Təbiət

Dünyanın ən böyük göyərçini

Viktoriya Taclı Göyərçini (Victoria crowned pigeon- Goura victoria) Yeni Qvineya və ətrafı adalarında dəniz səviyyəsinin aşağı olduğu bataqlıq meşələrdə yaşayır. Goura cinsinin dörd nadir və ən böyük göyərçinindən biridir. Bu quşlar pipiyindəki ağ ucluqlara və boğuq səslərinə görə asanlıqla tanınır. 

Britaniya kraliçası Viktoriyanın şərəfinə adlandırılıb. Viktoriya taclı göyərçini tünd mavi-boz rəngli, qara üzlü və qırmızı gözlüdür. Həm erkəyi, həm də dişisi eyni görünüşə malikdir. Başındakı tac şəkilli  tüklərə görə tovuz quşuna bənzəyir. Əsasən 73-75 sm uzunluğundadır ancaq bəziləri 80 sm və 3.5 kq-a çata bilir. Onlar dünyadakı ən böyük göyərçin hesab edilir. Digər taclı göyərçinlər kimi uçarkən qanadından bərk səs çıxır. 

Bir birləri ilə əlaqə zamanı insan kimi “ummm” yaxud “hmmm” səsləri çıxarırlar. Yemək axtararkən sürü və ya kiçik qrup halında, təlaşsız şəkildə meşədə gəzərlər. Əsasən yerə tökülən meyvələri yeyirlər. Toxumlar və kiçik həşərat, qurdlarla da qidalanırlar. Dişilər yalnız bir ağ rəngli yumurta qoyurlar. 30 gün sonra isə yumurtadan bala çıxır. Nəsli tükənən təhlükəsi altında olan quş kimi Qırmızı Kitaba düşüb.