ol!
 
Bax belə bir əfsanə.
 
Hələ lap qədim zamanlarda  dəfnənin  yarpaq və meyvələrindən  ədviyyat  kimi və müalicə məqsədi ilə istifadə edirlər. Dəfnə yarpaqları və budaqları  qələbə, şöhrət və əzəmət rəmzi sayılır.