Nağıllar, hekayələr

Gülzar İbrahimova. "Kəndli və Şəhərli"

Bir dəfə kəndli siçan Şəncan şəhərdə yaşayan dostu Cancanı qonaq çağırdı. Cancan maraqla kəndə gəldi. O, heç vaxt kənddə olmamışdı.
Şəncan qonağını sevinclə qarşıladı. Ona süfrə açdı. Dadlı pendir, süd, nehrə yağı, qaymaq gətirdi. Cancan yeməklərə baxıb soruşdu:
- Sən sosiska, kolbasa yemirsən?
- Yox, mən onları xoşlamıram, çox vaxt köhnə olurlar!
Yeməkdən sonra Cancan soruşdu:
- Kənd yaman sakitlikdir! Şəncan, necə qalırsan kənddə, darıxmırsan?
- Yox, darıxmıram, mən kəndsiz darıxaram!
- İndi biz kənddə neyləyəciyik? – Cancan sual verdi.
- Dağları, dərələri gəzəcəyik!
- Dağlarda maraqlı nə olur ki?
- Yaxşı, meşəyə gəzməyə gedərik!
- Orda nə var ki?
- Gedək, görərsən!
Cancan və Şəncan meşəyə getdilər.
Meşə çox gözəl idi. Quşlar cəh-cəh vurur, oxuyurdular.
Amma Cancan meşədə də darıxdı:
- Bura yaman darıxdırıcıdır!
- Hər tərəf yamyaşıldır, quşlar oxuyur, hava gözəl, burda necə darıxmaq olar?
- Çox sakitlikdi, ona görə darıxıram!
- Yaxşı, gedək! Səni daha maraqlı bir yerə aparacağam!
- Gedək!
Şəncan qonağını buğda anbarına apardı. Burda bir hay-küy var idi ki... Yeyən, içən, çalan, mahnı oxuyan, oynayan, hamı bir-birinə qarışmışdı. Cancan təəccüblə soruşdu:
- Bu tövləyə nəyə gəldik? Burda heç kəsi tanımıram. Mənim üçün darıxdırıcı olacaq, gəl gedək!
- Hamı şənlənir, gəl biz də rəqs eləyək, şənlənək!
Şəncan nə qədər desə də, bütün bunlar Cancanın heç xoşuna gəlmədi. Bir tərəfdə bikefdayandı. Şəncan bilmədi neyləsin ki, qonağı darıxmasın, axırda onu yatmağa apardı. 
Hətta yatanda da Cancan narazı qaldı, gileyləndi:
- Yatağım yaman narahatdır, belə yerdə yatmağa heç öyrəşməmişəm, – deyib, səhərə qədər o tərəf-bu tərəfə çevrildi.
Səhər oyanan kimi Cancan paltarlarını yığışdırmağa başladı.
- Neyləyirsən? – Şəncan soruşdu.
- Kənddə darıxdım, qayıdıram. Sənə də məsləhət görürəm, gələsən şəhərə!
- Necədir ki, şəhər?
- Olmamısan şəhərdə?
- Yox!
- Şəhər çox maraqlıdır. Yoldan çoxlu avtobus, maşın keçir. Küçələrdə o qədər uşaq var ki... Mağazalarda sosiska, kolbasa, dondurma doludur. Parklarda karusellər var.
- Çox maraqlıdır!
- Əlbəttə maraqlıdır, gedək şəhərə, indi də sən mənim qonağım ol!
- Gedək!
Cancan və Şəncan şəhərə yola düşdülər. Şəncan şəhəri görəndə təəccübləndi. Burda elə hündür binalar var idi ki, baxanda boynun əyilirdi. Maşınlar – nə qədər maşın var idi, saymaq olmurdu. Maşınların səsi, onların qoxusu Şəncanın xoşuna gəlmədi:
- Sən burda necə yaşayırsan? Bu səs-küy səni yormur?  

Cancan gülüb dedi:
- Mən bu səsə adət eləmişəm, sakitlik olanda darıxıram!
- Mən isə lap başımı itirdim!
- Onda gəl, sirkə gedək! Sirk xoşuna gələcək!
- Orda neyləyirlər?
- Sirkdə məzhəkəçilər (klounlar) var. Kəndirbazlar kəndirin üstü ilə gedirlər, yıxılmırlar! Gedək, görəcəksən, çox maraqlıdır! Sən ömründə belə şey görməmisən.
- Gedək!
- Minək maşına, maşınla gedək, sirk uzaqdadır!
Onlar sirkə getmək üçün taksiyə mindilər. Taksi hər dəfə fit (siqnal) verəndə Şəncan dik atılırdı. Nəhayət, gəlib sirkə çatdılar. Sirkdə heyvanların, quşların qəfəsə salınması, bərk musiqi səsi kənd siçanının heç xoşuna gəlmədi və soruşdu:
- Sirk gec qurtaracaq?
Cancan səs-küydən onu eşitmədi. Hətta gecə də maşınların səsi Şəncanı rahat yatmağa qoymadı. Bir sözlə, şəhər həyatı da Şəncanın xoşuna gəlmədi:
- İncimə, dostum, sənin şəhər həyatın heç mənə xoş gəlmədi.
- Maraqlıdır, mən də kəndi xoşlamadım!  

Şəncan kəndə çatanda sevindi.
Şəhər siçanının kənd, kənd siçanının şəhər xoşuna gəlmədi.
- Bir də kəndə getmərəm, – Cancan dedi.
- Bir də şəhərə getmərəm! – Şəncan dedi.