Xəbərlər

Ümumi təhsil müəssisələrində idman həftəsi

Fevralın 28 –dən martın 4-dək ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçiriləcək.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində keçirilən bu tədbirlərin məqsədi şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.

 

Layihə çərçivəsində tərtib edilmiş proqrama uyğun olaraq məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, maarifləndirmə, görüşlər, müsabiqələr, yarışlar, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək.

 

Qeyd edək ki, layihə təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyətə malikdir.