
Səməni sözü mənşəyinə görə Sem/Som kökündən törəmişdir. Doluluq, saflıq bildirir. Monqol dilində isə söz semen şəklindədir. Monqolcada sem gizlilik, sirr mənaları daşıyır. Som/Soma sözü türk dilində özündə qürur, şərəf və iz, işarə kimi mənaları da ehtiva edir.
Qədim Azərbaycanda "həyat və əbədiyyət çiçəyi” hesab edilmiş səm (səmən) çiçəyi təbiətin başlandığını göstərdiyinə və bir sıra təbii-müalicə xüsusiyyətlərinə görə müqəddəs hesab edilmişdir.Qədim azərbaycanlı səmi, yazın başlanması, təbiətin "dirilməsi” simvolu olmaq mənasında "həyat və əbədiyyət” çiçəyi adlandırmış, onun özünün, çubuqlarının, şirəsinin və ondan hazırlanmış xüsusi "xörəyin” ömür uzatmaq qabiliyyətinə malik olduğuna etiqad etmişdir.
İndi süfrəmizə bəzək kimi qoyulan səməni bütün dünyada həyat və sağlamlıq rəmzi kimi məşhurdur.
Novruz bayramı süfrəsinə qoymaq üçün əsasən "Səməni”, yaxud "Suman” halvası bişirilir...
Keçmişdə səməninin istər əzilib şirəsinin çıxarılmasında, istərsə də bişirilməsində bütün el iştirak edirdi. Buna qatılan un da bir evdən deyil, iştirak edən bütün evlərdən yığılır. Səməninin içərisinə sındırılmış badam, bu mümkün olmadığı təqdirdə isə, sındırılmış fındıq salırlar. Hər evə verilən paya bundan da mütləq bir dənə salınmalıdır. Lakin bir adət olaraq bunu yeməzlər, gələn il səməni vaxtına qədər saxlayarlar. Xalq buna xeyir-bərəkət gətirən bir amil kimi baxır.
18.04.2019