Bu maraqlıdır!

Huakaçina “Amerikanın oazisi”

Huakaçina (Huacachina) — planetin ən sərin və quru sayılan “Seçura” səhrasında, Perunun cənub-qərbindəki İka bölgəsində yerləşən kiçik bir şəhərdir. Şəhər daha çox “Amerikanın oazisi” kimi tanınır. Əhalisi 115 nəfərdir. Ərazisi 163200 kvadrat metrdir.


Huakaçina səhrada kiçik təbii göl ətrafında qurulmuş bir şəhərdir. Göl sayəsində həyatda qalan gözəl bir şəhərcik olmasıyla yanaşı, heyrətamiz görünüşü ilə də özünə turist cəlb etməkdədir. Oazis gözəl qumlar və palma ağacları ilə əhatə olunub. Şəhərin ərazisində bir çox park, otellər, mağazalar, hətta kitabxana belə var. 


Yağıntı bir neçə ildən bir buraya düşür. Səhranın ortasında bir şəhərin necə meydana gəlməsi ilə əlaqədar bir çox əfsanələr var. Əfsanələrin birinə görə, gözəl şahzadə qız hovuzda üzürmüş, qəflətən bir gənc ovçunun təəccüblü baxışını hiss edir. Utancaq qız tələsik şalını çiyninə atıb qaçır. Həmin andan hovuz gözəl bir gölə, şahzadənin uzun şalının şleyfi isə qum təpələrinə çevrilir. Digərində isə belə deyilir ki, həmin bu yerdə qabaqlar bir bulaq olur. Gözəl şahzadə bulaqda çimmək istəyir. Güzgüdə özünə baxarkən, güzgü qırılıb bulağa düşür və gözəl bir gölə çevrilir. Qız özü isə su pərisinə çevrilərək həmin göldə yaşayır. Su pərisinin şərəfinə abidə də qoyulub.


1940-cı illərdən şəhərcik varlı Perular üçün istirahət mərkəzinə çevrilib. Deyilənə görə gölün müalicəvi xüsusiyyətləri var. Artrit, revmatizm, astma, bronxit kimi bir çox xəstəliklərin sağalmasına kömək edir.
Oazis Perunun milli pul vahidi olan 50 solun arxa hissəsində də təsvir edilib.

Oazis milli mədəni irs kimi elan edilib.