Xəbərlər

Kukla Teatrı Yeni ildə balaca tamaşaçıları sevindirəcək

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı kollektivi növbəti tamaşanın məşqlərinə başlayıb.

 

Teatrdan AZƏRTAC-a bildirilib ki, bu dəfə balaca teatrsevərlər isveçli dramaturq, Nobel mükafatı laureatı Ceyms Barrinin “Piter Pen” pyesi əsasında səhnələşdirilən “Piter Pen: Yoxlandiyaya səyahət” adlı tamaşanı izləyəcəklər.

 

Balacaların bədii və cizgi filmlərindən tanıyıb sevdiyi bu sehrli qəhrəman və dostlarının sərgüzəştlərinin səhnə həlli teatrın quruluşçu rejissor Anar Məmmədova məxsusdur.

 

Uşaqlara dürüstlük, humanizm, yardımsevərlik və cəsarət aşılayan tamaşanın əsas ideyası öz gücünə inam və qətiyyətdir.

 

Fərqli kukla texnikası və işıq həlli ilə tərtib olunan tamaşanın quruluşçu rəssamı Əfşan Əsədovadır. Uşaqları sirli nağıllar dünyasına səsləyən bu quruluşda hərəkətli dekorasiyalar da üstünlük təşkil edir.

 

Müxtəlif mexanizmlərlə işlənmiş kuklalardan hazırlanan birhissəli uşaq tamaşasında obrazları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova, Aygül Ağayeva, Elgün Həmidov, Samirə Nəcəfova, Araz Həsənli və Adil Dəmirov canlandırırlar.

 

Musiqi tərtibatı əsasında hazırlanan tamaşa dekabrın ortalarında balacaların ixtiyarına veriləcək.