Xalq yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində dünyaya göz açıb.
1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olub. 1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin 1948-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan gizli təşkilatın yaradıcılarından biri kimi ittiham edilərək, məhkəmə hökmü ilə 25 illik həbs cəzasına məhkum edilib. O, yalnız 8 il sonra, 1956-cı ildə tam bəraət qazanıb Azərbaycan Dövlət Universitetinin aspiranturasına bərpa edilib.
Gülhüseyn Hüseynoğlu 1945–1947-ci illərdə “Ədəbiyyat qəzeti” redaksiyasında, 1947–1948-ci illərdə isə Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləyib.
Yaradıcılığa “Ana” adlı ilk hekayə və “Bənövşə əfsanəsi” adlı ilk mənsur şeirlə başlayan Gülhüseyn Hüseynoğlu 30-a yaxın kitabın müəllifidir.
Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, o cümlədən 2005-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.
Gülhüseyn Hüseynoğlu 2013-cü il iyulun 8-də vəfat etsə də, Azərbaycan xalqının yaddaşında bir örnək kimi həmişə yaşayacaqdır.
01.11.2019