Xəbərlər

“Mir” telekanalının uşaq rəsm müsabiqəsinin azərbaycanlı qalibləri müəyyən olunub

“Mir” telekanalının təşkil etdiyi və MDB ölkələrində keçirilən “Uşaqlar dünyanın rəsmini çəkir” beynəlxalq uşaq rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqədə hər bir ölkə öz qaliblərini müəyyən edir. Azərbaycanda artıq ən istedadlı azyaşlı rəssamların adları elan edilib.

 

AZƏRTAC xəbər verir ki, artıq ənənə halını almış bu uşaq rəsm müsabiqəsində Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Moldova, Qırğızıstan, Ukrayna və Özbəkistandan üç min uşaq iştirak edib. Azyaşlılar 6-9, 10-13 və 14-17 yaşlardan ibarət üç yaş qrupunda yarışıblar. Azərbaycanda Səid Rzayev (“Şərq gözəli” rəsmi), Fatimə İmanzadə (“Yağış” rəsmi), Sahib Fətiyev (“Çiçək bağçası” rəsmi) və Kəmalə Qasımova (“Laləli qız” rəsmi) müsabiqənin qalibləri olublar.

 

Bu il müsabiqənin mövzu dairəsi genişləndirilib: uşaqlar dünyanın mənzərələrinin, Qırmızı kitaba daxil edilmiş heyvanların, atletlərin və sevimli şəhərlərinin görməli yerlərinin rəsmini çəkiblər. Onlar, həmçinin mədəniyyətə, dünya xalqlarının adət-ənənələrinə həsr etdikləri rəsmlər göndəriblər.

 

Müsabiqədə hər bir ölkənin öz qaliblərini seçməsi ilə yanaşı, xalq səsverməsi və telekanalın redaksiyasında keçirilən səsvermə əsasında ayrıca mükafatlar da təsis edilib. Hər bir mükafatçıya üzərində öz rəsmi olan köynək hədiyyə edilir.

 

Qaliblərin tam siyahısı müsabiqənin saytında və “mir24.tv” portalında yerləşdirilib.