Təbiət

Afrikanın ən yüksək zirvəsi - Kilimancaro

Tanzaniyada yerləşən və Afrikanın ən yüksək zirvəsi olan Kilimancaronun hündürlüyü 5 890 metrdir. O, Afrika qitəsinin ən yüksək nöqtəsidir. Adının mənası yerli dildə "parıldayan dağ" deməkdir. 
 
Oval şəkilli Kilimancaro massivinin uzunluğu 100 kilometr, eni isə 60 kilometrdir. Ekvatordan cəmi üç dərəcə aralı yerləşməyinə baxmayaraq zirvəsi daim qarla və buzla örtülü olur.
 
Massivin iki ən uca zirvələrindən biri - Kibonun qar papağı sabahın erkən və axşam saatlarında günəş şüaları altında saf gümüş kimi parıldayır. Deyilənlərə görə, keçmişdə yerli tayfalar heç zaman qar və buz görmədikləri üçün Kibоnun zirvəsinin qiymətli metaldan ibarət olduğuna inanırmışlar. Lakin yerli sakinlərdən heç kim bunu yoxlamaq üçün Klimancaroya qalxmağa cəsarət etmirmiş. İnanca görə, dağın yamacları "qara ruhların" məskənidir və onlar rahatlıqlarını pozan hər kəsi amansızcasına cəzalandırır.
 
Klimancaro Hind okeanından əsən rütubətli küləklərin qarşısını alır. Bu zaman rütubət yağış və qar halında dağın yamaclarına düşür. Buna görə də, Kilimancaro bölgəsinin bitki örtüyü ətraf düzənliklərin nəbatatından xeyli fərqlənir.
 
Dağ massivinin ətəklərində nadir çətirvari akasiyaların sıralandığı ot basmış savannalar uzanır. Əriyən buzlaqlardan axan su dərələrində qəhvə və banan tarlaları yerləşir. Bura bölgənin ən çox məskunlaşmış hissəsidir. Dağın 1800 metrdən yuxarı hissələri sıx ekvatorial meşələrlə əhatələnib. Buradan 3000 metr hündürlüyədək olan zonada hər axşam zirvədən axan soyuq və dərədən qalxan isti hava kütlələri toqquşduğundan duman və bulud zolağı yaranır.
 
Keçilməz meşələr, qalın ot örtüyü, sarmaşıqların dolaşdığı iri ağaclar bu yerlərə xüsusi gözəllik verir. İri ağacların sıx yarpaqlarının günəş şüalarının qarşısını aldığı kimsəsiz cəngəlliklərdə meymunlardan və bəbirlərdən tutmuş yekəpər fillərə qədər bütün ekzotik heyvanlar özlərini olduqca rahat hiss edirlər.
 
Hazırda Kilimancaro qlobal istiləşmənin fəsadlarını yaşayır. Ohayo Universitetinin araşdırmalarına görə 1912-ci ildən bu günə qədər zirvədəki qarın 85 faizi əriyib və bu sürətlə 20 il sonra Klimancaroda qardan əsər-əlamət qalmayacaq.