Xəbərlər

“Gənc olimpiadaçılar qrupunun yaradılması” layihəsi uğurla reallaşdırılır

Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib olmuş “Gənc olimpiadaçılar qrupunun yaradılması” layihəsi uğurla davam etdirilir.

 

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Bakıda yerləşən məktəb, lisey və gimnaziyalarda oxuyan istedadlı şagirdlərin seçilməsi, onların bilik, bacarıq və vərdişlərinin daha da inkişaf etdirilməsidir. Layihənin seçim turunda Bakı üzrə 50-yə yaxın ümumtəhsil müəssisəsindən 300 nəfərədək VII sinif şagirdi iştirak edib.

 

Layihə çərçivəsində beynəlxalq fənn olimpiadaların qalibləri ilə layihədə iştirak edən şagirdlərin və onların riyaziyyat fənn müəllimlərinin görüşü keçirilib. Əvvəlcə Şaiq Həsənovun nümunəvi dərsi dinlənilib. Görüşdə Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, respublika və beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev son illərdə Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda və müxtəlif müsabiqələrdə uğurlu nəticələrindən danışıb. O, layihədə iştirak edən şagirdlərə və müəllimlərə öz tövsiyələrini verərək onlara uğurlar arzulayıb.

 

Layihənin rəhbəri, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin direktoru, professor Nasim Abışov bildirib ki, plana əsasən şagirdlərin online qeydiyyatı üçün elektron proqram təminatı yaradılıb. Şagirdlər seçim turunda iştirak ediblər. Ən istedadlı 24 şagird seçilib və onlara riyaziyyat fənni üzrə dərslər keçirilib.

 

Görüşdə 114 nömrəli tam orta məktəbin direktoru Ceyran Novruzova, beynəlxalq fənn olimpiadalarının qalibləri, Bakı Ali Neft Məktəbinın tələbələri İsmət Ağayev və Murad Rəhimov layihənin əhəmiyyətini qeyd edərək, görülən işləri yüksək qiymətləndiriblər. İ.Ağayev və M.Rəhimov olimpiadalara hazırlıq təcrübələrini layihə iştirakçıları ilə bölüşüblər.

 

Layihənin yekununda iştirakçılara sertifikatların, qaliblərə diplom və hədiyyələrin təqdim olunması nəzərdə tutulub.

 

Xatırladaq ki, təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumtəhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.