Yarasa
Yarasalar cücüyeyən heyvanlardır. Xalq arasında onlara gecəquşu da deyirlər. Gündüzlər onlar plaşa bənzəyən enli qanadlarına bürünüb oyuqlarda, taxtapuşlarda, qaranlıq yerlərdə başıaşağı asılır, gecələr isə uçub xırda cücüləri ovlayırlar. Onlar tez-tez qanad çalaraq, havada səssiz-səmirsiz hərlənirlər. Bu vaxt quşların çoxu yatmış olur, bir çox zərərverici cücülər isə məhz gecələr uçuşurlar. Buna görə də yarasaların “işi” xüsusilə faydalıdır.
Bəs, onlar qaranlıqda öz ovlarını necə görürlər? Bir dəfə alimlər belə bir təcrübə aparıblar: bu heyvanların gözlərinin üstünü örtüblər. Sonra yarasaları bir-birinə yaxın zınqırovlar asılmış iplər çəkilən otağa buraxıblar. Yarasalar otaqda uçub, lakin zınqırovlardan heç biri səslənməyib: kəndirlərdən heç birinə toxunulmayıb. Deməli iş, görməkdə deyilmiş. Bəs nədədir? Sən demə yarasalar uçarkən ultrasəslər çıxarırlar. Əgər qarşıda bir maneə, yaxud cücü varsa, ultrasəs ondan əks olunur, bunu yarasanın xüsusi orqanı qəbul edir və heyvan qarşısındakı hərəkət etməyən maneənin yanından ötüb keçir, yox, əgər cücüdürsə, üstünə cumub onu elə havada uça-uça tutur. Müasir gəmilərdə elə bu qayda ilə işləyən bir cihaz var. Həmin cihaz qatı dumanda da qayanı, aysberqi (buz dağını) və ya başqa təhlükəni aşkar etməyə imkan verir.
Ölkəmizdə yarasaların 24 növü məlumdur. Yarasa meşə və kənd təsərrüfatı zərərvericilərini məhv etdiyi üçün xeyirli heyvan sayılır və mühafizə olunur.
05.08.2019