Görkəmli şəxsiyyətlər

Uluqbəy

Dahi türk-özbək astronomu, riyaziyyatçı Uluqbəy Məhəmməd Tarağay 1394-cü il martın 22-də Sultaniyyədə anadan olub. O, dahi türk sərkərdəsi və fatehi Əmir Teymurun nəvəsi idi. 


Uluqbəy 15 yaşında Səmərqəndin hakimi təyin olunur. 1417-1420-ci illərdə o, Səmərqənddə böyük bir mədrəsə tikdirir və bura islam dünyasından çoxsaylı astronom və riyaziyyatçıları dəvət edir. Uluqbəyin əsas marağı astronomiya, fəza cisimlərinin hərəkəti və vəziyyətinin öyrənilməsi idi. Onu məşhur edən də 1424-1428-ci illərdə Səmərqənddə Kuxak təpəliyində tikdirdiyi rəsədxana oldu. Bu rəsədxana diametri 46 metr, hündürlüyü 30 metrdən artıq olan silindr formasında idi. Bu tikilinin daxilində mərmərdən nəhəng bucaq ölçən – sekstant qurulmuşdu. Onun köməyi ilə Günəşin, Ayın, digər planetlərin və ulduzların koordinatları təyin edilirdi. 1437-ci ildə Uluqbəy “Sultani cədvəlləri” əsərini yazır. Bu, özündə 1000-dən artıq ulduzun koordinatını əks etdirən ulduzlu göyün kataloqu idi. Bu cədvəllərdə ulduzların koordinatları o qədər dəqiqliklə təyin edilib ki, teleskop ixtira edilməmişdən 250 il əvvəl belə dəqiqliyin mümkünlüyünə inanmaq olmurdu. Böyük bir zaman ərzində “Sultani cədvəlləri” dünyada ən dəqiq kataloq kimi istifadə edilib, 1665-ci ildə Oksfordda, eləcə də Avropanın bir çox şəhərlərində dəfələrlə nəşr olunub. 1437-ci ildə Uluqbəy astronomik ilin uzunluğunu 365 gün, 6 saat, 10 dəqiqə, 8 saniyə kimi müəyyən edib. Bu müasir təyindən cəmi 58 saniyə fərqlənir. Uluqbəy 1449-cu il oktyabrın 27-də düşməni Abbas bəy tərəfindən öldürülür. Sonra o, Uluqbəyin şöhrətini məhv etmək üçün Səmərqənd rəsədxanasını da darmadağın etdirir. Lakin Uluqbəyin özündən sonra gələn dünya alimlərini heyrətdə qoyan kəşfləri, məşhur elmi əsərləri heç də it-bata düşmədi. Onlar Uluqbəyin tələbəsi, məşhur Türk astronomu və Səmərqənd rəsədxanasının müdiri olan Əli Quşçu tərəfindən xilas edildi. Əli Quşçu elmi əsərləri götürərək əvvəlcə Herata, oradan da İstanbula gətirdi. Ulduz cədvəlini, o cədvələ aid olan girişi və digər əsərləri çap etdirdi. Həmin əsərlər az sonra Dəməşqdə, Qahirədə çap olundu. Oradan Londona, Parisə, Florensiyaya, Cenevrəyə və nəhayət, bütün dünyaya yayıldı. 


Uluqbəyi yenidən şöhrətləndirən Hindistan racası Çaysinqh olub. Onun əmrilə böyük alimin əsərləri Hindistanda dəfələrlə nəşr edilib yayıldı. O, Uluqbəyin rəsədxanasına bənzər beş rəsədxana tikdirdi. Rəsədxanalara dünyanın hər yerindən astronomlar gətirərək, Uluqbəyin yarımçıq qalmış işlərini davam etdirdi. Uluqbəy rəsədxanasının qalıqları yalnız 500 ildən sonra, 1908-ci ildə arxeoloq V.L.Vyatkin tərəfindən tapılıb. 1948-ci ildə rəsədxananın qalıqları tapılmış təpədə qazıntı işləri aparmaq üçün külli miqdarda vəsait ayrıldı və bu da rəsədxananın tam aşkarlanmasına və onun yenidən bərpasına imkan verdi. Bu, Səmərqənddə Gur Əmir mavzoleyində uyuyan Uluqbəyin ruhuna böyük ehtiram idi.