Modest Petroviç Musorqski
Modest Petroviç Musorqski 21 mart 1839-cu ildə Rusiyanın Karevo kəndində anadan olub. Məşhur və varlı ailənin övladı olan Modestin atası böyük torpaq sahibi idi. O, musiqi ilə altı yaşında tanış olub. İlk piano dərslərini peşəkar pianoçu olan anasından alıb. Musorqski yeddi yaşında olarkən Lizstin bəzi əsərlərini ifa edə bilirdi. Amma atası onun hərbçi olmağını istəyirdi. Bu səbəblə 1849-cu ildə Sankt-Peterburq hərbiyə hazırlıq məktəbinə yazdırıb. 13 yaşında isə o, artıq hərbi məktəbə daxil olub. 1856-cı ildə, 4 çətin ildən sonra məzun olan Musorqski o zamanlar Rusiyanın ən məşhur alaylarından biri olan Preobrajenski Mühafizə Alayına qatılıb.
Alaydakı musiqisevər zabitlərlə dostluq edən Modest digər məşhur rus bəstəkarı A.Borodinlə də burada tanış olub. Həmin il o, həmçinin Qlinkadan sonra ən əhəmiyyətli rus bəstəkarı hesab olunan Aleksandr Sergeyeviç Darqomıjskidən musiqi dərsləri almağa başlayıb.
O, 1858-ci ildə özünü tamamilə musiqiyə həsr etmək üçün ordudan ayrılıb. 1861-1862-ci illərdə Rimski-Korsakov, Balakirev, Borodin, Cui və Musorqski “Rus Beşləri” qrupunu yaradıb. O, ilk opera sınağını Floberin “Salammbo” və Qoqolun “Jenitba” (“Evlənmə”) əsərlərinə bəstə yazmaqla edib.
Musorqski öz fəaliyyətində, yaradıcılığında hər zaman vətəninə, millətinə sədaqətini təsdiq edirdi. O, əsərlərində haqqı, ədaləti, həqiqəti üzə çıxarmağa çalışırdı. Musiqilərində ritm, quruluş olaraq rus xalq musiqilərinin təsiri hiss olunurdu.
1868-ci il onun tam olaraq musiqiyə başladığı dövr sayılır. Modest bu dövrlərdə yazdığı “Uşaq otağı” musiqi ilə məşhurlaşıb. Amma o, əsl şəxsiyyətini və böyük istedadını 1868-1872-ci illərdə yazdığı “Boris Qodunov” operası ilə ortaya çıxarıb. Puşkinin eyni addakı əsərinə yazdığı opera, bəzi mənbələrə görə, musiqidə empresionizmin başlanğıcı kimi göstərilir.
Cəmiyyətin eybəcərliklərini, iç üzünü cəsarətlə açıb göstərən bəstəkar çox zaman acı gülüşdən, istehzadan, satiradan güclü vasitə kimi istifadə edib. "Seminarist", "Keçi", "Birə" kimi vokal musiqiləri, "Unudulmuş" vokal ballada, "Ölüm mahnıları və rəqsləri" silsiləsindən olan "Serenada", "Trepak" kimi romanslar, "Kalistrat", "Yeryomuşkanın laylası" buna misaldır.
Musorqskinin “Boris Qodunov” əsərindəki Boris, Marfa kimi mürəkkəb xarakterlər, həmçinin "Günəşsiz" silsiləsinin romansları onun psixoloji dərinliyi ilə seçilən faciəvi obrazlar yaratmaq məharətini də nümayiş etdirir.
28 mart 1881-ci ildə 42 yaşında Nikolaev hərbi xəstəxanasında dünyasını dəyişib.